Bakı Biznes Mərkəzində Dünya Turizm günü qeyd ediləcək

Bakı Biznes Mərkəzində ölkəmizin turizm potensialına həsr olunan təqdimatlar keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyin Turizm şöbəsindən məlumat verilib. Məlumata görə, yay turizm mövsümünün başa çatması ilə əlaqədar, həmçinin 27 sentyabr - Dünya Turizm günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçiriləcək.

Sentyabrın 29-da dövlət qurumlarının, ölkəmizdə akkreditə olunmuş xarici səfirliklərin və turizm sənayesində aktiv fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin iştirakı ilə Bakı Biznes Mərkəzində müxtəlif təqdimatlar təşkil olunacaq.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnvestisiya və Texniki Proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov tərəfindən hazırda Qusarda inşa edilən Şahdağ qış-yay turizm kompleksi haqqında geniş təqdimat veriləcək. Fransanın "Mondeos" nəşriyyat evi tərəfindən hazırlanan "Azərbaycanın Bələdçi Kitabı"-nın, Böyük Britaniyanın "Hedonist Guide" şirkəti tərəfindən hazırlanan "Bakı haqqında kataloq"un, "ERA Marketing Center" şirkətinin ölkə vətəndaşları arasında turizmlə bağlı keçirdiyi sorğu-müayinənin nəticələrinin, "Azərbaycanın yeni turist marşrutlarını kəşf edək" layihəsi çərçivəsində 3-5 sentyabr tarixində keçirilən Bakı-Quba-Şamaxı-Bakı istiqamətində Avto Safarinin və I Milli Turizm mükafatının təqdim edilməsi mərasimləri də tədbirin proqramında yer alıb.

"Mondeos" jurnalı tərəfindən keçirilən yarışda qalib gələn iki şəxsə "Millennium Tourism & Congress" şirkətinin mükafatı da sözügedən tədbirdə sahibinə təqdim ediləcək.

Qeyd edək ki, Dünya Turizm Təşkilatının qərarına əsasən, bu il Dünya Turizm gününün şüarı "Turizm və biomüxtəliflik"dir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...