Taleyimizdəki rəqəmlər: 104, 70, 30... - ÖZƏL

Bu gündən dünənə nəzər salanda diqqətimi ən çox çəkən də 30-dur, gözlərim önünə gələn də ancaq 30-dur. Çünki bu 30-un 104 yaşlı müstəqilliyimizlə unudulmaz bir bağlılığı var. Yəqin elə bu səbəbdəndir müstəqillikdən söz düşəndə ilk olaraq 30-un xatırlanması...

104 il əvvəl bu xalq özünü müstəqil respublika elan etmişdi. İstiqlal Bəyannaməsı istiqlalımızın, milli dirçəlişimizin bəyanı, Şərqə doğan ilk günəş idi. Bir xalqın azad yaşamaq mədəniyyətinin göstəricisi idi. Bir xalqın özünəməxsus qaydalar, qanunlar çərçivəsində yaşamaq arzusu, hüquqi dövlətini yaratmağa siyasi baxışı idi. Və bunu bacardı da. Həm də hamıdan əvvəl bacardı. Ortaya qoyduğu yenilikçiliyi, azad yaşamaq kimi böyük mədəni hissləriylə, demokratik düşüncəsi ilə bacardı. 28 May 1918-ci il bu xalqın mədəni səviyyəsini, dünyagörüşünü, özünəinamını, özünə hörmətini sərgiləyən gün oldu. Biz öz cümhuriyyətimizi yaratdıq. Düzdür, bu, asanlıqla olmadı, yenə də əsrlərdən bəri bu xalqa qarşı olan mövqelər bu dəfə də özünü göstərdi, lakin biz bunu bacardıq. Kimlərinsə uzatdığı əlləri kəsdik, dilləri susdurduq, kimlərinsə düşüncəsinin əksi olaraq, istəyinə rəğmən bacardıq. Respublika olduq. Cəmi 23 ay ərzində dünyanın aparıcı ölkələri tərəfindən tanındıq. Respublikanın idarə olunması, inkişafı üçün qanunlar hazırlandı, həyata keçirilməyə başlandı. Lakin parlamentdə olan erməni əli, bəzi qarşıdurmalar, bir də böyük imperiya yaratmaq fikrində olanlar bu müstəqilliyə tab gətirə bilmədilər. Bu neft ölkəsinin müstəqilliyinin bir neçə illər sonrakı nəticəsi onların gözlərinə bıçaq oldu. Belə olanda isə müstəqilliyimizin hər an itirilmək təhlükəsi yarandı.

104-ün 70-i

Və itirdik də. Müstəqilliyimizin üzərində sovet hakimiyyəti quruldu. 28 Mayımız 28 aprelin qurbanı oldu. Çox mübarizə apardıq, lakin gücümüz yetmədi. Müstəqilliyimiz qarşıda bizi gözləyən 70 ilin əsarətinə düşdü. Zorla, silah gücünə müstəqilliyimiz üzərində yeni hakimiyyət quruldu. Biz böyük bir imperiyanın gücünə tabe olmaq məcburiyyətində qaldıq. Rusiyanı yeni “Vətənimiz” deyə bizə təqdim etdilər. Lakin biz bunu qəti şəkildə qəbul etmədik. Ürəyimizdə yalnız Vətənimiz Azərbaycanı gəzdirdik, onu munis duyğularla, pak hisslərlə qoruduq, analığına bir zərrə xələl gəlməsinə izn vermədik. Biz yalnız anamızın qoynunda 70 ilə dözə bildik. Onun nəvazişləriylə, tövsiyələri, zəkası ilə bir əsrdən bir qədər aza tablaşa bildik. O günün nə vaxtsa gələcəyini anamızdan dinləyə-dinləyə 70 ilin hər gününü bir ümidə çevirdik. Bizi yaşadan anamızın mehribanlığı, qayğıkeşliyi, sığalı oldu. Yoxsa zülmlə qazandığımız müstəqilliyin zorla əlimizdən alınması alovunda çoxdan yanıb kül olmuşduq. Təsəllilərlə, tədbirli davranışlarla 70 ili ilbəil yola verdik.

Yola verdik, bəli, amma yasaqlarımız oldu, əlimizdən alınanlar, itirdiklərimiz oldu. Düşünəndə ki, 1918-ci ildə qazandığımız müstəqilliyimiz 70 il boyunca davam etsəydi, indi bu ölkə nə kimi inkişafa malik idi, istər-istəməz təəssüf hissi keçirir insan. Lakin nə fayda. Olan olmuş, 70 il istəməsək də əsarət zəncirlərində sıxılıb incimişik.

Sərvətlərimiz 70 ildə özgənin olub. İşləyən biz olmuşuq, mənfəətlənən özgəsi. Bizim sərvətlərimiz hesabına başqaları gözəl yaşayıblar, gözəl şəhərlərin, kəndlərin sahibi olublar. Bizim canlı qüvvəmiz, sərvətimiz hesabına müharibədə qələbə əldə ediblər. Lakin o doğma sərvətlərimizin uçub-dağılan kəndlərimizə heç bir faydası olmayıb. Yollarımız çala-çuxur, təmirsiz, binalarımız uçuq-sökük, illərlə təmirə möhtac qalıb. Övladlarımız rütubətli, birmərtəbəli, döşəməsi torpağa yapışan siniflərdə oxuyublar, fəhlə batalyonlarında əsgəri xidmət keçiblər.

Rus dili keçib dilimizin içərisinə. Hələ də o bəladan qurtula bilmirik. 70 il rus dili ana dilimiz üzərində hökmranlıq edib. Məktəblərimizdə ana dilimizdən çox rus dilinə yer verilib. İnsanlar bu dilə alışdırılıb. Elə bir şərait yaradılıb ki, rus dilində danışmayan insanlar sıxışdırılıb, onlara baxış yuxarıdan olub. Nə az, nə çox, düz 70 il idarəetmə rus dilində fəaliyyət göstərib. İndi də həmin dövrlərdənqalma hansısa bir sənəd ələ düşəndə o ögey dillə qarşılaşır, düşünürsən ki, gör bizim başımıza hansı oyunlar açılıb. Düşünürsən ki, İlahi, bu xalqın əzmi, gücü, dözümü nə qədərmiş... Repressiya illərinin məşəqqətlərini düşünəndə isə insanın bir anlığa sanki başına hava gəlir. Axı nə idi bu xalqın günahı, nə idi? Nə üçün bu qədər mərhumiyyətlər onun başına gəlməli idi? Nə üçün biz müstəqilliyimizi 70 ilə qurban verməli idik, nə üçün? Axı 70 il əsarətdə olmasaydıq, 70-in tamamında başlanan 30-u da yaşamayacaqdıq...

70-dən sonrakı 30

Bəli, 70-dən sonra dəhşətli bir 30 illik yaşayacaqdıq. Heç ağlımıza belə gətirə bilməyəcəyimiz dəhşətli dərəcədə. Biz 70-i yenə də azadlıq, müstəqillik eşqi ilə sonlandırdıq. 70-in əvvəlindəki kimi müstəqil olmaq istədik. Çünki bu bizim ruhumuz idi. 70 il birtəhər özümüzü sıxıb, səsimizi çıxarmadığımız ruhumuz. Lakin zamanı çatmışdı. Bu istək, bu arzu ya həyata keçməli, olmalıydıq, ya da ölməli. Elə bu sonsuz arzu, istəklə də yenə də Azadlıq meydanına yığışdıq. Biz azad olmaq istədik. Müstəqilliyimizi bərpa etmək istədik. Lakin buna razı olardımı böyük imperiya? Xeyr, olmayacaqdı. Elə olmayacağına görə də başımıza 20 Yanvar müsibəti açıldı. Üstümüzə tanklar yeridildi, küçələrdə, balkonlarımızda, parklarımızda silarlarla üz-üzə gəldik, ömürlərimiz bitdi. Nə uşağımıza, nə böyüyümüzə aman verildi. Qan su kimi bir gecənin yağışı oldu. Küçələrimizi qırmızı rəngli qərənfillər “bəzədi”, eyni sovet bayrağı rəngdə. 70 il başımız üzərində dalğalanan bayraq balalarımızın məzarını öz rənginə bürüdü. Ürəyimizə dağ çəkildi, fəryadımız asimana yayıldı...

Lakin müstəqil olmaq mücadiləsindən əl çəkmədik. Qanımız, canımız sayəsində 1991-ci ildə 1918-ci ildə qazandığımız müstəqilliyimizi bərpa edə bildik. Elə bu bərpa ilə də 70-dən sonrakı 30 il başladı. Qonşuluqdan kənar olmuşlarımız qızışdırılıb üstümüzə salındı. Dövlətimizin başında dayananlara satqınlıq təklif olundu, onlar da canla-başla bu işə razılıq verdilər. Torpaqlarımız bir-birinin ardınca işğal olundu. Bu xalq Xocalı kimi faciə yaşamalı oldu. Birinci Vətən Müharibəsində minlərlə oğul şəhid oldu, itkin düşdü. 30 il işğal olunmuş torpaqlarımızdan zorla çıxarılan insanlar qaçqın köçkün, didərgin statusu daşıdıalr. Qapıları bağlı qaldı yurdlarında. Həyət-bacaları erməni tapdağı altında inildədi. Erməni torpaqlarımızda daşı daş üstündə qoymadı. Satdı-sovdu evlərimizin dam örtüyünədək, torpaqlarımızın yeraltı-yerüstü sərvətlərinədək, meşələrimizin ağaclarınadək. Uçurdu, sökdü tarixi abidələrimizi, məscidlərimizi. Düz 30 il Qarabağ ağı deyib ağladı. Bircə il də zülmlə qazandığımız müstəqilliyi yaşaya bilmədi. Müstəqilliyimizdən 30 il xəbəri olmadı. Bilmədi ki, azadlığın dadı nədir. Qəddar əllərin xarabalığına çevrildi. Gözləri yolda soydaşlarını gözlədi. Bütün fəsilləri qovub çıxardı qoynundan, tək qışa yer verdi. Qış ömrünü yaşadı müstəqilliyinin gənclik çağında.

70 ildən sonra ikili 30 il yaşadıq. Biri 30 illik müstəqilliyimiz, digəri Qarabağımızın qara bəxtinin 30 ili. Qarabağ orada inlədi, biz burada ona əlimizi uzatmağa çalışdıq. Səsimizi dünyaya saldıq. Qarabağın harayını dünyaya yaydıq. Heç bir faydası olmadı. Biz müharibə istəmədiyimizi 30 ilin hər anında bəyan etdik. Torpaqlarımızın sakitliklə, dincliklə qaytarılmasını tələb etdik, eşitmədilər.

Dövlətimizin rəhbəri dünyanın ən mötəbər kürsülərindən beynəlxalq təşkilatları ədalətə dəvət etdi. Lakin onların qulaqları karlaşdı, eşitmədilər. Ulu öndərimizin Qarabağın qaytarılması nəsihəti ilə ölkəmizin iqtisadiyyatını gücləndirdik, ordumuzu təkmilləşdirdik. Çünki Qarabağın gözləri yollarda idi. Biz ona qayıtmağa hazırlaşmalı idik. Qarabağ orada 30 il gözlədi, biz burada 30 il onun üçün mücadilə apardıq. Bir gün azad olunması üçün tədbirlər gördük...

Zaman yetişdi... 2020-ci il oldu. Qarabağsız bilmədik müstəqilliyin dadını. Necə deyərlər, heç azadlığımızı yaşaya bilmədik ürəyimiz istəyən kimi. Çünki ürəyimizdə dağ boyda Qarabaq dağımız vardı. Bu dağı əritməyincə, Qarabağı da bu dağdan qurtarmayınca nə bayram, nə müstəqillik...

2020-ci ildə dövlətimizin başçısının son 18 ildə hər dəfə söylədiyi an yetişdi: Qarabağ danışıqlar yolu ilə azad olunmasa, müharibə yolu ilə azad olunacaqdır. Danışıqlar yolu baş tutmadı, biz torpaqlarımızın azadlığı uğrunda müharibəyə başladıq. 30 ildən sonra Qarabağa yollandıq: hazırlıqlı, təmkinli, qürurlu, əmin. 44 günlük İkinci Vətən Müharibəsi başladı. Minlərlə gəncimiz bu müharibədə döyüşdü, şəhid oldu, yaralandı, qazi oldu. 44-ün hər günü bir kəndimizin, ərazimizin işğaldan azad olunması ilə tarixləşdi. Bu xəbərləri Ali Baş Komandanımızdan, ordumuzun müzəffər sərkərdəsindən aldıq. Aldıqca da yeni müjdələri gözlədik.

Xalqımızın birliyinin, həmrəyliyinin yenidən şahidi olduq. Xalq-dövlət birliyinin nəyə qadir olduğunu gördük. Dünyanı heyrətə gətirən bir müharibə həyata keçirdik. Düşməni qarşımızda diz çökdürdük, 30 ili burunlarından gətirdik. Birinci Qarabağ Müharibəsində şəhid olanlarımızın, itkin düşənlərimizin də, incidilən hər kəsin qisasını aldıq. Torpaqlarımızı geri aldıq...

2020-nin 44 gündə payızını yaza çevirdik. Güldü Qarabağ torpaqları, ağacları payızda çiçək açdı, göyləri gurladı, çayları şaqqıltı ilə axdı. Qarabağın bəxti üzünə güldü. Qara rəngi bəyazlaşdı, ömrü təzələndi. 30 illik qəm-qüssəsini, ələm-kədərini atdı. Qara yaylığını çıxarıb al kəlağayısını saldı başına. Ağladı şəhidi, qazisi üçün. Lakin qürur göz yaşları idi bu yaşlar. Çünki bu Vətəndə oğullar torpaq üçün doğulur. Namus, şərəf olan torpaq üçün.

Zəfərli, qələbəli Müstəqillik Günü

Beləliklə Qarabağın azad olması ilə ərazi bütövlüyümüz bərpa olundu. Ötən il ilk dəfə oldu ki, müstəqillik bayramını azad torpaqlarımızla birgə qeyd etdik. Bu nə qədər əziz bir hiss idi, İlahi. Biz Qarabağa müstəqilliyin dadıını hiss etdirdik. 30 ildə heç bilmədiyi dadı. Müstəqillik Günündə Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl-azad torpaqlarımızın hamısı əl-ələ verib yallı getdilər. Həm müstəqilliklərini, həm də azadlıqlarını bayram etdilər.

Müzəffər sərkərdəmizin dəmir yumruğu 44 gündə minlərlə zərbəyə çevrilib düşməni birdəfəlik torpaqlarımızdan rədd etdi. İndi Qarabağ xoş günlərini yaşamaqda, yenidən qurulmaqda, abadlaşmaqdadır. Sinəsindən düşmənin son izləri təmizlənir ki, yurddaşları evlərinə qayıda bilsinlər.

Budur, yenə Müstəqillik Günündəyik. Bərpasından 30 il ötən müstəqillik günündə. Bu gün Qarabağ xalqı ilə Müstəqillik Gününün sevincini yaşayır. Həm Müstəqillik Gününün, həm də azadlığının sevinci bir-birinə qarışıb.

Ömrümüzdən 104, 70, və 30 rəqəmləri öz izləri, tarixləri ilə keçib, getdi. İndi qarşıda yeni illər gözləyir bizi. Bütöv, müstəqil Azərbaycanın ən xoş günləri hələ qarşıdadır. Ölkəmizin başçısının bu xalqa bəxş etdiyi qürurla yeni, işıqlı, abad bir yola çıxmışıq. Müstəqilliyimizin bərpasının 50-ci, 100-cü illərinə doğru bir yola...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...