Ziyad Səmədzadə: “Azərbaycanda daşınmaz əmlaklara düzgün qiymət qoyulmur”
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "Qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi. Müasir beynəlxalq təcrübə" mövzusunda beynəlxalq konfrans keçirir. SİA-nın xəbərinə, konfransada çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatı haqqında geniş məlumat verib. O, qeyd edib ki, azad bazar sistemində qiymətlərin tənzimlənməsi prosesi çətin gedir: " Bu zəmində dövlət ilk növbədə azad bazar şəraitində qiymətlərin tənzimlənməsinə mülayim yanaşmalıdır. Çünki qiymətlərin düzgün tənzimlənməməsi dövlətin iqtisadiyyatının inkişafına problemlər yarada bilər. Bunun üçün qiymətlərin nizamlanması önə çəkilməli və qiymətlərin reallığı təmin olunmalıdır. Həmçinin Azərbaycanda torpaq bazarı, torpaq münasibətlərinin hüquqi tənzimlənməsi, daşınan və daşınmaz əmlak bazarında düzgün qiymətləndirmənin aparılmaması problemi də mövcuddur".
Milli Məclisin İqtisadi siyasət komitəsinin digər üzvü Xanhüseyn Kazımlı isə çıxışında Azərbaycanda qiymətləndirmə fəaliyyətinin inkişaf mərhələləri haqqında danışıb. Qiymətləndiricilər Cəmiyyətinin vitse-prezidenti İbrahim Quliyev təmsil etdiyi cəmiyyətin respublikada qiymətləndirmə fəaliyyətinin elmi-metodiki, normativ-hüquqi və beynəlxalq təcrübənin ölkədə yayılması məqsədi ilə mühüm işlər gördüyünü bildirib. O, qeyd edib ki, Azərbaycanda peşəkar qiymətləndiricilərin sertifikatlaşdırılmasının təşviq edilməsi və qiymətləndirmə fəaliyyətinin müasir beynəlxalq təcrübə ilə tanış olması vacibdir. Rusiya Qiymətləndiricilər Cəmiyyətinın vitse-prezidenti İqor Artemenkov isə Rusiya qiymətləndirmə fəaliyyətinin formalaşması: lisenziyalaşdırma, özünütənzimlənmə, sertifikatlaşdırma, mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra çıxış edənlər qiymətləndirmə fəaliyyətinin iqtisadiyyatdakı rolu, qiymətləndiricilərin özünütənzimləyən təşkilatının əhəmiyyəti, Qiymətləndirici təşkilatların beynəlxalq assosiasiyaları, qiymətləndiricilərə təlim, sertifikatlaşdırma və nəzarət, qiymətləndirmə - ölkənin maliyyə sistemi risklərinin azaldılması aləti və digər məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, beynəlxalq tədbirdə MDB və Avropa ölkələrinin nümayəndələri öz təcrübələrini bölüşmək və yeni işgüzar əlaqələr qurmaq məqsədi ilə iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB