Azərbaycan və İİB strateji çərçivə sənədinin formalaşdırılmasını müzakirə edib - FOTO

Azərbaycan və İslam İnkişaf Bankı (İİB) arasında növbəti 10 il (2026-2035-ci illər) üçün strateji çərçivə sənədinin formalaşdırılması müzakirə edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazirin I müavini Elnur Əliyev Səudiyyə Ərəbistanına səfər çərçivəsində bir sıra görüşlər keçirib. İİB Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir və Türkiyənin xəzinə və maliyyə nazirinin müavini Osman Çeliklə görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Səudiyyə Ərəbistanında İİB-nin “Müdirlərin görüşü”ndə Bankın növbəti 10 il üçün strateji çərçivə sənədinin formalaşdırılması ilə bağlı müzakirələr, qurumun prioritetləri və istiqamətləri, eləcə də üzv ölkələrin inkişaf ehtiyacları ilə bağlı fikir mübadiləsi aparılıb.

E.Əliyev ölkəmizin İIB ilə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanın həyata keçirdiyi layihələrə Bankın dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi” üzrə İİB ilə tərəfdaşlıq haqqında imzalanmış sənədin əhəmiyyəti xüsusi qeyd edilib. Suvarma kanalının tikintisinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən ilk layihə olduğu diqqətə çatdırılıb.

Çərçivə sənədində müvafiq üzv ölkələrin yenidənqurma və bərpa ehtiyaclarının, eləcə də iqlimə həssas regionlarda quraqlığın aradan qaldırılması kimi məsələlərə diqqət yetirilməsinin vacibliyi qeyd olunub. Nəqliyyat dəhlizləri, enerji şəbəkələri kimi irimiqyaslı infrastruktur layihələrinə sərmayə qoyuluşu, qlobal davamlılıq məqsədlərinə uyğun gələn yaşıl infrastruktur layihələrinin və rəqəmsal transformasiya təşəbbüslərinin önəmi nəzərə çatdırılıb.

Tədbirdə Bankın innovativ fəaliyyətə və inklüzivliyə sadiq olduğu vurğulanıb. Qurumun etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi, fəaliyyət istiqamətləri ilə üzv ölkələrin inkişaf prioritetlərinin uzlaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, İIB-nin dəstəyi ilə üzv ölkələr arasında beynəlxalq layihələrin icrasının təşviq edilməsinin vacibliyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə