Səfir: "Azərbaycan və macar xalqları arasında dərin köklər var" - RƏY

"Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən respublikamızda və onun hüdudlarından kənarda “Nəsimi ili” çərçivəsində bir sıra tədbirlər keçirilir. Dahi Azərbaycan şairi Nəsimi Azərbaycan ədəbiyyatı tarixində mühüm mövqe tutub. O, bir filosof -şair və sufilik təriqətinin ənənələrinin ideoloqlarından biridir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Macarıstanda "Nəsimi İli" çərçivəsində keçirilən tədbirdə bildirib.

Səfir Nəsiminin Azərbaycanın Şamaxı bölgəsində doğularaq boya başa çatdığını, bütün Şərqi, Anadolunu, Ərəbistanı gəzib dolaşaraq öz dərin fəlsəfi yüklü və insani ideyalarla zəngin poeziyası ilə hamının qəlbini riqqətə gətirdiyini, şeirlərinin Azərbaycanda, Türkiyədə, Şərqi Anadoluda, İranda, Suriyada dillər əzbəri olduğunu və hamı tərəfindən sevildiyini söyləyib.

Prof. Vilayət Quliyev çıxışında bildirib ki, dahi Nəsiminin 650 illik yubileyi tədbirinin məhz Yunus Əmrə İnstitutunda keçirilməsi təsadüfi xarakter daşımır: "Burada macar türkoloqlarının iştirakı və maraqlı məruzələrlə çıxış etməsi də Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələrin olmasına və bu ənənənin bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə uğurla davam etdiyinə dəlalət edir".

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə