Hörmətli oxucular, Cavidsevənlər!
Bu yazını dahi şair-dramaturq, filosof Hüseyn Cavidin qızı mərhum Turan Cavidin 1998-ci il martın 12-də “Azərbaycan” qəzetinin redaksiyasına göndərdiyi müraciətdən parçalar ilə başlamaq istəyirəm.
“Hörmətli ədəbi ictimaiyyət! Hörmətli Cavidsevərlər!
Son illərdə Hüseyn Cavid irsinin öyrənilməsi, təbliği, şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində respublikada görülən işlər dərin minnətdarlıq duyğuları oyadır. Övlad kimi məni ən çox sevindirən cəhətlərindən biri budur ki, artıq Bakıda şairin adı ilə bağlı mərkəz var. Hörmətli Prezidentimiz, Cavid xatirəsinə hər kəsdən daha artıq diqqət və qayğı göstərmiş cənab Heydər Əliyevin qətiyyəti sayəsində nəhayət ki, uzun illərdən bəri gözlənilən məqsəd həyata keçib – Elmlər Akademiyasında Hüseyn Cavidin Ev-Muzeyi yaradılıb. Burada yalnız Cavidlə bağlı yadigarlar nümayiş etdirilmir, həm də onun həyat və yaradıcılığının ayrı- ayrı problemləri ətrafında elmi-tədqiqat işləri aparılır.
Məni respublika ədəbi və elmi ictimaiyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin rəhbərlərinə , təhsil ocaqlarına, qəzet və jurnal redaksiyalarına, mədəniyyət müəssisələrinin başçılarına müraciət etməyə bir nigarançılıq vadar eləyir. Cavid və özü haqqında işıq üzü görən yazılara da nəşr edilən əsərlərində, pyeslərinin səhnələrdəki ifasına da çox vasvası münasibət vardı. O, buraxılan səhvlərə, təhriflərə, qeyri-ciddi münasibətlərə çox narahat olurdu. İndi mən də eyni hissləri vaxtaşırı yaşamalı oluram...”
Müraciətin sonunda Turan xanım ictimaiyyətə bildirir:
“Mənim yeganə arzum budur ki, atam haqqında yalnız doğru, yanlışsız, təhrifsiz yazılmış əsərlər işıq üzü görsün.”
Turan Cavidin bu müraciətinə baxmayaraq Cavidlər ailəsinin ruhlarını incidən səbəblər yenə də ortaya çıxır.
2009- cu ildə nəşr olunmuş, müəlliflər Rafiq İsmayılov, Gülşən Orucova, Zahid Xəlilov və Dilrubə Cəfərovanın tərtib etdikləri “Azərbaycan dili “ ( 2-ci sinif üçün dərslik) kitabının 50-ci səhifəsində Hüsey Cavidin məşhur “Qız məktəbində“ şeiri “Məktəbli qız” adı ilə tərcümə olunaraq nəşr olunmuşdur. (Tərcüməyə ehtiyac var idimi) Həmin vaxt H.Cavidin Bakı və Naxçıvan şəhərlərindəki ev-muzeylərində, ““Turan Cavid” Qadın Mərkəzi” İctimai Birliyində qəzetin çaldığı həyəcan təbilinə dərhal münasibət bildirilmişdi.
Təxminən 2013-cü ildə nəşr olunmuş “ Bağçada və məktəbdə 101 şeir (Kitabın heç bir yerində nəşr ili göstərilmir) adlı kitabda Hüsey Cavidin” Qız məktəbində” şeiri “Gülbahar” adı ilə təqdim olunur. Kitab Bakıda, “Qələm” MMC nəşriyyatında işıq üzü görüb. Nəşrin rəhbəri Pərviz Eyyubov kitaba aşağıdakı məzmunda xəbərdarlıq da daxil edib:
“Müəlliflik haqqı qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı bir hissəsini çap etdirmək, surətini çıxartmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir”.
Burada hansı müəlliflik hüququ qorunur? Heç bir əsas olmadan şeirin adını dəyişdirilib, hətta şeirin yanında verilmiş illüstrasiyanın da məzmuna heç bir aidiyyatı yoxdur.
Narahatlıq yaradan səbəblərdən biri də son illər internet saytlarında Hüseyn Cavidə aid olan səhifələrdə dahi şairin ailəsi ilə, dostları ilə və müxtəlif illərdə olan tək şəkilləri göstərilir. Həmin səhifədə bir rəngli portret yayılmışdır ki, bu da Hüseyn Cavidin özü deyil, hər hansı bir mərkəzi, yaxud əyalət teatrlarından birinin aktyoru olan, bəlkə də hər hansı mülki bir şəxsin Cavid geyimində olan şəkilidir. Həmin şəxs bu şəkildə özünü şairin 1923-cü ildə çəkilmiş foto-şəklindəki geyimində təqdim edir. 1923-cü ildə çəkilmiş orijinal fotoda şairin xarakteri onun üz cizgilərindən aydın sezilir. Cavidə oxşayan şəxsin rəngli şəklində isə başa düşmək olmur ki, şair hansı xoş gününə gülümsəyərək özündən razı halda əyləşmişdir?! Hər iki şəklə diqqətlə baxanda fərq aydın görünür. Bəla burasındadır ki, bəzi nəşriyyat və redaksiyalarda, Cavidlə bağlı keçirilmiş müxtəlif tədbirlərin proqramlarında, konfransların materialları nəşr olunmuş kitablarda da Cavidəoxşarın həmin rəngli şəklindən istifadə olunmuşdur. Ən maraqlısı isə budur ki, Hüseyn Cavidin ömür boyu rəngli foto-şəkli olmayıb.
2019-cu ildə orta məktəb şagirdləri, MİQ və sertifikasiyaya hazırlaşanlar üçün vəsait, 5-11-ci siniflər üçün ədəbiyyat dərsliyinin cildinin üzərində şair və yazıçıların şəkilləri təqdim olunub. Cavidin orijinal şəkli əvəzinə burada yenə də Cavidəoxşar şəxsin şəkli verilmişdir. Hətta kitabın içərisində, Cavidə aid bölmədə şair-dramaturqun “ Ana” pyesi verilmiş, səhifənin yuxarı hissəsindıə yenə də həmin yanlış şəkildən istifadə olunmuşdur.
2020-ci il aprel ayının 30-da, gecə saat 11-də indi fəaliyyət göstərməyən “Lider” Telekanalının “Gecənim sehrində” verilişində də arxa planda bir neçə şairin şəkillərilə yanaşı həmin Cavidəoxşar şəxsin şəkli qoyulmuşdu.
Çox təəccüblüdür ki, müasir Cavidşunaslarımız niyə indiyə qədər bu yalnışlıqlara qarşı öz etirazlarını bildirmir, müşahidəçi mövqedə duraraq ciddi addımlar atmır, müvafiq tədbirlər görülməsi üçün təşəbbüs göstərmirlər?
Bu il dahi şairin anadan olmasının 140 illik yubileyi təntənə ilə qeyd olunacaqdır. İnanıram ki, bu yazıdan sonra yubiley ərəfəsində həmin yanlış foto-şəklə bir daha müraciət olunmayacaqdır.
Hörmətli yazarlar, jurnalistlər, naşirlər və tədbirlərin təşkilatçıları. Sonda sizlərdən çox xahiş edirəm ki, Hüseyn Cavid haqqında yazılar, verilişlər, kitablar və tədbirlər hazırlayanda mütləq şairin özünə məxsus olan foto-şəkillərindən istifadə edin.
BƏHRUZ AXUNDOV
Hüseyn Cavidin Naxçıvandakı Ev-Muzeyinin
ilk direktoru, əməkdar mədəniyyət işçisi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB