Aydın Hüseynov: “Ötən il Azərbaycan özünün ən böyük qələbəsini BMT-yə qeyri-daimi üzv seçilməklə əldə etdi” - MÜSAHİBƏ

Aydın Hüseynov: “Ötən il Azərbaycan özünün ən böyük qələbəsini BMT-yə qeyri-daimi üzv seçilməklə əldə etdi” - MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, iqtisadçı Aydın Hüseynovun SİA-ya müsahibəsi


- Aydın müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir sıra məsələlər geniş şəkildə müzakirə olundu. Bu il ölkə iqtisadiyyatında hansı uğurları gözləmək olar?


- Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən geniş müşavirəsində cənab prezident 2011-ci ildə iqtisadi sahədə baş verən mühüm hadisələri və əldə olan nailiyyətləri qeyd etməklə yanaşı 2012-ci ildə qarşıda duran prioritetləri də müəyyənləşdirdi.

Qeyd edim ki, 2011-ci il ölkəmiz üçün çox uğurlu il oldu. Belə ki, ötən il dünya və Avropa iqtisadiyyatında çox gərgin anlar yaşandı. Portuqaliyada, İspaniyada, Yunanıstanda və ümumilikdə götürdükdə avrozonaya daxil olan ölkələrin hər birində böhran oldu. 2011-ci ilin oktyabr ayında isə bu böhran özünün pik nöqtəsinə çatdı. Hətta iqtisadi böhran sosial gərginlik yaşayan insanların küçələrə çıxmasına, etiraz aksiyaları keçirməsinə səbəb oldu. Bu paralelləri apardıqda görmək olar ki, Azərbaycanda əksinə 2011-ci il həm siyasi, həm iqtisadi baxımdan yadda qalan və uğurlu il oldu. Ötən il Azərbaycan özünün ən böyük qələbəsini BMT-yə qeyri daimi üzv seçilməklə əldə etdi. Bu, ölkəmizin siyasi, diplomatik qələbəsidir.

İqtisadiyyat sahəsinə gəlincə isə, 2011-ci ildə ölkəyə 20 milyard dollar investisiya qoyulub. Qoyulan investisiyanın 13 milyard dolları yerli investorların hesabına, 7 milyardı isə xaricdən cəlb olunan sərmayələrdir. Ölkənin qeyri-neft sektorunda 9,4 faiz artım qeyd olunub. Bildiyiniz kimi 2011-ci ildə dövlət büdcəsinə yenidən baxılıb. Büdcənin həm gəlir, həm də xərclər hissəsində artımlar oldu. Bu artımlar isə əmək haqlarının, təqaüdlərin artırılmasına, ümumiyyətlə, büdcədən maliyyələşən idarə və təşkilatlarda, qurumlarda çalışan insanların maaşlarının yüksəldilməsinə yönəldildi. İlin sonuna yaxın isə minimum əmək haqları 10 faiz artırıldı. Bununla yanaşı isə əhalinin pul gəlirləri artdı. Gəlirlə müqayisədə inflyasiyanın tempi isə 7,9 faiz həddində müəyyənləşdi, yəni stabilləşdi. Buradan aydın şəkildə görünür ki, əhalinin 20 faiz pul gəlirləri artıb, 8 faiz isə investisiya həddi müəyyənləşib. Deməli əhalinin pul gəlirləri inflyasiyanın tempindən yüksəkdir.


- 2012-ci ildə hansı yenilikləri gözləmək olar?


- Qeyd edim ki, 2012-ci ilin bu gününə olan göstəricilərinə görə dövlət büdcəsinin gəlir hissəsi 15 milyard 438 milyon manat həcmindədir. Xərc hissəsi isə 16 milyard 72 milyon manat həcmində müəyyənləşdirilib. 2012-ci ildə də həm sosial tədbirlərinin, həm investisiya xərclərinin həyata keçirilməsi üçün kifayət qədər büdcə vəsaiti formalaşdırılıb. Bu il dövlət büdcəsindən 5,7 milyard manat investisiyaya yönəldilən xərclər nəzərdə tutulub.

Bu il böyük layihələrin həyata keçirilməsi də gözlənilir. Cənab prezident də öz çıxışında vurğuladı ki, bu il yerli məhsullarımız ekoloji baxımdan təmiz məhsul kimi xarici ölkələrə ixrac olunacaq. Bu il peykimizin orbitə buraxmaqla ilin uğuruna imza atılacaq. Orbitə peykin buraxılması 2025-ci ildə ölkəyə heç də neftdən az olmayan gəlir gətirəcək. 2012-ci ildə manatın möhkəmliyinin qorunub saxlanılması, sosial, infrastruktur, eləcə də investisiya layihələrinin də nəzərdə tutulub.


- Bu ayın sonunda Avropa İttifaqının İran neftinin idxalına embarqo qoyarsa dünya bazarında neftin qiymətinin bir necə dəfə artacağını proqnozlaşdırılır. Dünya bazarında neftin qiymətinin artması Azərbaycana hansı təsiri göstərə bilər?


- Azərbaycan neft ixrac edən ölkədir və dünya bazarında Azərbaycan nefti keyfiyyətli neft olaraq yüksək qiymətə satılır. Əgər strateji məhsulumuz olan neft dünya bazarında bahalaşırsa bu iqtisadiyyatımıza gəlir gətirən bir hadisə kimi qiymətləndirmək olar. Xatırlayırsınızsa 3 il bundan əvvəl neftin dünya bazarında qiyməti 180 dollara qalxdı. İndi isə qiymət 110 dollar həcmindədir. Neftin qiymətinin qalxdığı bir dövrdə Azərbaycanın dollar yağışı altında özünü itirəcəyini, hiperinflyasiya baş verəcəyini və ya Azərbaycanın öz iqtisadiyyatını tənzimləyə bilməyəcəyini düşünənlər yanılırlar. Bildirmək istəyirəm ki, bu proses baş verərsə əksinə Azərbaycan öz iqtisadiyyatını və milli valyutasını çox düzgün və düşünülmür maliyyə-kredit siyasəti nəticəsində vaxtı ilə qoruduğu kimi, yenə də qoruyacaq və ölkədə inflyasiya baş verməyəcək. Artıq Azərbaycanın bu məsələdə təcrübəsi var və bu proseslərin tənzimlənməsi üçün konkret hansı addımların atılacağı düşünülüb. Ona görə də, neftin qiymətinin artması ölkəmizə heç bir mənfi təsiri olmayacaq. Neftin qiyməti artarsa ölkəyə idxal olunan məhsulların qiyməti artmasına gəlincə isə, bu artımı qarşılamaq üçün nefti də baha qiymətə ixrac olunacaq və bu amil problemi qarşılamağa imkan verəcək.

Onu da deyim ki, Azərbaycan iqtisadiyyatını neft amilindən asılı olduğu vurğulayanlar öz ehtimallarında yanılırlar. Çünki büdcə gəlirlərinin xeyli hissəsi neftlə yanaşı, qeyri-neft sektorundan əldə olunan vəsaitlər hesabına formalaşır. Artıq kənd təsərrüfatı, özəl sektorun inkişafı normal həddədir və büdcənin formalaşmasında mühüm rol oynayır. Bu səbəbdən də ölkə iqtisadiyyatını heç bir təhlükə gözləmir.

Bütün xəbərlər Facebook səhifəmizdə