“Buranovskiye babuşki” qrupunun final çıxışı hərarətlə qarşılanıb

"Eurovision-2012" mahnı müsabiqəsinin finalında Rusiyanın "Buranovskiye babuşki" qrupu "Baku Crystal Hall"da səhnəyə altıncı çıxmışdır.

AzərTAc xəbər verir ki, qrup Rusiyanı final mərhələsində "Party for Everybody" mahnısı ilə təmsil etmişdir. Ənənəvi udmurt geyimində səhnəyə daxil olmuş qrupun üzvləri sobada kökə bişirmiş, yaddaqalan ifa nümayiş etdirmişlər.

"Buranovskiye babuşki" Rusiya Federasiyasının Udmurt Respublikasının Buranovo kəndindən olan folklor qrupudur. Qrupun ən yaşlı üzvünün 77 yaşı vardır. Qrup 2008-ci ildə "Rossiya" televiziyasında onun haqqında hazırlanmış proqramın nümayişindən sonra məşhurlaşmışdır. "Buranovskiye babuşki" Rusiya və Qərb musiqilərini, "Queen", "Aquarium", "Kino" və "Shocking Blue" kimi əfsanəvi musiqi qruplarının mahnılarını da ifa edir. Onların ifasına udmurt folklor musiqisinin əhval-ruhiyyəsi hakimdir.

Bakıda olduqları müddətdə rusiyalı nənələrin repertuarına udmurt dilində Azərbaycan haqqında mahnı da daxil edilmişdir. Nənələr udmurt dilində Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnısını hazırlamışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə