Moldova Azərbaycandan qaz almaq niyyətindədir

Moldova SOCAR və “Romgas SA” şirkətləri arasında imzalanmış sazişə əsasən Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir. SİA xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrosu Moldova TVR telekanalına bildirib.

"Bu müqaviləyə əsasən, Azərbaycan qazı Türkiyədən keçməklə Trans-Balkan qaz kəmərinə və Rumıniyaya ötürüləcək. Bu, Moldovanın onu almasına imkan verəcək. Biz bu əlavə qaz mənbəyindən istifadə edəcəyik", - deyə Qrosu qeyd edib.

Onun sözlərinə görə, Rumıniyadan Moldovaya qaz hələ 2014-cü ildə Avropa İttifaqının dəstəyi ilə tikilən və ötən illər ərzində istifadə olunmayan 43,2 kilometr uzunluğunda İasi-Ungeni qaz kəməri ilə nəql edilə bilər. Qrosu bildirib ki, qiymət sərfəli olarsa, Moldovanın öz anbarı olmadığı üçün qazı qonşu ölkələrin yeraltı anbarlarında saxlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə