Azərbaycanda mənzillərə əlçatanlıq necə təmin olunur? - EKSPERT AÇIQLADI

Azərbaycanda mənzillərə əlçatanlıq necə təmin olunur? - EKSPERT AÇIQLADI

"Hal-hazırda Bakı şəhərində mənzil bazarında canlanma müşahidə edilir. Təxminən avqust ayının əvvələrindən bu canlanma başlayıb və hələ də davam edir. Əgər keçən illərlə bu ilin hazırkı aylarını müqayisə etsək görərik ki, keçən illər ərzində yay aylarında belə canlanma müşahidə edilməyib. Əmlak bazarında adətən yay aylarında daha çox bağ evləri və torpaq sahələrinə təlabat daha çox olurdu. Bu il isə bu belə olmadı. Belə ki, bu il alıcıların daha çoxu sovetlər dövründə tikilmiş 9 mərtəbəli bina evləri və yeni tikilmiş bina evlərini almaq üçün əmlak bazarına daxil olub. Bu da öz növbəsində dəyəri 250000 AZN-ə qədər qiyməti olan mənzillərdə tələbat artımı olduğu üçün həmin dəyərdə olan mənzillərin qiymətlərinin artmasına səbəb olub. Dəyəri yuxarıda qeyd etdiyim qiymətdən yuxarı olan mənzillərdə isə qiymətlərin artımı elə də çox olmayıb". Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib.

Onun sözlərinə görə, son 3 ay ərzində şəhərin mərkəzi hissəsində və mərkəzə yaxın ərazilərdə təxminən 18-20 faiz arası mənzillərin qiymətlərində artım müşahidə edilir: "Yuxarıda qeyd etdiyim kimi, bu artım daha çox ipotekaya yararlı mənzillərdə qeydə alınır. Əgər bu artımın bu il nədən belə olduğunun səbəbini araşdırsaq görərik ki, bu il ipoteka ilə mənzil alanların sayında daha çox artım olub. Əvvəlki illərlə müqayisədə ipoteka şərtlərinin daha da asanlaşması və daha əlçatan olması ona müraciət edənlərin sayının daha çox olmasına səbəb olub. Bir mütəxəsis kimi bunu deyə bilərəm ki, bu aylarda Bakı şəhərində mənzil bazarının belə hərəkətli olmasına ən böyük səbəb alıcıların ipotekaya maraqlarının artması və ipoteka ilə mənzil almaq istəyənlərin sayının çox olmasıdır. Demək olar ki, ipoteka şərtlərinin asanlaşdırılması mənzil bazarına əlavə həvəs verdi. Son onilliklərə nəzər salıb müqayisə etsək yay aylarında ən böyük alıcı qüvvəsi məhz bu il qeydə alınıb. Bu da öz növbəsində əmlak bazarında canlanma yaradıb. Belə ki mənzilini ipotekaya satan bir vətəndaş qiymətdə ondan ucuz mənzillər almaq üçün bazara müraciət edir, bu da yenə digər mənzillərə də təlabat yaradır və əmlak bazarı daha da aktivləşir".

Ekspert sözlərinə davam edərək bildirib ki, ən çox tələbat isə şəhərin mərkəzi hissələri və mərkəzə yaxın ərazilərdə qeydə alınır: "Ən çox qiymət artımı isə yeni binalarda sahəsi nisbətən az, otaq sayı çox və çıxarış sənədi olan yeni bina evlərində qeydə alınmaqdadır. Köhnə binalarda isə daha çox tələbat ipotekaya yararlı 9 mərtəbəli sovetlər dövründə tikilmiş binalarda qeydə alınıb. Əgər analiz etsək görə bilərik ki, daha çox artım ancaq ipotekaya yararlı mənzillərdə qeydə alınır. Bundan başqa əmlak bazarında alıcıların ümumilikdə 50 faizi 160 min manata qədər qiyməti olan mənzillərə maraq göstərir. Alıcıların qalan 50 faizinin isə 40 faizi 250 min manata qədər qiyməti olan mənzilləri almaq üçün mənzil bazarına daxil olurlar. Qalan 10 faizi isə yuxarıda qeyd etdiyim qiymətlərdən yüksək məbləğdə mənzil almaq istəyən alıcılardır. Ümumilikdə mənzil bazarını dəyərləndirsək, bu son 3 ayda şirkət müqaviləsi ilə mənzil almaq istəyənlərin sayında artım olmayıb, əksinə azalma qeydə alınır. Çünki ipoteka almaq üçün mənzilin sənədinin çıxarış olması əsəs şərtdir. Belə olan halda çıxarış verilmiş mənzillərə tələbat daha çox olur. Bu da həmin mənzillərin qiymətlərinin artmasına və daha çox tələbatın yaranmasına əsas amil kimi qeyd etmək olar. Bu il bağ evlərinin və torpaq sahələrinin qiymətlərində artım olsa da, bu bir o qədər də çox olmadı. Mən bir ekspert kimi bunu deyə bilərəm ki, əgər bazar bu qayda ilə davam edərsə, onda ipotekaya yararlı mənzillərin qiymətlərində artım il sonunadək davam edəcək. Bir sözlə 2023 -cü ili daşınmaz əmlak bazarı üçün əlamətdar bir il kimi qeyd etmək olar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə