İki avqustun bir Şahmarı... XATIRLAMA

Həyat nə qədər qəribədirsə, zamanla bu qəribəliyi ömürlərə, talelərə də yansıdır. Elə bu qəribə həyata 79 il öncə avqustun 23-də bir Şahmar da göz açmışdı, mənalı, lakin qısa ömrü və qəribə taleyi ilə. Həyatın qəribəliyinə bax ki, avqustda gəlmişdi dünyaya, avqustda da dünyadan köçdü: 23 avqust, 12 avqust. Cəmi 50 illik ömrünü iki avqustun arasına sığdırdı bu sənətkar.

Onun kim olacağını, hansı sahədə, hansı sənətdə özünü tapacağını sanki həyat öncədən duymuşdu. Uğurlarından, hamının onu sevəcəyindən xəbərdar olmuşdu. Bu səbəbdən də qısqanc bir dəliyə çevrilmişdi. Tək həyatmı, xeyr. Şahmar Ələkbərovun ətrafında onlarla belə “dəlilər” vardı, buna əsla şübhəmiz yoxdur. Çünki o, Azərbaycan kino aləmi üçün bir yenilik, daha doğrusu, tapıntı idi.

Biz nəsil Şahmar Ələkbərovu tanıyanda uşaq idik. Azərbaycan kinosuna yaraşıqlı bir aktyor gəlmişdi. Onun filmləri ilə böyüyüb yeniyetmə, gənc olduq. Onu hansı obrazda, hansı rolda görürdüksə, “sanki bu rol üçün yaranıb” deyirdik. Çünki o, istedadlı idi, obrazı yaratmaq qabiliyyəti vardı. Artıq biz də gəncləşib həyatı başa düşəndə bilmirdik filmlərdəki bu gənc, yaraşıqlı oğlanın camalına, oynadığı rola tamaşa edək, yoxsa qulaqlarımızı oxşayan heyrətamiz səsinə qulaq asaq. Mənim fikrimi saysız adam təsdiqləyərlər ki, Şahmar Ələkbərovun iştirak etdiyi filmə bir dəfə baxmaqla bu filmi anlamaq olmurdu. Çünki yaraşığı, cəlbediciliyi, səs diksiyası arasında fikir dağınıqlığı yaşayırdın. Sözsüz ki, ona tamaşa etmək üçün oynadığı filmlərə dəfələrlə baxırdıq. Nəticədə isə onu yenidən görür, filmi isə anlayırdıq.

İlahi, bu qədər gözəl səs ola bilərdimi? Sanki Ulu Yaradan iki Şahmar yaratmışdı. Biri özü idi, biri səsi. Onların hər ikisi ayrı-ayrılıqda ayrı-ayrı dünyalar idi, bir Şahmarda birləşmişdi. Onların hər ikisi ayrı-ayrılıqda bir sənət idi, hər ikisi bir Şahmarda birləşmişdi.

Xalq artisti Şahmar Ələkbərov “Dağlarda döyüş”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm” , “Axırıncı aşırım”, “Qızıl qaz”, “Həyat bizi sınayır”, “Bizim küçənin oğlanları” , “Qatır Məmməd”, “Firəngiz”, “Arxadan vurulan zərbə”, “Babək”, “Əlavə iz”, “Nizami”, “Ötən ilin son gecəsi” kimi filmlərlə Azərbaycan kinosunda öz sözünü dedi. Yaddaşlarımıza həkk olan, indi də tamaşa etdiyimizdə bizləri o illərə, Şahmarlı bir dünyaya aparır o filmlər. Şahmar sevgisinə, dəyərinə aparır...

Yəni nə o sevgilər, nə də o dəyərlər aradan Şahmarsız 30 il ötsə də, zərrə qədər azalmayıb. Çünki Şahmar Ələkbərov gözlərimizdə o illərin görüntüsündə, eyni sevgidə, eyni dəyərdə qalıb, qalacaq da... O heç qocalmadı ki?..

Nə deyəsən həyata? Qarğış, bədduamı edəsən? O, kimləri almır ki, əlimizdən, sevdiklərimizin hamısını qısqanır bizə. Qarşısında acizlikdən başqa çarəmiz qalmır zaman-zaman. Sadəcə gözlərimizdən yaş axıdır, ürəyimizin kədərini özümüzlə bölüşür, xatirələri dərdimizə dərman edirik. Nə deyəsən həyata ki, gətirib bizə Şahmar kimi sənətkarları göstərib, az sonra da əlimizdən alıb aparıb. Nə deyəsən həyata ki, biz insanlardan da qısqancdır, dəli qısqanc. Bu qısqanclığı imkan verərmi sevdiyin, dəyər verdiyin insanla uzun bir yol gedəsən?..

Kəsəcək yolunu, maneələrini çıxaracaq qarşına. Yıxacaq səni, çırpacaq daşlara, dizlərində yaralar açacaq, sızladacaq, ağrıdacaq... Diz nədir ki, bu həyat ürəklərə elə dağlar çəkir ki, dizlərin yarası sağalır, yaraların izi belə silinir, lakin ürəklərin dağı düyünə çevrilir, ərimir ki, ərimir. Şahmar Ələkbərovun ürəklərimizdə düyünlənən, hələ də ərimək bilməyən ömrü kimi. Bu düyün daşlaşıb artıq, qəlblərimizdə bir Şahmar abidəsi ucaldıb. Sevdiyimiz aktyorun, rejissorun abidəsini. O, qəlbimizdə həyat rəngdə olan obrazları yaradır, təqdim edir bizlərə. Baxdıqca həyatı daha yaxından tanıyırıq. Neçə qalın bir kitab, vərəqlədikcə vərəqlənən səhifələri olduğunu görürük. Şahmarın səsini dinləyir, bu səslə ruhumuza rahatlığı, hüzüru çökdürürük...

Bəli, ötən 30 il qəlbimizə Şahmar adını heç unutdura bilmir. Unutdura bilməyəcək də. Həyatın gücü almağa çatır, unutdurmağa yox... Alsın, qarşısına çıxa bilmərik ki... Bizdə-içimizdə, ruhumuzda, xatirələrimizdə olanları almağa gücü çatmaz bu həyatın. Şahmar Ələkbərov da ruhumuza, içimizə, xatirələrimizə hopdurduğumuz üçün daim bizimlədir.

İllər ötər, zaman keçər, yenə də “bir Şahmarımız var idi”, deyə xatırlayacağıq. İki avqustun bir olan Şahmarı. Həyatdan cəmi 50 yarpaq qopara bilən Şahmarı. O gözəl qamətinə, heyrətamiz səsinə, diksiyasına zamanında üzərlik yandırmadığımız, göz muncuğu taxmadığımız, elə bu səbəbdən də həyatın düz dilindən vurduğu Şahmarı... Unutmayacağıq...

Qürrələnmə, həyat... Unutma ki, qarşındakılar Şahmar Ələkbərovu milyonlarla sevənlərdir. Elə bu sevgi ilə də o, sən həyatın da, bizim qəlblərimizin də şahı olaraq qalacaq... Əbədiyyən...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə