Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş \"2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı\"nda Bakı şəhərinin və qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədilə müvafiq tədbirlərin görülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib. SİA-nın xəbərinə görə, dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasının təmin edilməsi, Bakı qəsəbələrində sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu \"Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi\" mövzusunda tədbirlərini davam etdirir. Sahibkarlığa Kömək Milli Fondu avqustun 17-də Bakı şəhərinin Səbail rayonu Badamdar qəsəbəsində növbəti 6-cı tədbirini keçirib. Tədbirdə Səbail rayonunun qəsəbələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Abşeron rayonunun Binə qəsəbəsindəki \"Abşeron\" Kənd Təsərrüfatı Məhsullarının İstehsalı Müəssisəsinin illik istehsal gücü 4 min ton quş əti istehsalı olan quşçuluq təsərrüfatında aparılan son tamamlama işlərinə və Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən illik istehsal gücü 3 min ton quş əti və 18 milyon ədəd əmtəə yumurtası olan \"Hövsan Quşçuluq\" MMC-də aparılan yenidənqurma işlərinə baxış keçirilib.

Tədbirdə həmçinin, Səbail rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan iki istiqamət üzrə - müasir çörək istehsalı müəssisəsinin, kiçik həcmli müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev dövlət başçısının Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqəti yüksək qiymətləndirib, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində sürətlə inkişaf edən ölkəmizin bütün regionlarında olduğu kimi, Bakı şəhərinin qəsəbələrində də sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektlərinin yaradılmasına, əhalinin iqtisadi aktivliyinin, məşğulluq səviyyəsinin və maddi-rifahının yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyini qeyd etmiş və qəsəbə sakinləri adından dövlət başçısına minnətdarlığını bildirib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndiyini, davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdığını qeyd etmiş, sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev \"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı\"na uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş layihələr, o cümlədən Səbail rayonunda dövlətin güzəştli kredit vəsaitləri hesabına maliyyələşdirilməsi prioritet hesab olunan sahələr barədə məlumat verib. Qeyd olunub ki, güzəştli kreditlər hesabına 1102 investisiya layihəsinin maliyyələşdirilməsinə 92,1 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 57 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 77,4 milyon manat və 1045 kiçik həcmli investisiya layihəsinin qəsəbələr üzrə 145 investisiya layihəsinin maliyyələşdirilməsinə 23 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 19 böyük və iri həcmli investisiya layihəsinin (5 çörək istehsalı müəssisəsinin, 7 istixana kompleksinin, 4 quşçuluq təsərrüfatının, 1 ət emalı, 1 mebel istehsalı müəssisəsinin yaradılmasına və digər sahələrin inkişafı yönümlü layihələrin maliyyələşdirilməsinə) maliyyələşdirilməsinə 21,6 milyon manat və 126 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 1,4 milyon manat güzəştli kredit verilib. Şirzad Abdullayev iqtisadiyyatın prioritet sahələri üzrə təqdim ediləcək investisiya layhələrinin güzəştli şərtlərlə maliyyələşdiriləcəyini bildirmiş, sahibkarları maraqlandıran sualları cavablandırıb. Dövlət 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə 14,7 milyon manat güzəştli kredit ayrılıb.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Səbail rayonuna aid qəsəbələrdə və digər Bakı qəsəbələrində fəaliyyət göstərən 23 sahibkarlıq subyektinə 1,4 milyon manata yaxın güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 81 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə