“Cümhuriyyətin Azərbaycan uğrunda mübarizəsi”

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar bugün Azərbaycan Turizm və Menecment Universitetində "Biznes idarəçiliyi" fakültəsinin tələbələri üçün Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-muzeyinin əməkdaşları tərəfindən "Cümhuriyyətin Azərbaycan uğrunda mübarizəsi" mövzusunda mühazirə saatı təşkil olunub.

SİA-nın məlumatına görə, tədbirdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi, Elmi Mədəni Mərkəzinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Qənirə Pirquliyeva və Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-muzeyinin direktor müavini Təranə Babayeva məruzə-çıxışlarında qeyd ediblər ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verib. Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub. Xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb.

Məruzə-çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platformasında mülkiyyət plüralizmi-dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılması nəzərdə tutulub.

Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalı olub. Bu məqsədlə müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradılıb. 1919-cu ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı fəaliyyətə başlayıb. 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan dili dövlət dili elan edilib. Nazirlər Şurasının qərarı ilə 30 iyun 1918-ci ildə üç şöbədən (ümumi orta təhsil, ali və orta-ixtisas təhsili, peşə məktəbləri) ibarət struktur təsdiq edilib.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən o dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxıb.

Cümhuriyyət dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, polyak, fars, alman və qeyri dillərdə çap olunan qəzet və jurnallarda təhsil, elm, maarif və mədəniyyətin inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə, eyni zamanda, ölkədə baş verən ictimai-iqtisadi, siyasi hadisələrə dair məqalələr dərc olunurdu. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi, Elmi Mədəni Mərkəzinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Qənirə Pirquliyeva məruzəsinin sonunda qeyd etdi ki, Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamı Müasir Müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu təsdiqlədi.

Bütün xəbərlər Facebook səhifəmizdə