2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”dir

“Təbəssüm”ün təbiətə yaşıl töhfəsi

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu ilin çərçivəsində Bakıda keçiriləcək COP29 sammitinə töhfə olaraq kompleks ekoloji tədbirləri həyatı keçirmək nəzərdə tutulub. Artıq respublika ərazisində bu tədbirlərin başlanmasına start verilib. Adı dillər əzbəri olan, Lerik rayonu ərazisində yerləşən “Təbəssüm” Turizm istirahət və əyləncə mərkəzi də bu beynəlxalq tədbirə öz töhfəsini verir. Mərkəz əsrarəngiz təbiətin qoynunda yerləşir. Təbii ki, buraya digər istirahət mərkəzlərindən daha çox turist və qonaq axını var. Həmişə qonaq-qaralı olan “Təbəssüm”də tikinti zamanı nə bir ağaca, nə bir yaşıl kola xətər toxunmayıb. Hətta tikililərin ortasına düşən nəhəng ağaclar belə bütün təbiiliyi ilə saxlanılıb. İstirahətə gələn qonaqları öncə Lənkəran çayının həzin şırıltısı və dağlardan tökülən şəlalələrin harayı, çal-çağırı qarşılayır. Qonaqların istirahəti üçün tikilən kotteclər, körpü kompleksi, inzibati bina və digər tikililər təbiətin harmoniyasını pozmayıb, əksinə buraya yeni həyat gətirib.

Lerik rayonu Azərbaycan arıçılığının məskənlərindən biri sayılır. Vaxtilə “Təbəssüm”ün yerləşdiyi ərazidə Kamil kişi adlı məşhur arıçı olub. Onun səyiylə yaradılan arıçılıq təsərrüfatı rayonda bu sahənin genişlənməsinə geniş imkan yaradıb. Kamil kişinin istehsal etdiyi bal öz təbiiliyi ilə həmişə seçilib. O, öz arıçılq təsərrüfatına təbiətin bir parçası kimi baxıb. Elə buna görədə burdakı yaşıllığa yaşıllıq qatıb və təbiətin bəxş etdiyi gözəllikləri, sərvətləri layiqincə qoruyub...

“Təbəssüm”ün rəhbəri Akif Əliyev Cənubda tanınmış ziyalılarımızdandır. İlk baxışdan ciddi görünsə də, əslində çox maraqlı həmsöhbət, yüksək mənəvi keyfiyyətlərə malik bir insandır. Ara-sıra şeirlər də yazır. Görünür, ondakı yaradıcı ilham da təbiətdən qaynaqlanır. Akif Əliyevlə istirahət mərkəzinin ərazisini gəzdikcə təəssüratlarımız daha da genişlənir. Bizə elə gəlir ki, heç yerdə görmədiyimiz təbii bir aləmə düşmüşük. Yarpaqların pıçıltısı, bulaqların şırıltısı, quşların civiltisi bir-birinə qarışaraq təbiətdə bir ahəngdarlıq yaradır. Lakin diqqətimizi daha çox çəkən isə təbiətin şıltaq övladı olan, dağların zirvəsindən dərəyə tökülən şəlalənin hay-harayı oldu. Onu yaxından seyr edirik. Bizə elə gəlir ki, “Təbəssüm” də çağlayan bu dağ şəlaləsi insanları təbiətin qoynuna çağırır. Çağırır ki, təbiətin gözəllikləri fonunda qonaqlara göstərilən xidmət mədəniyyətini yaxından görsünlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ərazidə olması Akif müəllimin həyatında unudulmaz bir hadisəyə, məqama çevrilib. Turizmin inkişafı üçün məhz “Təbəssüm”dəki münbit şəraiti düzgün qiymətləndirən dövlət başçısı turizm obyektlərinin daha çox tikilməsinə diqqət çəkərək deyib: “Lerik rayonunun çox gözəl təbiəti, əlverişli iqlimi burada turizmin genişləndirilməsi üçün hər cür imkanların olduğunu göstərir. Turizmin inkişafı bölgənin prespektivləri baxımdan prioritet sahədir. Lənkəran – Lerik avtomobil yolu boyunca yaradılmış kurort, istirahət zonaları və kompleksləri bunu bir daha təsdiq edir...”
Lənkəran – Lerik yolunun 27 kilometrliyində yerləşən “Təbəssüm”ün bünövrəsi hələ 2000 – ci ildə qoyulub. Onda kafe kimi fəaliyyət göstərsə də, 2004 – 2008 – ci illərdə isə turizm obyektinə çevrilib. Həmin illərdə qəbul olunmuş Regionların Sosial İqtisadi İnkişafına dair Dövlət Proqramında “Təbəssüm”ün ərazisində 50 nəfərlik turizm – əyləncə mərkəzinin tikilməsinin vacibliyi xüsusi qeyd olunub. Hətta ölkə rəhbərinin tapşırığına əsasən bu məqsədlə kredit də ayrılıb. Füsunkar və ecazkar təbiətə malik “Təbəssüm” bir sıra xarici ölkələrdən gələn qonaqlarını qəbul etdikcə təbiətə heç bir müdaxilə olmadan yenidən tikilir və genişləndirilir. Yuxarıda qeyd etdiyimiz kimi inşaat işləri elə zərgər dəqiqliyi ilə görülür ki, bir ağaca, budağa, yarpağa belə xətər toxunmur. Demək burada həm ana təbiət qorunur, həm də turistlərin istirahəti, rahatlığı ən yüksək səviyyədə təmin olunur.

Yaxşı deyirlər ki, vətənə, doğma yurda sevgi ana təbiətə vurğunluqdan, onu göz bəbəyi kimi qorumaqdan başlanır. Bu yerdə Azərbaycan xalqının taleyində öz xeyirxah əməlləri ilə silinməz iz qoyan, dövlətçiliyimizin möhkəmlənməsində əvəzsiz xidmətləri olan, eləcə də vətən təbiətini bütün varlığı ilə qoruyan və ümumdövlət əhəmiyyətli bu işi nəsillərə ötürən Əliyevlər ailəsini xatırlamamaq mümkün deyil. Eləcə də Azərbaycan təbiətinin patriarxı sayılan, bütün ömrünü təbiətşünaslıq elminə həsr edən akademik Həsən Əliyevin “Həyəcan təbili” kitabını həyəcansız oxumaq olmur. Azərbaycan Respublikasının Birinci – Vitse Prezidenti Mehriban xanım Əliyevanın, İDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təbiətlə bağlı vətənpərvərlik təşəbbüsləri bu gün də öz ekoloji əhəmiyyətini itirmir. Hansı ki, bu təşəbbüslərə bütün ölkə əhalisi qoşulub, respublika ərazisində 100 minlərlə ağac və kol əkilib.

Azərbaycan Respublikasının memarı və qurucusu Ümummili Lider Heydər Əliyevin təbiətə diqqət və qayğısından isə xüsusi danışmağa dəyər. Dahi rəhbərin təbirincə desək təbiət, ekologiya ölkəmizin nəfəsi və həyatıdır. “Təbəssüm” Turizm istirahət və əyləncə mərkəzində Lənkəran çayının üstündə salınan körpü kompleks abidəsi dahi rəhbərin 100 illik yubileyi münasibətilə tikilib. Bu eyni zamanda Ulu Öndərə kollektivin bəslədiyi böyük məhəbbət və sevginin təzahürüdür. Təsadüfi deyil ki, Azərbaycanın qədim memarlığının xüsusiyyətlərini özündə əks etdirən bu körpüdə diqqətimizi çəkən mərmər lövhənin üstündə bu sözlər yazılmışdır. “XX – ci əsrdən XXI – ci əsrə böyük siyasəti, fövqəladə zəkası ilə körpü salan Ulu Öndərin 100 illik yubileyi münasibətilə yaradılan tarixi abidə kompleksi”.

Körpünün bütün memarlıq komponentləri ilə əraziyə xüsusi yaraşıq verməsilə bərabər, həm də sosial mahiyyət daşıyır. Yeri gəlmişkən deyək ki, bu körpüdən gediş-gəliş üçün yerli əhali də istifadə edir.
Mərkəzin rəhbəri Akif Əliyev bir məqamı da xüsusi olaraq diqqətinizə çatdıraraq:- Regionların Sosial İqtisadi İnkişafı haqqında Dövlət Proqramı ( 2004-2008-ci illər) çərçivəsində ölkə prezidenti İlham Əliyevin Leriklə ilk tanışlığı məhz “Təbəssüm” Turizm istirahət və əyləncə mərkəzindən başlayıb, - deyə bildirdi. – Dövlət başçısı gördüyünüz şəlaləyə baxarkən heyrətini gizlədə bilməyərək dedi: “Şəlalənin təbiiliyini pozmaq olmaz. Hər şeyi olduğu kimi saxlamaq lazımdır. Axı, təbiət öncə öz təbiiliyi ilə gözəldir. Təbiət bizi düşündüyü kimi biz də onu düşünməliyik.”

İxtisasca aqrokimyaçı-torpaqşünas olan Akif Əliyev 1999 – cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hazırda rayon Sahibkarlar Asossiyasiyası İctimai Birliyinin sədridir. Təbiətə vurğunluq, təbii sərvətləri qorumaq hələ uşaq yaşlarından onda vərdişə çevrilib. Bir çox məsul vəzifələrdə çalışan atası Balaşirin Eloğlunun doğma yurdun təbii gözəlliklərindən bəhs edən şeirlərini əzbərləyib. Bəlkə elə o vaxtdan təbiətə məhəbbət hissləri onun qanına hopub, sümüyünə işləyib. Elə buna görə də, istirahət mərkəzində gedən tikinti işlərinə şəxsən özü nəzarət edir ki, ətraf mühitə qətiyyən ziyan dəyməsin, təbiətin füsunkarlığına, gözəlliklərinə xələl gəlməsin. Atasının yolunu davam etdirərək asudə vaxtlarında yuxarıda qeyd etdiyimiz kimi şeirlər də yazır. Bu şeirlərdə təbiətin özü qədər təbiilik, şəffaflıq və gözəllik var.

Akif Əliyev təkcə bir sahibkar kimi öz fəaliyyətini məhdudlaşdırmır. Təbiətin mühafizəsi, onun təbiiliyinin qorunması daim onun diqqət mərkəzindədir. Yeri gəlmişkən təbiətə münasibətlə əlaqədar fikirlərini bizimlə bölüşüb dedi: -“Təbəssüm” Turizm istirahət və əyləncə mərkəzini yaradanda öncə təbiətin mühafizəsi barədə düşündüm. Burada çalışan kollektivi də məhz təbiətə məhəbbət ruhunda formalaşdırdım. İndi rəhbəri olduğum “Təbəssüm” saysız – hesabsız qonaqların, turistlərin istirahət məkanına çevrilib. Qonaqlara Cənub təbiətinin gözəlliklərini göstərməklə bərabər eyni zamanda Azərbaycan mətbəxinin təbliğini də unutmuruq.

... Biz həmçinin Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun, Rayon Polis Şöbəsinin rəisi, polis -polkovniki Ramil Mustafayevin gündəlik diqqət və qayğısını hiss edirik. İstər icra başçısı, istərsə də polis rəisi ümumiyyətlə COP 29 sammitindən irəli gələn vəzifələrin və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində bizə yaxından kömək göstərir, təbiətin mühafizəsinə, ətraf mühitin qorunmasına ekoloji töhfələrini verirlər. Eləcə də fürsətdən istifadə edib rayonumuzun sahibkarları və ziyalıları adından ekoloji tarazlığın, ekosistemin mühafizəsində verdiyi dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Naziri, COP 29 sammitinin Prezidenti cənab Muxtar Babayevə minnətdarlığımızı bildiririk.

Akif Əliyev danışdıqca hiss edirdik ki, o, həm də dərin siyasi təfəkkürə malikdir. Dünyada tanınmış siyasi xadimlərin rəhbərlik fəaliyyətini, siyasi yaradıcılığını diqqətlə izləyir. Xüsusilə müstəqil dövlətimizin banisi Ümummilli Liderimiz Heydər Əliyevin vurğunudur. Çalışır ki, bu əzəmətli şəxsiyyət haqqında çalışır ki, daha çox oxusun, haqqında yazılan kitabları mütaliə etsin.

–Heydər Əliyev Kürreyi-ərzin, bəşər tarixinin aparıcı Lideri, zəmanəmizin görkəmli siyasi xadimi, xalqımızın böyük sərkərdəsidir, - deyə Akif Əliyev Ümummilli Lider haqqında xüsusi şövqlə danışır. – Dahi rəhbərin bütün həyatı vətənə, Azərbaycan xalqına fədakarcasına xidmət etmək nümunəsidir. Eyni zamanda Ulu Öndər insanlığın, yaşadığı zəmanənin və həyatın fövqündə duran bir şəxsiyyətdir. Nə yaxşı ki, dahi rəhbərin əsrarəngiz və füsunkar təbiətə malik Qarabağ haqqında arzuları çin oldu. Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti, Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində itirilmiş torpaqlar geri alındı. İndi həmin ərazi öz dirçəliş dövrünü yaşayır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası dövlət başçısının sərəncamı ilə yaşıl zona elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və yenidənqurma pörosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

İndi “Təbəssüm” təbiətin gözəl fəsli olan növbəti baharını yaşayır. Bahar öz gəlişi ilə bu yerin füsunkar gözəlliyini daha da artırır. Çağlayan şəlalələrin hay-harayı, quşların civiltisi, yarpaqların pıçıltısı insana heç vaxt dinləmədiyi bir musiqinin, mahnının möcüzəsini yaşadır. Hələ qış yuxusundan oyanmış ürkək bənövşələr. Ərazi başdan-başa bənövşələrin təravətinə bürünüb. Elə buna görədir ki, “Təbəssüm”ə gələnlər arasında dünyanın məşhur ekoloq-alimləri, təbiətşünasları və digər təbiətlə bağlı insanlar onların arasında yer alır. Sevindiricidir ki, bu yaşıl məkanda Ümumdünya Təbiətin Mühafizə Fondunun direktoru Mikael Zukkov da olub və elmi araşdırmalar və tədqiqat işləri aparıb.

“Təbəssüm” gözəl təbiəti, göstərdiyi nümunəvi xidməti, istirahəti, rahatlığı və Azərbaycan mətbəxinin ləziz yeməkləri... ilə turistlərə, qonaqlara təbəssüm bəxş edir. Eyni zamanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qarşıdakı beynəlxalq tədbirə - COP 29 sammitinə öz yaşıl töhfəsini verir.

Bəxtiyar Hüseynov,
Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliyinin üzvü.

Bütün xəbərlər Facebook səhifəmizdə