“AKKORD” korporativ idarəetmə standartlarına əsaslanan idarəçilik sisteminə keçib

“AKKORD” korporativ idarəetmə standartlarına əsaslanan idarəçilik sisteminə keçib

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC korporativ idarəetmə standartlarının tətbiqini davam etdirməklə yeni təşkilati idarəetmə strukturunun formalaşdırılmasını başa çatdırıb. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentindən SİA-ya verilən xəbərə görə, yeni strukturda Səhmdarların Ümumi Yığıncağının, Direktorlar Şurasının, İdarə Heyətinin, Audit Komitəsinin, Risklərin İdarəedilməsi Komitəsinin və digər struktur vahidlərinin fəaliyyət qaydaları əsasnamələrə və qaydalara müvafiq həyata keçirilməklə müasir tələblərə uyğunlaşdırılıb.

Risklərin idarəedilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə "Akkord" Korporasiyası daxili nəzarət funksiyasını gücləndirmiş və genişləndirib. Həmçinin, maliyyə və İT risklərinin, əməliyyat risklərinin, layihə idarəetmə və sairə risklərin qiymətləndirilməsi, tənzimlənməsi mexanizmləri tətbiq edilmişdir. Bundan başqa, Korporasiyada investisiya siyasətinin təkmilləşdirilməsi və açıq tender prosedurlarının tətbiqi həyata keçirilib.

Korporasiyada Daxili Audit Funksiyası da əsaslı təkmilləşdirilib. Hazırda Daxili Audit Funksiyası şaxələndirilməklə maliyyə, tikinti, istehsalat və digər sahələr üzrə qərarvermə proseslərini, xərclərin effektivliyini və səmərəliliyini, risklərin idarəedilməsini, qanun və prosedurlara riayət olunmasını və ümumilikdə Korporasiyanın maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyini qiymətləndirir və tövsiyələrini verir.

"Akkord" Korporasiyası eyni zamanda Korporativ İdarəetmə Standartlarının tətbiqi sahəsində beynəlxalq maliyyə təşkilatlarlı ilə də birgə əməkdaşlıq layihələrin həyata keçirilməsini planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə