Ələt Azad İqtisadi Zonasında Biznes Mərkəzi fəaliyyət göstərəcək

Bu gün Prezident İlham Əliyevin iştirakı ilə I mərhələsinin açılışı olmuş Ələt Azad İqtisadi Zonasında Biznes Mərkəzi fəaliyyət göstərəcək. SİA xəbər verir ki, bunu Zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülmüş işlər barədə dövlət başçısına məruzəsində bildirib.

Onun sözlərinə görə, ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Zonanın Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb.

Diqqətə çatdırılıb ki, növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə