Regionlarda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib FOTOLAR

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalıda can qaldı” adı altında ədəbi-bədii kompozisiya keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, əvvəlcə Xocalı faciəsi qurbanlarının və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Mingəçevir şəhər şəhid F.Qasımov adına Uşaq İncəsənət məktəbinin Rəssamlıq şöbəsi şagirdlərinin Xocalı soyqırımına aid çəkdiyi rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edənlər Xocalı faciəsi haqqında iştirakçılara geniş məlumat verib. Bildirilib ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Sonda vurğulanıb ki, xalqımızın vətənpərvərliyi, döyüşkən ruhu, torpağa məhəbbəti, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyi nəticəsində tez bir zamanda işğal altında qalan torpaqlarımızı mütləq düşməndən azad ediləcək.

Tədbirin yekununda Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.

* * *

Sabirabad rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Yeni Güdəcühür qəsəbə klub icma mərkəzinin müdiri Səbinə İsmayılovanın aparıcılığı ilə Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri iştirakçıların nəzərinə çatdırılıb.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması və təbliğinin önəmindən geniş söz açıb. Qeyd edib ki, Xocalı soyqırımı erməni işğalçılarının azərbaycanlılara qarşı törətdiyi amansız faciədir. Hər bir kəs tarixi həqiqətləri təbliğ etməli, tariximiz unudulmamalı, daha geniş miqyasda təbliğ olunmalıdır.

Sabirabad rayon Mədəniyyət Mərkəzinin əlillərdən ibarət “Mübarizlər” teatrının kollektivi Xocalı faciəsini əks etdirən “Laçına məktub” kompozisiyası ilə uşaqlar, şagirdlər və gənclər arasında maarifləndirmə işlərinin aparılması üçün gördükləri işdən danışıb. Həmçinin Mədəniyyət Mərkəzinin filiallarının maarifləndirmə aparılması üçün mütəmadi olaraq şagird və gənclərlə keçirdiyi görüşləri qeyd edib.

Sonra Sabirabad rayon Mədəniyyət Mərkəzinin əlillərdən ibarət “Mübarizlər” teatrı kollektivinin ifasında rejissor Seyidməmməd Əliyevin hazırladığı Xocalı soyqırımına həsr olunmuş “Laçına məktub” adlı ədəbi-bədii kompozisiyası təqdim olunub.

Tamaşadan sonra faciə qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Xocalı faciəsi əsrin faciəsidir” adlı guşəyə baxış keçirilib.

* * *

Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsi ağrılı, acılı yerimizdir. Bu faciə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu qətliam erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

Bu fikirlər Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəki şəhər Mədəniyyət Mərkəzi və Şəkinin Çələbixan məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən “Yaralanmış Qarabağdı Xocalı” adlı ədəbi-bədii kompozisiyada səsləndirilib.

Tədbirdə Xocalı məktəbinin direktoru Eldəniz Məhərrəmov, Mədəniyyət Mərkəzinin direktoru Aqəli Cəlilov, bədii rəhbər Rəşad Rüstəmov çıxış edərək, faciənin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıblar. Bildirilib ki, dünya tarixinə nəzər salsaq, bir çox faciələrin baş verdiyinin, kədərli hadisələrin yaşandığının şahidi oluruq. Erməni millətçilərinin öz havadarlarının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliam isə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayət, qanlı terror hadisəsi idi.

Tədbirdə Mədəniyyət Mərkəzinin musiqiçilərinin ifasında muğamlar, bayatılar səsləndirilib, Xocalı şəhər 3 saylı və Şəki şəhər 5 saylı tam orta məktəblərin şagirdləri “Xocalım, ay Xocalım”, “Xocalı harayı” şeirlərini ifa ediblər.

* * *

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində faəliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Mərkəzin foyesində qurulmuş stenddə soyqırımı əks etdirən foto-şəkillərlə yanaşı Heydər Əliyev Mərkəzi və İsmayıllı Dövlət Rəsm Qalareyasının rəssamlıq dərnəyinin üzvlərinin Xocalı haqqında çəkdikləri rəsm əsərləridə nümayiş olunub.

İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı tərəfindən hazırlanan Xocalı faciəsinə həsr olunmuş “Qisas gecəsi” adlı tamaşa nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...