Kitabxana gənclər üçün fəaliyyətini davam etdirir

Karantin rejimi müddətində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası gənclərin asudə vaxtının səmərəli təşkilinə yönəldilmiş mütaliə imkanlarını genişləndirmək və tədrisinə kömək məqsədilə təsisçisi olduğu www.azlibnet.az saytında fəaliyyətini davam etdirir.

Kitabxanadan SİA-ya bildirilib ki, www.azlibnet.az saytı istifadəçilərin evdən çıxmayaraq mütaliə imkanlarının artırılmasına xidmət edir. Belə ki, saytın mütaliəyə həsr olunmuş bölümündə mütaliə və onun əhəmiyyəti, mütaliə etmək üçün ümumbəşəri keyfiyyət daşıyan Azərbaycan və dünya ədəbiyyatından olan kitabların siyahısı gənc istifadəçilərə təqdim olunur. Eyni zamanda, bu sayt vasitəsilə istifadəçilər 14 bölmədə toplanmış çoxlu sayda kitablardan yararlanmaq imkanına malikdirlər. Tarix, iqtisadiyyat, elmi-texniki, bədii ədəbiyyat və digər kateqoriyalardan əlavə, gənclərə saytın virtual kitabxanasında ali məktəb tələbələrinin tədrisinə kömək məqsədilə müxtəlif elm sahələrini əhatə edən Azərbaycan və rus dillərində dərsliklərin tam mətni təqdim edilir. Evdə qaldıqları müddətdə tələbə-gənclər onları maraqlandıran dərsliklərin tam mətnini http://ebooks.azlibnet.az/textbooks.html linki vasitəsilə həm onlayn oxuya, həm də yükləyib istifadə edə bilərlər. Gənclərin həmin saytdan istifadə etmələrinə kömək məqsədilə kitabxana karantin dövründə xüsusi videoçarx da hazırlayıb “Instagram” və “Facebook” səhifələrində yerləşdirib.

Kitabxananın ryl.az@mail.ru elektron ünvanı 24 saat ərzində fəaliyyət göstərir və www.azlibnet.az saytında kitab yüklənməsi ilə bağlı problem yarandıqda kitabxananın elektron poçtuna istənilən istifadəçi sorğu ilə müraciət edir və əməkdaşlar həmin kitabın tam mətninin linklərini onlara göndərir. Karantin müddətində kitabxananın elektron poçt ünvanına daxil olan kitab və dövri mətbuat materialları ilə əlaqədar sorğular operativ olaraq cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...