Qeyri-sabit hava şəraiti məhsuldarlığa necə təsir edib? - MÜNASİBƏT BİLDİRİLDİ

Qeyri-sabit hava şəraiti məhsuldarlığa necə təsir edib? - MÜNASİBƏT BİLDİRİLDİ

Kənd təsərrüfatı çoxsaylı və müxtəlif risklərlə müşayiət olunan sahədir. Əkinlərin məhsuldarlığı və fermerlərin gəlirləri böyük həcmdə hava şəraitindən asılıdır. Son günlər respublika ərazisində havaların qeyri-sabit keçməsi də kənd təsərrüfatından yan keçmədi. Bəs bu hava şəraiti məhsuldarlığa necə təsir göstərib? Hansı ərzaq məhsullarında qıtlıq müşahidə oluna bilər? SİA mövzu ilə bağlı iqtisadçıların fikirlərini öyrənib.

İqtisadçı Eyyub Kərimli: “Bildiyiniz kimi, son günlərdə rayonlarda yağıntının miqdarı normadan artıq olub. Sözsüz ki, bu hazırda yetişməkdə olan meyvələrin məhsuldarlığına mənfi təsir göstərir. Eyni zamanda, bu təbii fəlakətlər taxıl biçiminə mənfi təsir edir. Belə ki sahələrdə taxıl biçimində texnikanın işləməsi üçün şərait yoxdur. Bu da taxılın biçilməsinə əngəl olur. Bu baxımdan hesab edirəm ki, əgər yağıntılar uzun müddət davam etsə bunun məhsuldarlıqda təsirini müşahidə edəcəyik.

Düşünürəm ki, artıq hava şəraiti mülayimləşməkdədir. Bu baxımdan yağıntıların ölkə ərazisində məhsuldarlığa mühüm və əhəmiyyətli təsiri müşahidə olunmayacaq. Çünki yağıntılar qısamüddətli oldu.

Hava şəraitinin təsərrüfata vurduğu zərərə gəldikdə isə iqtisadçı bildirib ki, əsasən kartof və soğan məhsullarında qıtlığın şahidi ola bilərik. Çünki yağıntılar ən çox bu məhsulların yığımı və tədarükünə problem yaradır. Həmçinin, qarpız, qovun, pomidor və xiyar kimi bostan bitkilərinin də məhsuldarlığında pis keçən hava şəraitinin təsirini görə bilərik”.

İqtisadçı Eldəniz Əmirov: “Regionlarda iyun ayında ölkə üzrə yağıntının çox olması, 50 dəfədən artıq dolu düşməsi kənd təsərrüfatına kifayət qədər zərər verdi. Xüsusilə də sel suları təsərrüfata xeyli ziyan vurdu. Amma ümumi mənada bu təbii fəlakətlər hər hansı bir kənd təsərrüfatı məhsulunun ciddi şəkildə sıradan çıxmasına və məhsul yığımı zamanı göstəricilərin kəskin azalmasına səbəb olacağı ilə bağlı konkret məlumat olmadığından bunun hansısa bir qıtlığa və ya bahalaşmaya gətirib çıxaracağını söyləmək olmaz. Çünki bununla bağlı dəqiq bir statistika yoxdur ki, hansı həcmdə və hansı kənd təsərrüfatı məhsulu zərər görüb”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə