Rus Dram Teatrı mövsümə “Vəziri - xani Lənkəran”la başlayacaq

Səməd Vurğun adına Rus Dram Teatrı yeni teatr mövsümünün açılışına hazırlaşır. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, teatr 138-ci mövsümünün açılışında "Vəziri - xani Lənkəran" tamaşası ilə çıxış edəcək. Bu il həm də teatrın 90 illik yubileyidir. Bu yubileydə mədəniyyət ocağı teatrsevərlərin qarşısına 4 tamaşanın premyerası ilə çıxacaq.

Teatrdan bildirilib ki, bu mövsüm bütün premyeralar, tədbirlər və festivallar yubileyə həsr olunacaq. Premyeralardan birincisi Rusiyadan dəvət olunan rejissor İsgəndər Sakayevin hazırladığı "Yay gecələrində yuxu" tamaşasıdır. Boris Lukinskovun quruluş verəcəyi tamaşa "Həqiqət yaxşıdır, xoşbəxtlik gözəldir" adlanır.

Bu mövsüm premyeralarının içində teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluşunda "Ailəyə aid olmayan portret" tamaşası da var. Teatr balaca tamaşaçılarını da unutmayıb. Belə ki, kollektiv uşaqlar üçün yeni il nağılı hazırlayır. Teatr bu mövsüm Yalta festivalına da dəvət alıb. Kollektiv festivalda "Ər almaq istəyirəm" tamaşası ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə