1990-lar da bizə müharibə acısını yaşatdı, 2020-lər də. 1990-larda Birinci Vətən Müharibəsini, 2020-lərdə isə İkinci Vətən Müharibəsini yaşadıq. Ancaq 30 illik zaman kəsiyinin o başı ilə bu başı arasında o qədər böyük fərqin olduğunu da müşahidə etdik.

İki il öncə İkinci Vətən Müharibəsinin başlandığı bu günlərdə yenə də o illərlə bu illər qarşı-qarşıya dayanaraq öz müqayisəsini qoyur ortaya. Torpaqlarımızın işğalını, azad edilməsini, ozamankı ordumuzu, hazırkı ordumuzu. O dövrdəki ölkəmizi, indiki ölkəmizi. Ozamankı dövlət rəhbərini, indiki dövlət rəhbərini. O zamankı itkilərimizi- şəhidlərimizi, itkinlərimizi, bu dəfəki itkilərimizi, həm o, həm də indiki qazilərimizi.

Tarixin bir qərinəyə yaxın zaman kəsiyinin o başında və bu başında dayanan hadisələrin oxşar və fərqli cəhətləri göz önündədir, bəli. Bu gün Anım günündə minlərlə şəhidimizin ruhunu anarkən, onların Vətən yolunda canlarını fəda etmələrini, ölümün gözünə dik baxmalarını xatırlayarkən elə tarixin o başındakı hadisələrlə bu başındakı hadisələrin fərqi də gözlər önündə canlanır.

Biz Vətən torpaqları üçün həm 1990-larda, həm də 2020-lərdə minlərlə şəhid vermişik. Namusumuzun, şərəfimizin mühafizəsi üçün canımızdan keçmişik. Lakin 1990-larda şəhid olanlarımızın arxasında dayanan olmamışdı. Onlar özlərinin oradan-buradan tapdıqları silahlarla, köhnə texnika ilə, özlərinin gücünə düşmənin qarşısına çıxmışdılar. Çünki arxalarında dövlət yox idi. Onlara kömək edəcək, yardım göstərəcək dövlət yox idi. Hələ üstəlik bu üzdəniraqlar torpaqları satıb igidlərimizi bilə-bilə ölümə göndərmişdilər. Onlar cəbhədə döyüşürdülər. Son damla qanlarınadək döyüşməyi qarşılarına məqsəd qoymuşdular. Lakin torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Çünki torpaqlarımızın xəritəsi, düşmənin haradan girib, haradan qəsb etməsi planı onlara verilmişdi. Bu səbəbdən də 15 mindən artıq həmvətənimizi itirdik. Sonda nə oldu? Əllərimiz boş qaldı-torpaqlarımız getdi. Könlümüz zimistana çevrildi-balalarımız getdi.

Zaman da, tarix də sübut etdi ki, sərkərdə sərkərdə olanda ordu bada getməz. Heç bir ordu, birləşmə rəhbərsiz nə isə etməyə qadir ola bilməz. Bunu 2020-ci ilin 44 günlük müharibəsində açıq şəkildə gördük. Gördük ki, dövlətimizin başçısının praqmatik baxışı, ölkə iqtisadiyyatının son illərdə inkişafı, ordumuzun təchizatının yaxşılaşdırılması və yüksək sərkərdəlik, rəhbərlik, bir də torpağa sevgi, can yanğısı torpaqlarımızın azad olunmasında xüsusi əhəmiyyət kəsb etdi. Gördük ki, torpağın azad olunmasında ən başlıca amil torpağa olan sevgidir. Bu sevgi olmayan yerdə torpaq azad oluna bilməz. Baxmayaraq ki, bizim müharibələrimizin hər ikisi eyni düşmənlə, eyni məqsədlə aparılırdı, gördük ki, ordunun sərkərdəsi olanda, ona kömək göstəriləndə, arxasında duranda az itki ilə məqsədə çatmaq olarmış.

Bəzən torpaqlarımızı satanların meydanda yenidən səslərini eşidirik. Utanmazlığın, həyasızlığın şahidi oluruq. Övladlarımızın qatillərinin, torpaqlarımızın günahkarlarının çıxmağa haqqı olmayan səslərini eşitmək nə qədər ürəkbulandırıcıdır. Anlamırlar, o səsləri eşitmək istəmədiyimizi. Anlasalar, səslərini əsla çıxarmazlar. Amma...

Biz 2020-lərdə 1990-larda buraxılan bağışlanmaz səhvləri düzəltməyə çalışdıq. Torpağı namusu bilməyib satanlar səbəbindən namus və şərəfimizi təmizlədik. Biz yenə də analarımızın qucağına şəhid verdik. Çünki şəhidsiz müharibə olmur. Onlara göz yaşı verdi bu müharibə. Lakin görün nəyə qadir olduq? Torpağımızı yağıdan geri almağa qadir olduq. Dünyaya heyrət etdiyi birliyimizi, həmrəyliyimizi göstərdik. Dünyaya 30 ilin qisasının alınmasını nümayiş etdirdik.

Şəhidlərimiz bizim başımızın tacıdır. Biz onların gənc ömürlərindən keçmələri naminə torpaqlarımızın yenidən sahiblərinə çevrildik. Bunu nə zaman, nə də tarix unudar. Bu Anım günündə torpaqlarımız uğrunda həm 1990-larda, həm də 2020-lərdə canlarından keçən şəhidlərimizi böyük hüznlə, minnətdarlıq hissi ilə anır, onlarla qürur duyduğumuzu bir daha söyləyirik. Nə qədər ki, bu xalq, bu millət var, onlar bizim qəlbimizdə ucalan ən dəyərli abidə olaraq hər an ziyarət olunacaq, anılacaqlar. Çünki onlar torpaq, Vətən, namus və şərəf uğrunda canlarını fəda edib bizim şərəfimizi bizə qaytaranlardır.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə