Kukla Teatrı beynəlxalq festivala dəvət alıb FOTOLAR

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir beynəlxalq festivala dəvət alıb. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, teatrın kollektivi aprelin 15-dən 19-dək Rusiya Federasiyasının İvanov şəhərində baş tutacaq XI Beynəlxalq "Muraveynik" kukla teatrları festivalında iştirak edəcək.

Festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iştirak edəcək Azərbaycan Dövlət Kukla Teatrının kollektivi tamaşaçılar qarşısında teatrın uğurlu səhnə işlərindən olan "Ağ və Qara" tamaşasını göstərəcək. Kamran Şahmərdanın quruluş verdiyi tamaşada əsas rolları Rəhim Rəhimov, İqbal Əliyev, Cavid İbrahimov və Lina Məmmədova ifa edirlər.

15-dən artıq kukla teatrının iştirak etdiyi festivalın proqramı zəngindir. Belə ki, teatr bayramında ölkəmizlə yanaşı, ev sahibi Rusiyanın bir neçə məşhur kukla teatrı, həmçinin, Türkmənistan, Qazaxıstan, Dağıstan və digər ölkələrin də kuklaçıları öz tamaşaları ilə çıxış edəcəklər.

Qeyd edək ki, artıq iki beynəlxalq festivalda uğurla təmsil olunan tamaşa Kamran Şahmərdanın eyniadlı pyesi əsasında böyük tamaşaçılar üçün nəzərdə tutulub. Səhnə əsərində kor uşağın taleyi, onun gözünün günəş tərəfindən açılmasından sonra dünyanı seyr etməsi, gözəlliklərdən zövq alması, qara qüvvələrlə rastlaşması və onlarla mübarizəsi öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə