Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar artıq 50-ci gününü arxada qoydu. Bu vaxta qədər nələr baş verib, bunu araşdırmaq hələlik tezdir. Çünki, insan itkiləri, dağıntılar o qədər çoxdur ki, bunu hesablamaq, qiymətləndirmə aparmaq yalnız zamana bağlı məsələdir. Ukraynanın bir tərəfində döyüşlər gedir, digər tərəfində isə uzaqvuran artileriya və uzaqmənzilli raketlərin partlayış səsləri olmasa nisbi sakitlikdir. Ölkənin şimalında dağıntıların fəsadları, işğalçı ordunun dəhşətli izləri analiz edildikcə nələr baş verdiyini qismən anlamaq olur. Dağıntıların və insan itkisinin həcmi və sayı o qədər böyükdür ki, bir anlığa Ukraynada qarşı duran tərəfl arasında düşmənçiliyin daha dərin qatlarda olduğu düşünməli olursan. Amma rus və ukrayna xalqları arasında münasibətlərin dost və qardaşlıqdan da yuxarı olduğundan xəbərimiz var idi. Bəs bunların arasına kimlər girdi, iki xalqı bir birinə kimlər düşmən etdi? Müharibənin səbəblərini də axtardığımız cavablarda tapmaq lazımdır.
Birinci dünya müharibəsi Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb millətçisi və terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi bəhanəsindən sonra başlandı. "Antanta" və "Üçlər ittifaqı” arasında gedən bu böyük müharibənin nəticələri də gözlənilməz oldu. 1914-cü ildə Osmanlı dövləti "Üçlər ittifaqı" tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Osmanlıya qarşı müharibə elan etdi. Suriya, Fələstin və Qafqazda yeni cəbhələr açıldı. Və müharibə başa çatandan sonra bəlli oldu ki, sən demə dava Osmanlı torpaqlarını ələ keçirmək üçün tərtib olunub. İştirakçı dövlətlərin yalnız canlı qüvvə və maddi vəsait itkisi ilə üzləşdiyi müharibədə ən böyük zərəri Osmanlı dövləti gördü. Üç qitədə əraziləri olan Osmanlı ən sonunda torpaqlarının əksəriyyətini itirdi. Bəhanə serb millətçisi, terror qrupunun üzvü olan Qavrilo Prinsip tərəfindən vəliəhdin yalnız Osmanlının ərazisində - Sarayevoda öldürülməsi olsa da, bunun bədəlini Osmanlı ödəməli oldu.
Bu söhbəti II Dünya müharibəsinin səbəbləri və nəticələri ilə də davam etdirmək olar. Amma müzakirə mövzusu Ukrayna olduğuna görə diqqəti orada artıq 50-ci gününü arxada qoyan müharibəyə yönəltməliyik. Bu müharibə də dünya gücləri arasında haqq-hesab meydanlarından biridir. Gizli müharibələr başqa məkanlarda gedir, Ukraynada baş verən hadisələr isə yalnız onun görüntüsüdür. Qərbin məqsədi dünyanın ən varlı təbii resurslarına sahib (75 triltonluq) Rusiyanı zəiflətmək, daxildən parçalamaq və sahiblənməkdir. Bu proses əslində SSRİ yarandığı gündən başlayıb. II dünya müharibəsində SSRİ-ni - Rusiyanı ələ keçirməyə çalışdılar, Hitlerin “Barbarossa” planını sona qədər davam etdirməyə həvəsi olmadı, planlar üzərində dəyişiklik etdi. Özlərinin yetişdirdiyi Hitler Almaniyası Qərbə qarşı ən böyük təhlükəyə çevrildi. Planlar dəyişdi, Krım və Tehran konfransında Hitler bəlasından necə qurtulmağın yolları arandı. Maraqlı burasıdır ki, bu konfranslara qədər düşmən olan SSRİ, Böyük Britaniya və ABŞ Hitlerə görə bir cəbhədə birləşmək qərarına gəldilər...
Ukraynada baş verənləri, Rusiyanın bu ölkəyə hücumunu III dünya müharibəsinin başlanğıcı adlandırılar. Həqiqətənmi III dünya müharibəsi başlayacaq? Bəzi ölkələrin xüsusi ehtiyat fondları yaratması bu sualın cavabının “bəli” olacağına bir işarədir. Rusiya 40 gün ərzində Ukraynaya hücub etdi, ölkənin dərinliklərindəki müxtəlif təyinatlı silahlarla məhv etdi, paytaxt Kiyevi mühasirəyə aldı, iri şəhərləri ələ keçirdi və bir andaca geri çəkildi. Bu, İstanbulda tərəflərin görüşündən sonra baş verdi, amma geriçəkilmənin taktiki gediş olduğu bir müddət sonra üzə çıxdı. Bu gün Rusiya Ukraynanın cənub və şərq hissələrinə tam nəzarət edir. Qondarma “DXR” və “LXR” rüspublikaları və Krım hələ də Rusiyanın nəzarətindədir. Krıma quru yolu da demək olar ki, açılıb. Əgər belə davam edərsə Rusiya məqsədinə çatmış sayılacaq. Bəlli olacaq ki, Kiyevi mühasirəyə almaq, Xarkova, Xersona, Nikolayevə, Zaparojye və digər şəhərlərə hücumlar Ukraynanın hərbi gücünü parçalamaq, diqqəti Donbass cəbhəsindən yayındırmaq məqsədi daşıyırmış. İndi Rusiya müharibənin ikinci fazasına hazırlaşır.

Ukrayna-Rusiya müharibəsində udan kim, uduzan kim?
Rusiya Ukraynanın şərq sərhədi yaxınlığında aviasiya dəstəsi yaratmağa davam edir, artilleriya bölmələrini gücləndirir, mövcud nəzarət, kəşfiyyat və tibbi təminat sistemlərini optimallaşdırır. Rusiya Xarkov, Donetsk və Zaporojye vilayətlərində hərbi və mülki infrastruktura raket və bomba zərbələri endirməkdə davam edir, sərhəddə nəzarəti gücləndirir, mövqelər, istehkamlar tikir, canlı qüvvə, silah və hərbi texnika təminatını artırır.
Buna qədər isə Rusiya tərəfinin fevralın 24-dən aprelin 13-dək 19800-ə yaxın canlı qüvvə itirdiyi bəlli olub. Rusiyanın itkiləri arasında həmçinin 739 tank, 1964 zirehli döyüş maşını, 358 artilleriya sistemi, 115 reaktiv yaylım atəş sistemi, 158 təyyarə, 143 helikopter, 64 hava hücumundan müdafiə texnikası, yanacaq-sürtkü materialları olan 76 tank və digər texnika var. Rusiyanın tammiqyaslı hücumu nəticəsində Ukrayna vətəndaşları arasında minlərlə ölü və yaralının olduğu məlum olub.
Bu arada ATƏT Rusiya qoşunlarının Ukrayna ərazisində törətdiyi hərbi cinayətləri sənədləşdirən hesabatını təqdim edib. Rusiya Federasiyasının 24 fevral 2022-ci ildən Ukraynaya təcavüzünün insan haqları və humanitar nəticələri ilə bağlı araşdırmanın aparılmasına ehtiyac olduğu bildirilib. Polşa, Latviya, Litva və Estoniyanın dövlət başçıları Ukraynaya səfər ediblər, ABŞ-ın dpvlət katibi və müdafiə nazirinin də səfəri gözlənilir. Bundan əvvəl Almaniyanın federal kansleri Olaf Şolts, İngiltərənin baş naziri Boris Conson Kiyevə gəldilər oradan Rusiyanı hədələyib getdilər. Bütün bunlar Rusiya-Ukrayna müharibəsinin nədən və kimlər tərəfindən körükləndiyi barədə açılan həqiqətlərin yalnız işartılarıdır. Bunlar çör-çöpdür, iri kötüklər nə vaxt görünəcək, bu barədə danışmaq hələlik tezdir. Amma sirr də deyil. Rusiyanı Ukrayna bataqlığına çəkənlər indi də onun batmasını gözləyirlər. Uzun illər Rusiyanı iqtisadi sanksiyalarla hədələyən güclərin daha sərt addım atmaları üçün bəhanələri yetərli deyildi. Kiyevdəki “Maydan hərəkatı”, bunun ardınca Rusiyanın Krımı ələ keçirməsi, Donetsk və Luqanskda baş verən hadisələr Qərbin “əlinə oynadı”. Sanksiyalar dalğası getdikcə gücləndi, amma 24 fevral 2022-ci ildən, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra misli görünməmiş sanksiya seli qərbdən şərqə axmağa başladı. Rusiya bütün dünyadan təcrid edildi, transmilli şirkətlərin Rusiyada, Rusiyanın iri şirkətlərinin isə Avropada fəaliyyəti donduruldu, hesablar bağlandı, bankların işi iflic oldu, bir sözlə Rusiyada qiyamət günü başlandı. Rusiya bütün beynəlxalq təşkilatlardan çıxarılıb yox, silinib. Rusiya da ara-sıra həmlələr edir. Son addım da 398 ABŞ konqresmeninin qara siyahıya salınması oldu.
Müharibə tərəflərindən heç birini nə qalib, nə məğlub adlandırmaq olmaz, Rusiya və Ukraynanın hər ikisi uduzub. Bəs udan, müharibədən qazanclı çıxan ölkələr, təşkilatlar, gizli dairələr hansılardır? Bəli, cavabı axtarılan ən tutarlı sual budur.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB