Avtomobil bazarında tələbin artımı qiymətlərin artımına təsir göstərib

Avtomobil bazarında tələbin artımı qiymətlərin artımına təsir göstərib

Oktyabr ayı ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında artım qeydə alınıb. SİA-nın xəbərinə görə, ay ərzində bazara təklif 3.2% azalıb. Təklifin tələbi üstələmə tendensiyası davam etsə də, ötən aylarla müqayisədə avtomobil bazarında tələbin artımı müşahidə olunub.

Tələbin artımı və bazarda dinamikanın yüksəlməsi qiymətlərin də artımına təsir göstərib. Oktyabr ayı üçün bazarda orta qiymət əvvəlki ayla müqayisədə 2.1% artaraq 15725 dollar təşkil edib. Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 13100-dən artıq avtomobilin cəmi 30,2%-i bazara məhz oktyabrda təklif olunub. Digər 69,8%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası "Mercedes-Benz"in təklif üzrə payında əvvəlki ayı ilə müqayisədə 1,7% azalma müşahidə edilib, bu markanın ümumi portfeldə payı 32,2% təşkil edib. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklifin azalması qeydə alınıb. Təklif üzrə ən çox artım (14.0%) "Mitsubish" markalı avtomobillərdə qeydə alınıb. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi "Mercedes-Benz" ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur. Ümumilikdə 9 markanın təklif üzrə payı 83,7% təşkil edib. Yerdə qalan 16,3%-i isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür. Ekspertlər hesab edirlər ki, ili köhnə avtomobillərin hələ də bazarda yüksək paya sahib olmasına baxmayaraq, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə