SOCAR-ın idarəsi beynəlxalq statusa malik sertifikat vermək hüququ alıb
Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) beynəlxalq statusa malik sertifikatlar vermək hüququ qazanıb. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, idarə tərəfindən verilən sertifikatların Azərbaycanla bərabər dünyanın digər ölkələrində də tanınması məqsədi ilə TS EN ISO/IEC 17024 "Personal Sertifikatlandırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar" və TS EN 287-1 "Qaynaqçıların bacarıqlıq sınağı" standartlarının tətbiqi istiqamətində zəruri tədbirlər görülüb.
Məlumata görə, bütün sənədləşmə işləri başa çatdırılıb və akkreditasiyanın uzadılması məqsədi ilə Türk Akkreditasiya Qurumuna (TÜRKAK) müraciət olunub:
"TÜRKAK-ın və Türk Standartlar İnstitutunun təcrübəli auditorları və mütəxəssisləri tərəfindən noyabrın 23-24-də TTSİ-də akkreditasiya auditi keçirilib. Auditin nəticəsinə görə, "Personal Sertifikatlandırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar" və "Qaynaqçıların bacarıqlıq sınağı" standartının tətbiqi istiqamətində görülmüş işlər yüksək qiymətləndirilib".
Artıq TTSİ tərəfindən qaynağın bütün növləri üzrə verilən sertifikatlar beynəlxalq statusa malik olacaq, bu İdarədə beynəlxalq sertifikat almış hər bir qaynaqçı dünya ölkələrində yüksək səviyyəli peşəkar kadr kimi qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB