“Qobustan kodları” elmi-tədqiqat layihəsi çərçivəsində “Nine Senses” incəsənət mərkəzində qədim Qobustan sivilizasiyası fenomeninin tədqiqinə həsr olunmuş dəyirmi masa keçirilib.
SİA xəbər verir ki, tədbirdə arxeologiya, sənətşünaslıq, ekologiya və tarix sahələrinin mütəxəssisləri iştirak ediblər.
Dəyirmi masaya moderatorluq edən “Nine Senses” incəsənət mərkəzinin direktoru Natalya Jukova “Qobustan kodları” sərgisinin konsepsiyasından danışıb.
Qobustanlı şaman Tərlan Manafov Azərbaycanın nadir mədəni irsə malik olduğunu qeyd edib. “Qobustandakı qədim artefaktların ətraflı öyrənilməsi bizə keçmişi daha yaxşı dərk etməyə və ona qərq olmağa imkan verir. İnsan həyatı boyu öz mənşəyi və Tanrısı ilə bağlı suallara, eləcə də digər ekzistensial mövzulara cavab tapmağa çalışır. Qobustandakı qayaüstü rəsmlər ilahi təzahürlər kimi qəbul edilirdi. Onlar əsl möcüzədir”, - deyə şaman əlavə edib.
“Həyəcan” QHT-nin sədri, meşə biomüxtəlifliyi üzrə ekspert Əliheydər Məmmədov qədim Azərbaycan sivilizasiyalarına unikal baxış təqdim edib, onların müqəddəs inanclar, miflər və adət-ənənələr prizmasından təhlilini aparıb.
Ölkəşünas, “Artefakt Ovçuları” təşəbbüs qrupunun rəhbəri Sabit Coculu öz məruzəsində Qobustan damğalarının əhəmiyyətini, onların qorunub saxlanılmasının, mühafizə olunan abidələrin reyestrinə daxil edilməsinin, eləcə də turizm marşrutları vasitəsilə populyarlaşmasının vacibliyini vurğulayıb.
Sonda dəyirmi masa iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonra istedadlı fotoqraf və rejissor İlkin Zəfərlinin yaratdığı “Qobustan-3029” bədii dioramasının təqdimatı olub. Bu nadir əsər Qobustana uzaq gələcəkdə - 3029-cu ildə baxışdır. Diorama tamaşaçıları xəyali reallığa aparır, burada müqəddəs ərazi mifologiya, müasirlik və futurizmi birləşdirən yeni ölçüdə görünür. Müəllif bu əsərin yaranma tarixindən, belə qeyri-adi bədii tədqiqata nəyin ilham verdiyindən danışıb, miniatürün təfərrüatlarına hopmuş gizli mənaları açıb.
Sonra tamaşaçılara Toğrul Avşarın Qobustanın mənzərəli yerlərində, Azərbaycanın “güc məkanlarında” çəkilmiş film nümayiş etdirilib. Bu film rəssamın müqəddəs məkanla əlaqəsini dərindən araşdıraraq, güc məkanında olmağın necə ilham mənbəyinə çevrildiyini, yaradıcı insanı böyük enerjinin ötürücüsünə çevirdiyini göstərir. Film sənət prizmasından ərazinin daxili enerjisinin necə canlandığını və tamaşaçıya necə ötürüldüyünü göstərir, kosmik harmoniyanın tərkib hissəsinə çevrildiyini ortaya qoyur.
Bütün xəbərlər Facebook səhifəmizdə