Rəhmətlik atalarımız yerində deyiblər ki, utanmasan oynamağa nə var ki... Həqiqətən də utanmaq məfhumu böyük bir dəyəri ifadə edir. O dəyəri ki, əsrlərlə bu xalqın mentalitetinin kökündə dayanıb, zaman-zaman nəsillərdən-nəsillərə ötürülüb. Utanmaqda, utancaqlıqda gizli bir nüans var ki, insanlığa məxsus bütün xarakterlərin tacıdır. Allah-təala heç bir bəndəsini bu tacdan məhrum etməsin.

Lakin təəssüf ki, cəmiyyətimizdə bu dəruni hissdən məhrum olanlar az deyil. Çox təəssüflər... Xüsusilə əksər gənclərimizin geyimlərində, davranış və hərəkətlərində hiss edilən bu mənfi xarakterə görə mən heç də onları qınamıram. Qınanılası bizlərik-onların valideynləri. Biz nə etdik ki, bu günlərə gəlib çıxdıq? Nə etdik ki, övladlarımızı bu cür yetişdirdik? Harada başımız qarışdı, harada adət-ənənələrimizi, mentalitetimizi unutduq ki, bu günlərə qaldıq? Bəlkə özümüz də həyatın o xoşagəlməz axarına qoşulub övladlarımıza pis nümunə olduq. Bax nə idi görəsən işimizin adı ki, uşaqlarımızla məşğul ola bilmədik, onların bu çür yetişmə səbəbləri olduq.

Bu gün küçədə bir oğlan gördüm, 20-23 yaşlarında olardı. Hündürboy, yaraşıqlı idi, sport stilində də geyinmişdi, lakin corablarının biri göy, digəri qırmızı rəngdə idi. Düşündüm ki, səhər-səhər evdə qaranlıq olub, ayırd edə bilməyib. Bir də düşündüm ki, bəlkə bu dəbdir, mənim xəbərim yoxdur. Lakin tez də fikrimdən vaz keçdim. Nədənsə özümün özümə gülməyim gəldi. Sırağagünsə başqa bir gənc oğlan gördüm. Boyun-boğazı alnınadək döymə idi. Saçlarında ara-sıra göy rəngdə boyalar vardı. Onun barəsində də xeyli düşündüm, dedim görən bədəninə bu qədər əziyyəti necə verib, o ağrılara necə dözüb? Bu döymə onu düşündüyünün əksi olaraq daha da çirkli, baxımsız göstərir axı.

Metroda da tez-tez gənc qızlarla qarşılaşıram, budlarını bayırda qoyan iri yarıqlı şalvarda, bellərindən çox yuxarı köynəkdə, az aşağı ətəkdə... Çox vaxt da yanlarındakı qız, oğlanlarla yüksək səslə danışır, deyib-gülürlər. Vallah belə övladları evindən çıxaranları dəfələrlə dəsmal götürüb gəlib ağlamağa səsləyirəm, lakin səsimə səs verən olmur ki, olmur. Həqiqətən biabırçılıqdır...

Bu dəfə deyəsən mətləbdən bir az yox, çox uzaqlaşdım. Lakin elə söhbətimin mətləbini də o ağılda, dərrakədə olan gənclərimiz təşkil edir. Ona görə üzürlü sayıla bilərəm.

Günlərdir içimi yeyən bir qurda çevrilib o məşhur bloqerin Bakıya gəlməsi və bizim gənclərimizdən istifadə edib özünü reklam etməsi. Ha dedim ki, əşi yazmayım, onlardan onsuz da bundan başqa gözləntilərim olmayacaqdı. Amma vallah, yazmamaq olmur. Çünki bəzi məsələlər var ki, ya gərək yazasan, ya da gərək bağrın çatlaya, öləsən.

Elə ölməmək üçün də üç gün öncəki biabırçılıqdan bəhs etmək istədim: gənclərimizin müftə “İphone” sevdasından. Məşhur bloqer Hüseyn Həsənovla görüşə yox, telefon qazanmağa toplaşan gənclərimizin “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” amalından. Yenə də çox təəssüflər olsun. Seyr etdikcə utanan, xəcalət çəkənlərdən oldum. O səs-küy, qışqırıqlar, kimlərinsə bu səs-küyü yatırmaq istərkən gəncləri təhqir etməsi, qapalı məkanda pandemiya qaydalarının pozulması bir kənarda qalsın, xüsusilə qürur məfhumunun, dəyərinin ərşə qalxdığı bu ortam ürəyimi sızlatdı. Çoxları güldü, bu görüntülərdən xoşhal oldu, əyləndi. Lakin əslində, bu görüntülərə kütləvi ağlamaqdan başqa heç bir reaksiya olmamalıydı.

Bu görüntülərin adı nə toplaşmaq, nə məşhur bloqerə olan məhəbbət, nə hədiyyə qazanmaq və sair deyildi. Biabırçılıqdı, əsl biabırçılıq. Nə yaxşı olardı ki, oradakı gənclər əgər ağılları kəsərdisə, sonradan o görüntüləri izləyərdilər. Çox ümidvaram ki, onların arasında bir az da olsa, utananı olarsa, onu tərbiyə edib cəmiyyətə qaytarmaq olar. Yox, əgər bu görüntüləri izləyərkən utanc hissi keçirəni olmasa, deməli, batdıq. Daha nələr, nələr gözləyir bizi. Demək ki, bu gənclər həyatlarına belə də davam edəcəklər: nə edək ki, əmək sərf etmədən nələrsə qazanaq. Təhqir olunaq, qürurumuzdan keçək, lakin zəhmət çəkmədən ehtiyacımızı ödəyək. Yazıqlar olsun. Sizlərin gələcəyiniz gözlərim önündə canlanarkən cəmiyyətimizə acıyıram. Hansı ki, bu cəmiyyətdə halallıq amalı ilə yaşayan, qürurunu telefon nədir, övladının günlərlə ac qalmasına satmayan, çörəyini qabarlı əlləri ilə qazanan, alnıaçıq gənclər də var. Belə gənclərin valideynləri qarşısıda baş əyirik. Sizin kimi gənclər isə valideynlərinizin başını həmişə kimlərinsə qarşısında aşağı edəcəksiniz. Çox təəssüflər...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə