Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Twitter” səhifəsində Azərbaycan Milli Xalça Muzeyində Ukrayna dilində audiobələdçinin yaradılması ilə bağlı paylaşım edib. Xalça Muzeyindən SİA-ya bildirilib ki, belə bir audiobələdçinin yaradılması ilə əlaqədar qarşılıqlı razılıq 2019-cu ilin dekabr ayında, Ukrayna Prezidentinin və ölkənin birinci xanımının Azərbaycana səfəri çərçivəsində Yelena Zelenskayanın Azərbaycan Milli Xalça Muzeyini ziyarəti zamanı əldə edilib. Yelena Zelenskayanın Ukrayna dilinin dünyada geniş yayılması, o cümlədən dünyanın ən iri muzeylərində Ukrayna dilində audiobələdçilərin tətbiq edilməsi layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində yaradılan audiobələdçi Ukraynanın Müstəqillik Günündə təqdim olunub.

Sevindirici haldır ki, Xalça Muzeyini Azərbaycan, rus, ingilis və fransız dilləri ilə yanaşı, Ukrayna dilində audiobələdçi ilə kəşf etmək olar. Azərbaycan Milli Xalça Muzeyi həm yerli əhalinin, həm də turistlərin ətraflı məlumat almaq imkanlarını genişləndirmək üçün səylərini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə