Elmimiz xəstədirsə,... - KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Heç vaxt kütləvi şoulara qoşulmuram, fikir bildirmirəm, amma bu dəfə mövzu ən vacib sahədir- elmdir. Ona görə də, bir kaç kəlmə söz ifadəsinə əşhədü ehtiyacım var. AzTv-nin Elmlər Akademiyasından hazırladığı biabırçı reportaj ifşa edildikdən sonra belə bəziləri yazır ki, Elmlər Akademiyası ləğv edilməlidir, çünki işləyə bilmir, fayda vermir. A kişi, ay arvad, bu xəstə təfəkkürlə 90-ların əvvəlində bütün iqtisadi, elmi, texniki bazamızı məhv etdiniz, xalqı, ölkəni kor qoydunuz də. “Sovetin qalığıdır” deyib zavodları, fabrikləri, müəssisələri, elmi mərkəzləri, kitabxanaları... məhv etdiniz. İndi nə istəyirsiniz?

Bir şeydə problem varsa, həll edilməlidir, düzəldilməlidir, dağıdılmalı deyil! Bu ona bənzəyir ki, evində təmir işi varsa, təmir etmək əvəzinə evi dağıdırsan. Y da adam xəstədirsə, müalicə etmək əvəzinə zəhər verib öldürürsən. Bu xəstə düşüncə ilə hara kimi getmək fikrindəsiniz ki? Sizin dərdiniz nədir? Nəhəng elmi potensialımızdan, elmi infrastruktumuzdan kiçik bir qırıntı qalıb, istəyirsiniz onu da məhv edək Əfqanıstana çevrilək?

Ölkənin, xalqın ən böyük səvrəti Elmlər Akademiyasıdır. Bəli, bu sahədə problemlər var, çatızmazlıqlar var. Lakin bunun yolu məhv etmək, dağıtmaq, uçurtmaq deyil, düzəltməkdir. Bu sahədə ciddi işlər görülməlidir, böyük dəstək verilməlidir, elmi laboratoriyalar, tədqiqat mərkəzləri yaradılmalıdır, lazimi texnologiya ilə təchiz edilməlidir. Alimlərin maaşı artırılmalıdır, onlara öz ixtiralarını sənayedə və sair sahələrdə tətbiq etmələri üçün şərait yaradılmalıdır. İxtiraçılara, gənc alimlərə şərait yaradılmalıdır. Söhbət texniki elmlərdən gedir, humanitar elmlər artıq bitib.

Son 30 ildə ölkədən 30 mindən artıq alim köçüb gedib. Elmi-tədqiqat institutlarının maddi-texniki bazası müasir tələblərə cavab vermir. Bu vəziyyətdə nə gözləyirdiniz ki? Elmə ayrılan vəsait çox azdır və xeyli artırılmalıdır. Şoulara, seriallara, futbola... ayrılan pulun 10 faizini elmə ayırsaydıq, indi də bu elmdən nəsə tələb edə bilərdik.

Bizdən hər sahədə dəfələrlə zəif Ermənistanda elmi nəşrlərin və elmi məqalələrin sayına görə bizdən 2 dəfə yüksək göstərici var. Belə çıxır ki, bizim xalq olaraq da elmə marağımız yoxdur, ya da burada perspektiv görmürük. Ali məktəblərin bitirənlərin neçəsi elmi yaradıcılıq sahəsinə gedir? Çox azı. Hamı çalışır ki, hazırda hansı sahədə qazanc çoxdursa ora yönəlsin.

Elmlər Akademiyasında başqa problemlər var. Burada gənc alimlərdən namizədlik və dokorluq dissertasiyası müdafiə etmək üçün yüksək səviyyədə ingilis dili tələbi absurddur. Ay qardaş, bura İngiltərədir? Yoxsa bu alim ingilis dili müəllimi olacaq? Alim 6 beynəlxalq dildən hər hansı birini bilsə kifayətdir- məsələn, ingilis, rus, ispan, fransız, çin, ərəb dili də ola bilər. Bu dillərin hər birində ağlagəlməz həcmdə elmi baza var. Nə deyib ancaq ingilis dili tələb edirsiniz? Biz İngiltərənin müstəmləkəsiyik?

Xarici elmi jurnallarda 20 məqalə dərc etdirməsi tələbi absurddur. Məlum olduğu kimi əksər elmi jurnallar biznes proyektidirv ə məqalə dərcinə görə böyük məbləğdə pul tələb edirlər. Bu “yetim” alim hardan almalıdır o pulları?

Dissertasiya müdafiə etmə prosesi illərlə uzadılır. Min dənə şərt qoyulur, bəziləri ümumiyyətlə absurddur. Belə çıxır ki, gənc alim milyoner olmalıdır ki, bütün bu işlərin və xərclərin öhdəsindən gələ bilsin. Və o müdafiə edib alim olanda artıq qocalmış olacaq, nə enerjisi, nə vaxtı, nə sağlamlığ qalacaq ki, elmə töhfə versin.

Bu qədər, vaxt, əziyyət, xərc çəkən alim nə qazanacaq? Gəlin görək, özəl şirkətlər alimləri, mütəxəssisləri işə götürürlərmi? Xeyr. Ona görə çoxu ölkədən gedir. Axı belə şəraitdə elmdən, alimdən nəsə gözləmək absurddur. Elmi İnstitutda işləyib 300-500 manat maaş alan alimdən, elmi işçidən nə gözləmək olar? O məcburdur ki, xaltura etsin, kənardan beş-on manat qazansın ki, ailəsi acından ölməsin.

Demək, problem alimlərdə deyil, bizdədir. Ona görə də, problemin nəticələri ilə uğraşmaqdansa, səbəbini tapıb həll etmək lazımdır. Dağıtmaq yox!

Bütün xəbərlər Facebook səhifəmizdə