Nizami Kino Mərkəzində “Dublyajda səs çələngi” adlı bədii gecə keçirilib

Noyabrın 15-də Nizami Kino Mərkəzində “Dublyajda səs çələngi” adlı bədii gecə keçirilib.

SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, gecədə Azərbaycanda 1937-ci ildə yaranan dublyaj sənətinin tarixinə nəzər salınaraq inkişaf mərhələsindən, bugünkü fəaliyyətindən bəhs edilib.

Bildirilib ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı təsdiqlənib. Tədbirlər planına əsasən xarici kinofilmlərin Azərbaycan dilinə tərcümə işini yaxşılaşdırmaq məqsədilə filmlərin dublyaj və subtitr tərcüməsi ilə məşğul olan mütəxəssislər üçün kurslar təşkil edilib.

Gecədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək bildirib ki, 6 ay davam edən bu kurslar Azərbaycan dublyaj sənətinin inkişafına yeni təkan verəcəkdir.

Gecədə kursda iştirak etmiş mütəxəssislərə sertifikatlar təqdim olunub.

Çıxış edənlər bildirib ki, xarici filmlərin doğma dilimizdə təqdim olunması ekran əsərlərinin məna və məzmunun daha aydın başa düşülməsinə səbəb oldu, kinosevərlərin dünya kinosu ilə yaxından tanış olmasına imkan yaratdı. Bununla yanaşı, dublyaj sənəti üzrə püxtələşən sənətkarlarımız danışıq dilindən istifadə qaydalarını ətraflı şəkildə izah etdi, Azərbaycan dilinin daha da sevilməsinə səbəb oldu. Səksən ildən çoxdur ki, xalqa xidmət edən, ana dilimizin keşiyində duran, bu gün də inkişaf mərhələsini yaşayan dublyaj sənətinin əsas məqsədi dövlət dilindən istifadənin yaxşılaşmasına təkan vermək, Azərbaycan dilinin zənginliyini qorumaqdır.

Qeyd edilib iki, bir vaxtlar “Nizami” kinoteatrında əcnəbi filmlər tam dublyaj olmasa da, Azərbaycan dilində subtitrlə (altyazı) təqdim olunurdu. Sonralar isə artıq xarici filmlərin 80 faizi altyazılarla nümayiş olunmağa başladı. Bir sözlə, zaman keçdikcə, müasir texnologiyanın imkanlarından daha geniş istifadə olunmağa başladı ki, bu da dublyaj sahəsinə də öz müsbət təsirini göstərdi.

Vurğulanıb ki, Həsənağa Salayev, Yusif Vəliyev, Müxlis Cənizadə, Şahmar Ələkbərov, Həsən Əbluc, Əminə Yusifqızı, Həsən Turabov, Səməndər Rzayev və daha sonralar Səidə Quliyeva, Həmidə Ömərova, Azad Şükürov və b. aktyorlar dublyaj sənətində peşəkar fəaliyyət göstəriblər. Azərbaycan teatr və kinosunda böyük təcrübə keçən bu aktyorlar dublyaj etdikləri personajların daxili dünyasını açmaqda böyük məharət nümayiş etdiriblər.

Gecədə Azərbaycan dublyaj sənətinin tarixinə səyahət edilib və bu sənətin incəliklərindən bəhs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə