UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsində Gəncənin də adı var

UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə yeni üzv seçilən şəhərlərin adları açıqlanıb. 27 ölkədən 55 şəhərin yer aldığı siyahıda qədim elm və mədəniyyət mərkəzi olan Gəncənin də adı var. SİA-nın xəbərinə görə, yeni üzvlərin adları Almaniyanın Hamburq şəhərində yerləşən UNESCO-nun Həyatboyu Təhsil üzrə İnstitutu tərəfindən video-görüş vasitəsi ilə elan olunub.

Video-görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev də iştirak edib.

UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur. Layihənin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu Şəbəkənin üzvüdür. Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkənin fəaliyyəti Almaniyanın Hamburq şəhərində yerləşən UNESCO-nun Həyatboyu Təhsil üzrə İnstitutu tərəfindən əlaqələndirilir.

Video-görüşdə çıxış edən Səməd Tomuyev Gəncənin UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçildiyi üçün Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun adından minnətdarlığını çatdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının 3 şəhəri – Bakı, Gəncə və Qəbələ UNESCO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib. Şəhərlərimizin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Daimi Katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, UNESCO yanında Daimi Nümayəndəliyimiz və aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...