“Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponat

Bu gün "Çini, şüşə, ağac, kağız" kolleksiyasından iki nadir eksponatı təqdim edirik. Nazirlikdən SİA-ya verilən xəbərə görə, bunlar orta əsrlərə aid Orənqalada (Beyləqan) aşkar olunmuş polixrom şirlənmə texnikasında işlənmiş qablardır.

Təqdim etdiyimiz keramik məmulatlar Azərbaycanın orta əsrlər dövrünün təsərrüfat həyatının, sənətkarlığının müxtəlif sahələrini işıqlandırmağa imkan verir. Onların forma və kolorit rəngarəngliyi, ornament və süjetlərin mürəkkəbliyi isə yerli əhalinin təkcə bədii zövqlərini deyil, həm də onların dünyagörüşü və dini inanclarını əks etdirir.

Azərbaycan Milli Xalça Muzeyində saxlanılan Səlcuq dövrünə aid saxsı məmulatları arasında süjet motivli keramika nümunələrinin fraqmentlərini də qeyd etmək lazımdır. Bu baxımdan Örənqaladan (Beyləqan) tapılan XII-XIII əsrlərə aid təsvirli iri saxsı nimçə də maraq kəsb edir. Məmulatın konstruktiv və bədii xüsusiyyətlərini nəzərə alaraq xalq ustaları məzmun və formanın harmonik uyğunluğunu əldə etmişlər. Burada əsas qəhrəmanı gənc atlı olan ov səhnəsi təsvir edilib. Atlı həmin dövrünün xarakterik zadəgan geyimində – yaşıl əba və tacla təsvir edilib. Gənc ovçuları sadiq yol yoldaşı olan bəbir müşayiət edir (inv. № 1718).

Bu qəbildən olan başqa maraqlı bir nümunə Beyləqanda aparılan arxeoloji qazıntılar zamanı tapılmış və üzərində qədim çovqan oyununun təsviri olan polixrom şirəli qabdır. Qabın üzərində açıq yaşıl fonda, nəbati elementlərin arasında əlində çovqan olan gənc atlı təsvir edilib. Bu nümunə haqlı olaraq dövrünün şedevri sayılaraq, muzeyin ən qiymətli eksponatlarından biri sayılır (inv. № 1719).

Bütün xəbərlər Facebook səhifəmizdə