ARDNŞ əməkdaşlarına pulsuz tibbi yardım göstəriləcək

ARDNŞ əməkdaşlarına pulsuz tibbi yardım göstəriləcək

ARDNŞ işçilərini yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etmək məqsədi ilə "PAŞA Sığorta" ASC ilə könüllü tibbi sığorta müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, "Paşa Sığorta" ASC sığorta şəhadətnaməsi qüvvədə olduğu müddətdə ARDNŞ-nin işçilərinə tibb xidmətlərin göstərilməsini təşkil edəcək və bu xidmətlər üzrə ödənişləri öz üzərinə götürəcək. SİA-nın ARDNŞ-ə istinadən verdiyi məlumata görə, könüllü tibbi sığorta proqramı üzrə neftçilərə təcili tibbi yardım, stasionar yardım, ambulator-poliklinik yardım, vaksinasiya, hamiləlik və doğuş, illik dövrü tibbi müayinə və s. tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub. Hazırda sığorta olunmuş işçilər tibbi xidmətlərin göstərilməsi üçün Mərkəzi Neftçilər Xəstəxanasına və Mərkəzi Klinik Xəstəxanaya şəxsiyyəti təsdiq edən sənəd və ya ARDNŞ-nin xidməti vəsiqəsini təqdim etməklə müraciət edə bilərlər. Martın 1-dən etibarən sığorta olunan işçilər tibbi xidmətlərin göstərilməsinin təşkili üçün Sığorta Şirkəti tərəfindən təqdim olunacaq məlumat kitabçası əsasında Bakı şəhərində fəaliyyət göstərən 20-dən artıq tibb müəssisəsinə müraciət edə biləcəklər.



Bütün xəbərlər Facebook səhifəmizdə