“Xor məktəbi" dərsliyinin təqdimatı keçirilib - FOTOLAR

Noyabr ayının 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş idarəsi Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin direktoru, Respublikanın Əməkdar müəllimi Məhin Orucovanın yazdığı “Xor məktəbi” dərsliyinin təqdimat mərasimi keçirilib.

Tədbiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı açaraq qeyd edib ki, bu gün Cövdət Hacıyev adına 3 nömrəli 11-illik məktəbinin direktoru, Respublikanın Əməkdar müəllimi Məhin Orucovanın ərsəyə gətirdiyi “Xor məktəbi” kitabı Respublikamızda Uşaq musiqi və İncəsənət məktəblərində dərs vəsaiti kimi istifadə ediləcəkdir.

Aparıcı kitab haqqında geniş məlumat verdikdən sonra, çıxış üçün sözü Bakı şəhər Mədəniyyət Baş idarəsinin rəisi İbrahim Əliyevə verib. İbrahim Əliyev Məhin Orucovanın musiqi məktəbləri üçün yazdığı “Xor məktəbi” kitabını yüksək qiymətləndirib. Eyni zamanda Məhin Orucovaya tədris sahəsində göstərdiyi xidmətlərə və incəsənətimizin inkişafında roluna görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, xor sənəti zəngin Azərbaycan musiqisinin ayrılmaz qollarından biridir. 1921-ci ildə Üzeyir bəy Hacıbəyli Konservatoriyanın bütün tələbləri üçün notla oxuma fənnini tədrisini vacib hesab edirdi və çalışırdı ki, Azərbaycan gənclərində xorla oxuma sənətinə maraq oyatsın.

Sonra çıxış üçün söz Əməkdar incəsənət xadimi, Musiqi Kollecinin direktoru professor Nazim Kazımova verilib. Professor qeyd edib ki, "mənim özüm də gənclik dövründə musiqi məktəbində xorda oxumuşam. Sonra tar ixtisasına yiyələnmişəm. Məhin Orucovanın yazdığı “Xor məktəbi” dərsliyi Respublikada uşaq və incəsənət məktəblərinə bir töhfədir”.

Digər çıxışçılar da ürək sözlərini deyib və musiqi nümunələri təqdim ediblər. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” Operasından “Qızların xoru”nu xormeyster Nigar Səmədova və konsertmeyster Səadət Məmmədovanın iştirakı ilə Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin “Renessans” xoru ifa edib. Digər çıxışlar - Maksim Dunayevskinin “Tridçat tri korovi” əsərini ifa etdilər, məktəbin "Divizi" xoru, Xormeyster Aytən Cəfərova “Konsertmeyster Gülər Məmmədova, Bəstəkar Sevda Rəhimovanın “O Can Azərbaycandır” əsərinin təqdimatı (videoçarx vasitəsilə) keçirildi. Uşaq xoru üçün yazılan bu əsər Zəfərimizin 3-illiyinə həsr olunub və "Renessans" xorunun ifasında səsləndirilib. Xoru “Sənət uşaq musiqi və incəsənət mərkəzi”nin rəqs kollektivi müşayiət edib (Xoreoqraf Günay Muradi).

Daha sonra çıxış üçün söz Cövdət Hacıyev adına 3 nömrəli 11 illik məktəbinin direktoru, Respublikamızın Əməkdar müəllimi Məhin Orucovaya verilib. O, tədbirdə iştirak edən Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi metodik və ixtisasartırma Mərkəzinin Təhlil-təlim və Tədris şöbəsinin Tədris Proqramları iş şöbəsinin metodisti Leyla Rzayevaya, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Əməkdar müəllim Aqil Qafulova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, Əməkdar artist Naala Barateliyaya, kompyüter yığımçısı Yavər Neymətliyə öz təşəkkürünü bildirib. Kitabın ərsəyə gəlməsində köməklik göstərdiyinə görə, Mədəniyyət Nazirliyinə və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevə öz minnətdarlığını bildirib.

Məmmədhəsən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə