Həmişəki kimi üç saat mətləbdən uşaqlaşmaq fikrində deyiləm. Birbaşa mətləbə keçirəm və deyirəm: alimliyə gedən yol təbii ki, Azərbaycan Milli Elmlər Akademiyasından keçir. Ta AMEA-ya qədərki orta və ali təhsil məktəblərindən danışmaq fikrində deyiləm. Çünki danışsam, bu yazının janrının tələblərini aşmış olacağam.
Bəli, alimliyə gedən yol belədir ki, orta məktəbi bitirirsən, ali məktəbə daxil olursan, oranı da bitirirsən, magistraturaya qəbul imtahanlarında iştirak edirsən, daxil ola bilsən, oxuyursan. Bütün bunlar səni elmi dərəcə almağa, alimliyə aparan yolun çığırlarıdır. Bu çığırlardan çıxıb əsas yolu tapa bilsən, bu yol da səni düz aparır alim olmaq üçün sonrakı mərhələyə-Milli Elmlər Akademiyasına. Sənə elə gəlir ki, arxada qoyduğun illərtək, AMEA-nın doktorant və dissertantı kimi irəlidəki illəri də sürətlə keçib müdafiə edib, elmi dərəcə alacaqsan, sonra da başını aşağı salıb digər işlərinlə məşğul olacaqsan. Həyat öz axarı ilə axacaq, sən daha yeni axtarışlara çıxacaqsan, öz üzərində işləyəcəksən, həvəslə bir sahənin bir məsələsini tədqiq edib alimliyin zirvələrini fəth edəcəksən. Xeyirli, uğurlu olsun, nə deyirik ki... Allah-təala hər kəsi arzularına çatdırsın, Amin!
Əslində belə də olmalıdır, başqa nə cür ola bilər ki?.. Dövlətimiz tərəfindən Milli Elmlər Akademiyası üçün yaradılmayan şərait qalmayıb. Bu sahə də, bu sahənin adamları da, onların sosial qayğıları da, ümumiyyətlə, həmişə diqqət mərkəzində olub. Lakin Elmlər Akademiyasında nələr baş verir, vallah, bunu bilmirik, lakin bəzi bildiklərimiz, hətta bildiklərimizi təsdiq edən faktlar var. Bildiklərimizdən danışaq.
Əgər alim olmaq istəyirsənsə, bu barədə lap gənc yaşlarından fikirləş, yola çıx. Çünki Milli Elmlər Akademiyasının yoluna qədəm qoydunsa, ta bil ki, elə bu yolda da qalacaqsan. Ona görə deyirəm gənclikdən başla ki, bəlkə qocalıb əldən düşəndə müdafiə edib qurtarasan. Bu yolda saç-saqqal ağartmaq var, ailə qurmaq, digər bir işlə məşğul olmaq barədə əsla düşünmə. Bu yol sənin gəncliyini, orta yaş dövrlərini əlindən alacaq, elə bu yolda da ahıllığa çatacaqsan. İllərlə gedib-gələcək, amma müdafizə edə bilməyəcəksən. Bilmirəm nədəndir, lakin Milli Elmlər Akademiyasının müasir iş prinsipi məhz belədir.
Digər bir məsələ də lap son illər meydana çıxıb, ondan da bir az danışaq. Müasir qaydalara əsasən Milli Elmlər Akademiyasına qəbul üçün gərək əvvəlcə bir xarici dildən imtahan verib bal toplayasan. Müəyyən qaydalara əsasən başqa bir fənn də var, ondan bəhs etmirəm. Elə xarici dil imtahanından danışmaq kifayətdir. Bir tanışım vardı. Yazıq fransız dili müəllimi idi. Qayda belədir ki, məsələn, ixtisasın fransız dilidirsə, bu halda başqa bir xarici dil seçməlisən. O yazıq da aylarla ingilis dilindən hazırlıqlara getdi, sonra imtahan verib balını topladı. Haqqında danışdığım adam gənc adam idi. Təbii ki, buna enerjisi çatdı. Maraqlıdır, görəsən 40-50 yaşlarında insan müdafiə üçün o yaşdan sonra hansısa dili mənimsəyib, alim olmaq yolçuluğuna çıxa bilərmi? Tutalım ki, bir nəfər ziyalı öz sahəsində yaxşı bir mütəxəssisdir, elmi iş götürüb müdafiə etmək istəyir, lakin bu dil imtahanı onun qarşısında böyük maneədir. Məktəbdə də bu dillərdən heç birini öyrənməyib. Necə etməlidir? Və yaxud, ondan qat-qat aşağı bilikdə olan adam gəncdir, dillərdən birini də az-çox öyrənib, imtahan verir, bal toplayır, AMEA-ya qəbul olur. Onların hansının cəmiyyətə xeyri ola bilər, bax bu suala cavab axtarıram. Tapa bilmirəm, qorxuram. Niyə qorxuram?
Qorxuram ki, belə getsə Azərbaycanda insanlar alim olmaqdan vaz keçələr. Çünki alimliyə gedən yol çox daş-kəsəklidir. Yəqin gərəkdir ki, öncə o yolu daş-kəsəkdən təmizləyək. Sonra...
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB