Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından 24 il ötür. SİA-nın məlumatına görə, İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açıb. Ötən əsrin 30-cu illərinin repressiya dalğası Əfəndiyevlər ailəsindən də yan keçməyib, yazıçının atasına "kulak" damğası vurulub.
1938-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən İlyas Əfəndiyev Bakıda "Yeni yol", "Kommunist" və "Ədəbiyyat qəzeti" redaksiyalarında işləyib. Onun ilk mətbu əsəri - "Buruqlar arasında" oçerki 1938-ci ilin noyabrında, "Berlində bir gecə" adlı ilk hekayəsi "Ədəbiyyat qəzeti"nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc edilib.
İlyas Əfəndiyevin "Kənddən məktublar" (1939) kitabı sonralar məşhurlaşacaq 60-cı illər ədəbiyyatı üçün bir cığır açıb. O, "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" və digər nəsr, eləcə də dram əsərləri ilə ədəbiyyata ilk dəfə lirik-psixoloji üslub gətirib. İlyas Əfəndiyev sovet dövründə hakim ideologiyanı tərənnüm etməyib, adi insanların həyatını, məhəbbətini, arzu və istəklərini özünəməxsus sadə dillə qələmə alıb.
Ədib "Atayevlər ailəsi", "İşıqlı yollar", "Bahar suları", "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Qəribə oğlan", "Mahnı dağlarda qaldı", "Bağlardan gələn səs" və digər dram əsərləri ilə "İlyas Əfəndiyev teatrı"nı yaradıb. Həmin dövr Azərbaycan mədəniyyəti tarixində "İlyas Əfəndiyev mərhələsi" kimi səciyyələndirilir.
Yazıçının əsərləri bəşəri mövzulara həsr olunduğu üçün rus, türk və digər dillərə tərcümə edilib, Avropanın nüfuzlu teatrlarında səhnəyə qoyulub. Onun anadan olmasının 100 illik yubileyi UNESCO-da təntənəli şəkildə qeyd edilib.
1996-cı il oktyabrın 3-də dünyasını dəyişən yazıçı Fəxri xiyabanda dəfn edilib.
İlyas Əfəndiyevin yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, "Əməkdar incəsənət xadimi", "Xalq yazıçısı" fəxri adlarına layiq görülüb, Dövlət mükafatı, "Şöhrət" ordeni ilə təltif edilib. Yubileyləri dövlət səviyyəsində qeyd olunub. İçərişəhərdəki küçələrdən birinə və "Elitar" Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib. Ulu Öndərin Sərəncamına əsasən ədibin "Seçilmiş əsərləri"nin yeddicildliyi, Prezident İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr olunub. Yaradıcılığı haqqında monoqrafiyalar, namizədlik dissertasiyaları yazılıb.
Bunlar bir daha təsdiqləyir ki, İlyas Əfəndiyev təkcə öz dövrünün deyil, bütün zamanların yazıçısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB