Musiqi festivalının açılış mərasimi keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş musiqi festivalının açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşan tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulan qurum 80 illik fəaliyyəti dövründə böyük işlər görüb, bir sıra nailiyyətlər əldə edib.

Qurumun 80 illik yubileyi münasibətilə təşkil olunan bu musiqi tədbirinin proqramının rəngarəng olduğunu söyləyən sədr festival çərçivəsində müxtəlif konsert salonlarında reallaşacaq tədbirlərdə 70 müəllifin müxtəlif janrlarda bəstələdikləri musiqiləri səslənəcəyini söyləyib. F.Əlizadə qeyd edib ki, festivalda xarici ölkələrdən musiqişünas və bəstəkarlar da iştirak edirlər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında Bəstəkarlar İttifaqının 80 illiyi bir ilə yaxındır ki, müxtəlif tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb:"Azərbaycanın müstəqilliyi dövründə bu qurumun özünün yaradıcılıq potensialını səfərbər edərək ölkənin fəaliyyətində özünəməxsus layiqli bir yer tutması əlamətdar haldır. Klassik Azərbaycan musiqisinin, yaradıcılıq potensialının genişləndirilməsində, inkişafında Bəstəkarlar İttifaqı çox böyük və mühüm rol oynayıb. Müxtəlif dövrlərdə bu quruma rəhbərlik edən Qara Qarayev, Tofiq Quliyev və digərləri Azərbaycan musiqisinin inkişafına dəyərli töhfələri veriblər.Bu gün Azərbaycan musiqisi ölkəmizin hüdudlarından kənara çıxıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə Azərbaycan mədəniyyətinin təqdimatları keçirilir. Sözsüz ki, bu təqdimatlar çərçivəsində musiqimiz ən əsas qüvvədir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan müxtəlif festivalların keçirilməsində Bəstəkarlar İttifaqı da fəal iştirak edir".

Sonra Ü.Hacıbəyli adına Azərbaycan Simfonik Orkestrinin konserti olub. Orkestrə Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov dirijorluq edib.

Konsertdə, həmçinin Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası da çıxış edib. Konsertdə Sərdar Fərəcovun "Türk şöləni", Dadaş Dadaşovun qanun ilə simfonik orkestr üçün konsert, Cəlal Abbasovun "İf İ could see you again" simfoniyası, Mobil Babayevin viola və simfonik orkestr üçün konsert, Rəna Qədimovanın "Sarı gəlin" balladası, Həsən Adıgözəlzadənin "Bursa" kantatası, Məmməd Cəfərovun "Vətən dedim" kantatası, Tofiq Bakıxanovun "Həmişə bizimləsən" simfonik poeması, Cövdət Hacıyevin "Sülh uğrunda" simfonik poeması səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə