AYB dövlətimiz, xalqımız və ordumuzla həmrəylik nümayiş etdirir

Azərbaycan Yazıçılar Birliyi (AYB) erməni işğalçılarının qanlı 27 sentyabr təxribatı və Azərbaycan Ordusunun bütün cəbhə boyu əks hücuma keçməsi ilə əlaqədar bəyanat yayıb. AYB-dən SİA-ya daxil olan bəyanatda deyilir: “Sentyabrın 27-si səhər saatlarında işğalçı erməni hərbi dəstələrinin növbəti dəfə qanlı təxribata əl ataraq cəbhə boyu yerləşən mülki məntəqələrimizi, dinc insanlarımızı atəş hədəfinə alması bütün xalqımız kimi Azərbaycan Yazıçılar Birliyini də dərindən hiddətləndirdi. Erməni faşizminin bu yeni vəhşiliyi nəticəsində hətta cəbhə xəttindən xeyli aralıdakı yaşayış məskənlərimiz atəşə məruz qaldı. Nəticədə bir ailənin 5 üzvü və ikisi yeniyetmə olmaqla, neçə-neçə günahsız azərbaycanlı həlak oldu və yaralandı, mülki məntəqələrdə ciddi dağıntılar törədildi.

İlk növbədə bunu bəyan edirik ki, Azərbaycan Yazıçılar Birliyi bu qatı bəşəri cinayətləri törədən işğalçı Ermənistan rəhbərliyini və onun Dağlıq Qarabağdakı iyrənc əlaltılarını lənətləyir, beynəlxalq ictimaiyyəti, xüsusən, bütün dünyadakı həmkarlarımızı, sülhsevər, ədalətpərvər qələm adamlarını Azərbaycanın haqq işinə fəal dəstək verməyə səsləyir!

Eyni zamanda qürur hissi ilə bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli əmri ilə şanlı ordumuzun düşmənin təxribatını dayandırmaq, torpaqlarımızın azad etmək naminə bütün cəbhə boyu əks-hücuma keçməsini böyük ruh yüksəkliyi ilə qarşıladıq.

Dövlətimizin başçısının hər zamankı kimi yüksək qətiyyət göstərərək ordumuza düşmən üzərinə əks-hücum əmri verməsi, bununla əlaqədar xalqımıza müraciət etməsi hər bir azərbaycanlıda qələbə əhval-ruhiyyəsi yaratdı. Qısa müddətdə bir sıra yaşayış məntəqələrimizi, strateji mövqeləri azad edən Azərbaycan Ordusunun bu uğurları vətəndəki və bütün dünyadakı soydaşlarımızı, xalqımızın səmimi dostlarını sevindirdi və hər birimizdə daha böyük zəfərlərə inam hissi oyatdı.

Azərbaycan Yazıçılar Birliyi olaraq, bu taleyüklü günlərdə dövlətimiz, xalqımız və ordumuzla ürəkdən həmrəy olduğumuzu bəyan edir, qəhrəman Azərbaycan Ordusuna yeni qələbələr arzulayırıq! Dövlətimizin rəhbərliyini və xalqımızı əmin edirik ki, sıralarında yüzlərlə vətənpərvər qələm adamını birləşdirən Azərbaycan Yazıçılar Birliyi bu haqq savaşımızın tezliklə və qəti qələbə ilə başa çatması üçün üzərinə düşən hər bir işi əzmlə yerinə yetirməyə, bu yolda hər cür fədakarlığa hazırdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin sonsuz inamla vurğuladığı bu fikirlər indi Azərbaycan Yazıçılar Birliyinin də əsas devizinə çevrilib: Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bütün xəbərlər Facebook səhifəmizdə