Qərb köhnə sanksiyalarını yeni komponentlər əlavə etməklə yenidən tətbiq edir. Lakin son günlərin baş verənləri göstərir ki, Ukrayna heç də bunları gözləmir(di), Ukraynanın gözləntiləri, ümidləri başqa cür idi...
Fkat budur ki, hətta ən ağır sanksiyalarla belə “rus ayısının” qarşısını almaq mümkün deyil. Prezident Zelenski artıq Rusiyanın SWIFT-dən kənarlaşdırılmasını, həmçinin NATO tərəfindən hava məkanlarının bağlanmasını tələb edir.
Ukrayna prezidentinin çağırışını hələ ki, Almaniya dəstəkləyib və hava məkanını Rusiyanın üzünə bağlayıb, NATO isə Zelenskinin tələbini rədd edib (?!)
Bəli, Qərb Ukraynanı müharibəyə təhrik etdi və bu gün orada baş verənlərin əsas səbəbkarlarında birinin də məhz bu qütb olması kimsəyə sirr deyil. Qərb uzağı Ukraynaya silahlar, hərbi-texniki vasitələr, tankvuranlar, kiçik həcmli raketlər göndərməklə və yararsız sanksiyaları səsləndirməklə işini bitmiş hesab etdi.
Taktiki geriçəkilmə işə yarayacaqmı?
Danılmaz fakt isə həm də budur ki, Ukrayna Rusiya qarşısında tək qalıb. Artıq o da açıq-aşkar bəllidir ki, Ukrayna Rusiya ilə hərbi qarşıdurmada yalnız öz gücünə arxalanmalıdır. Ukrayna silahlı qüvvələrinin bundan sonra hansı effektlə işləyəcəyini isə yaxın vaxtlarda daha aydın şəkildə müşahidə edəcəyik. Buna qədər isə rus ordusunun müxtəlif birlikləri şəhər və qəsəbələrə, eləcə də paytaxt Kiyevə doğru sürətlə hərəkət etməkdədir. Üstəlik əziyyət çəkən xalq da atəş xətti altında qalır – mülki obyektlər raket və bombardmanlar altında yanıb-kül olur!
Lakin dərin hücumlar, ukraynalı birliklərin mövqelərini keçmək qələbə anlamını daşımır və mümkündür ki, Ukrayna silahlı qüvvələri taktiki geriçəkilmə funksiyasını işə salaraq sonradan rus ordusuna daha ağır zərbələr endirməyi planlayıb. Amma bu da bir ehtimaldır və reallığa çevrilib-çevrilməyəcəyini də yaxın gələcəkdə müşahidə edəcəyik.
Həm Ukrayna, həm də Rusiya ümidvardırlar ki, üstünlük əldə edəcəklər
Müharibənin nəticələrini həll edəcək daha bir amil isə həm Ukrayna, həm də Rusiya daxilindəki dinamik təsirlərdir. Ukrayna daxilində olanlar məlumdur – xalq ölkənin müdafiəsinə qalxıb. Rusiyada isə fərqlidir – xalqın böyük kəsimi müharibə istəmir və artıq etirazlar dalğası da böyüməyə başlayır.
Məsələ danışıqlar masasına gəldikdə isə bunun da əsasının yaxud istəyin olması görünmür. Həm Ukrayna, həm də Rusiya ümidvardırlar ki, üstünlük əldə edəcəklər. Daha dəqiq desək, Rusiya blits-krikin gerçəkləşəcəyinə, Ukrayna isə blits-krikinin reallaşmayacağına inanır.
Ancaq daha bir fakt budur ki, istənilən müharibənin sonu sülh danışıqları ilə nəticələnir. Bəs belə olan halda danışıqlar meydançası hansı nüfuzlu strukturlarda qurula bilər?
Danışıqlar: Türkiyə variantı daha geniş müzakirə olunur
ATƏT hesaba alınmır və öz təsirini itirib. BMT-nin Təhlükəsizlik Şurası da mümkün deyil, Rusiyanın vetosu istənilən qərarı qəbuledilməz edir. Görünən budur ki, hətta danışıqlar meydançası üçün də hər hansl platforma mövcud deyil və onun yaradılması ehtiyacı yaranmağa başlayıb.
Buna qədər isə bir sıra ölkələrin individual təşəbbüsləri ola bilər, amma onun üçün də tərəflərin ümumi razılığı, etimad səviyyəsi yaranmalıdır. Belə ölkələr sırasında Almaniya, Fransa və Türkiyə də var. Məhz Türkiyə variantı daha geniş müzakirə olunur və ümid edək ki, bu variant müharibənin dayandırılması mexanizmini işə salacaq, hadisələrin daha geniş trayektoriyaları əhatə etməməsinə imkan verəcək. Hələlik isə qanlı-qadalı və amansız müharibə davam edir...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB