“Kiçik nominallı pul vahidlərinin dövriyyədən çıxması mümkün deyil“ - İQTİSADÇI DANIŞDI

“Kiçik nominallı pul vahidlərinin dövriyyədən çıxarılması inflyasiyaya səbəb olacaq. 1, 3, 5 qəpiklərin dövriyyəsi digər nominallı pul vahidlərinin dövriyyəsi kimi qanuni və məcburidir. Hər hansı ticarət obyekti və ya iaşə obyekti bu pul vahidlərini götürməkdən imtina edə bilməz çünki bu hal qanunsuzdur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, əgər belə bir hal baş verirsə vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə zəng edib həmin ticarət obyekti barəsində şikayət edə bilərlər: “Ticarət obyektlərinin əksəriyyətinin xırda pullardan imtina etməsinin, çəkinməsinin səbəbi xırda pulları alıb digər vətəndaşlara verdikdə vətəndaşlar bu pulları qəbul etmirlər. Kiçik nominallı pul vahidlərinin dövriyyədən çıxması mümkün deyil. Bu hal inflyasiyaya səbəb ola bilər. Məsələn, məhsulun qiyməti 7 manat 27 qəpiyə satılırsa, satıcı məhsulu yazacaq 7 manat 30 qəpik. Nəticədə qiymət artmış olacaq”.

İqtisadçı bildirib ki, kiçik nominallı pul vahidlərinin əhəmiyyəti əvvəlki illərlə müqayisədə son vaxtlarda işlək deyil: “Səbəbi isə vətəndaşların ödənişləri kartla etmələridir. Kiçik nominallı pul vahidlərinin işlək olmamasının digər bir səbəbi isə ödəniş terminallarının bu pulları qəbul etməməsidir. Əgər ödəniş terminallarında kiçik nominallı pul vahidlərinin qəbul edilməsi aktivləşərsə, bu problem bir qədər azala bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə