“Avropa İrs Günləri” layihəsi çərçivəsində bir sıra tədbirlər keçiriləcək

Sentyabrın 24-dən oktyabrın 4-dək “Avropa İrs Günləri” layihəsi çərçivəsində mədəni irsimizin təbliği məqsədilə maarifləndirici tədbirlər təşkil olunacaq. Nazirlikdən SİA-ya verilən xəbərə görə, rayon icra hakmiyyətləri ilə birgə Respublika ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin ətrafında təmizlik, abadlıq işləri aparılacaq, həmçinin tarix-mədəniyyət qoruqlarında mədəni irsin mühafizəsi və təbliğinə həsr olunmuş vebinarlar təşkil olunacaq.

“COVID 19” pandemiyası ilə əlaqədər olaraq, planlaşdırılan tədbirlər rayonlar üzrə növbəli şəkildə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərar və tövsiyyələri əsasında, müəyyən edilmiş sanitar–epidemiolji normalara uyğun şəkildə keçiriləcək.

Hər il sentyabr-oktyabr aylarında Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa İrs Günləri” çərçivəsində silsilə tədbirlər keçirilir. “Avropa İrs Günləri” qitə sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə cəlb etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini yönəltmək və milli mədəni irsi təbliğ etməkdir. Pandemiya zamanına təsadüf edən builki “Avropa İrs Günləri” çox mühüm və aktual bir məsələyə – “İrs və təhsil” mövzusuna həsr edilmişdir.

Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduqdan sonra ölkəmiz bu təşkilat tərəfindən mədəniyyət sahəsində həyata keçirilən layihələrdə daha da fəal iştirak etməyə başlamışdır. 2010-cu ildən etibarən “Avropa İrs Günləri” layihəsinin ölkə üzrə milli koordinatorluğu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə