"Valideynlərə səslənirəm ki, övladlarınızın önünü açın" MÜSAHİBƏ

SİA Türkiyənin Bengütürk televiziyasında yayımlanan “Azərbaycan rüzgarı” verlişinin aparıcısı Səidə Ömərin müsahibəsini təqdim edir:

- 2020-ci il sentyabrın 27-də Azərbaycan əks hücum əməliyyatları ilə 44 gün ərzində böyük qələbə qazanıb. Türkiyədən bu qələbə zəfər necə görünürdü?

- Bəli, müharibə dönəmində mən Türkiyədə idim və İstanbul universitetində magistr təhsili alırdım. Həm elmi iş yazıb, həm də televiziyada çalışırdım. Hər kəsin bir döyüş silahı var idi. Mənim də silahım Türkiyədə “Azərbaycan rüzgarı” proqramı olub. Biz bu proqramı müharibə dönəmində ərsəyə gətirdik. Telejurnalist olaraq qürur hissi ilə bu verilişləri həyata keçirirdim. Deyirdim ki, nəhayət qələbə ilə bağlı veriliş ərsəyə gətirmək mənə də qismət oldu. Bu qələbəni qazanmaqda şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərə isə can sağlığı arzulayıram. Ali Baş Komandamıza, ordumuza borcluyuq ki, belə bir qələbəni bizə yaşatdılar.Türkiyənin bütün küçələrində Azərbaycan rüzgarı əsirdi.

- Ümumiyyətlə, bu proqramda daha çox hansı mövzulara toxunulub? Qonaqları çağırmaqda problemlərlə qarşılaşdınız?

- Əslində, proqramda Azərbaycanın görkəmli şəxsiyyətlərindən bəhs edirik. İlk proqramımızı türk dünyasının böyük şairi Əhməd Cavada həsr etmişdik. Verilişə gələn qonaqlar Azərbaycan xalqının gücündən və şücaətindən bəhs edirdilər.Biz proqramda hər zaman Xocalı soyqırımına da toxunmuşuq.

- Kadrlarda nəyi ifadə etmisiniz?

- Türkiyə mediasında yeganə “Azərbaycan rüzgarı” proqramıdır ki, biz hər bazar axşam saatlarında Türkiyə vətəndaşlarının önünə çıxırıq. Müharibə başlamamışdan öncə Silahlı Qüvvələr Günü ilə bağlı Azərbaycan ordusunun yaranma tarixindən bəhs etmişəm. Məqsədimiz Türkiyədə Azərbaycanı daha yaxından tanıtmaqdır.

- Ümumiyyətlə, gələcəkdə nə kimi planlarınız var? Yeni lahiyələr düşünürsünüz?

- Bilirsiniz ki, pandemiya ilə əlaqədar durğunluq yaşayırıq. Bu gün teatr və sənət adamları da çətinlik çəkir. Mən Türkiyədə Azərbaycan milli rəqslərini də tanıdıram. Anam qaqauz türklərindən, atam isə Azərbaycanda doğulub. İndi İstanbulda “Azərbaycan ritmi” adlı layihəyə başlamışam. Burda da fikirləşdim ki, mənim səhnəm təbiət ola bilər. Milli atributlardan istifadə edərək İstanbulun gözəl yerlərindən olan Gülhanə parkından çəkilişə başladıq.

- Siz Azərbaycanda hansı uğurlara imza atdınız ki, bundan sonra işlərinizi Türkiyədə davam etdirmək qərarına gəldiniz?

- Burada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin rejissorluq fakültəsinin Kino rejissorluq bölümündən məzunam. Həmçinin, Azərbaycanın Xalq artisti Oqtay Mirqasımovun tələbəsiyəm. Universiteti də fərqlənmə diplomu ilə bitirmişəm. 13 il uşaq evində uşaqlarla işləmişəm. Eyni zamanda Heydər Əliyev adına liseydə dərnək rəhbəri olub, uşaqlara rəqslər öyrədirdim.

- Niyə sizdə məhz uşaqlara maraq olub?

- Düzü, uşaq evində çox çalışdım. Orada hər ailədən uşaqlar var. Onlara rəqs sənətindən və incəsənətin bir çox sahələrindən dərs demişəm. Bugün mənim çox istedadlı tələbələrim var. Onlar həm kino sahəsində, həm də televiziyada çalışırlar. Uşaqlar bu sənəti o qədər gözəl həyata keçirirdilər ki, mən fəxr edirdim. Müəllimlik başqa bir duyğudur. Çox təəssüf ki, tələbələrimdən biri şəhid oldu. Cavidə Allah rəhmət eləsin.

- Diaspora fəaliyyəti ilə bağlı nə işlər görmüsünüz?

- Azərbaycan rüzgarı proqramının bir neçə sayda olan verilişlərinə dəstək oldular. Mən bu proqramı könüllü həyata keçirdirəm. Heç bir yerdən məvacib almıram. Baxmayaraq ki, burada büdcə yoxdur, amma, mən məsuliyyət hissi keçirirəm və bunu özümə borc bilirəm.

- Azərbaycan televiziyalarında aparıcıların aparıcılıq qabiliyyətini bəyənirsinizmi?

- Düzü, Azərbaycan Dövlət Televiziyasının Mədəniyyət kanalı, İctimai televiziya sevdiyim kanallardır. Bu kanallar mənim zövqümə və xarakterimə uyğundur. Türkiyədə dizayn çox təbiidir. Bizim televiziyada birdən elə bir insanlar tamaşaçılara məsləhət verir ki, düşünürəm ki, o kimdir ki, mənə məsləhət versin. Üzülürəm ki, onları izləyən tamaşaçı var. Tamaşaçıların da zövqü korlanıb.

- Sosial mediada uşaqlar və gənclərdə təcavüz, şiddət halları ortaya çıxır. Buna münasibətiniz necədir?

- Bizim dərslərimizin çoxu sosial media ilə bağlıdır. Biz texnologiya ilə bağlı məqalələr yazırıq. Şiddətlə bağlı bir məqalə yazmışdım. Məsələn, bir şəkil paylaşıram şəklimin altına yazırlar ki, sən nə gündəsən? Özündən niyə belə razısan? Şiddətə məruz qalan insanlarda qorxu, özünəqapanma və stress var. Uşaqla vaxt keçirmək, oynamaq və onu dinləmək lazımdır. Sosial media intiharlara səbəb olur.

- “Qara dəniz” vəqfi ilə bağlı gördüyünüz işlər barədə nə düşünürsüz?

- “Qara dəniz” vəqfi çox güclü vəqfdir. Pandemiya ilə bağlı dərslərimiz dayanıb. Orada çoxlu gənclər və uşaqlar var. Vəqf özü bir çox Azərbaycanlı tələbələrə də təqaüd verir. Onları bu işlərdə həvəsləndirərək, stimullaşdırır. Tədbirlərdə tələbələri öyrədirlər.

- Bugün siz bu tribunaldan istifadə edərək gənclərimizə nə kimi çağırışlar etmək istəyərdiz?

- Gənclərə demək istəyirəm ki, ilk növbədə təhsil alsınlar. Öz vətəninizdə özünüzü inkişaf etdirin. Təhsil almaq insanın həyata baxışını dəyişir. Valideynlərə səslənirəm ki övladlarınızın önünü açın, sərbəstlik verin, seçiminə hörmətlə yanaşın. Gənclərə də deyirəm ki, sevmədiyiniz işlə məşğul olmayın. Sevdiyiniz sənəti seçin.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə