Vallah, sübuta-dəlilə ehtiyac olmadan reallıq ondan ibarətdir ki, biz çox yaxşı millətik. Son vaxtlar “avropalaşma” bizi kökümüzdən bir az aralaya bilsə də, “kök”ü möhkəm kişilər və nəsillər möhkəm təməlli rişələrini qoruyub saxlaya və əslində “avropalaşma”nın eybəcərliyindən yaxa qurtarmağa çoxlarını da başa sala biliblər. Bir sözlə, bizi nə qədər özümüzdən ayırmaq istəsələr də, biz özümüzük və özümüz olaraq da qalacağıq.
Amma, deyəsən, kökümüzdə olan bəzi-bəzi ənənələrimiz var ki, ondan yaxa qurtarmağa ehtiyac olduğunu da danmamalıyıq. Yox, son illər modda olan sünnətlərdən, əndazəsini aşan toy və vay mərasimlərindən, az qala toya bərabər keçirilən ad günü mərasimlərindən və ilaxır bu tipli “adət”lərdən danışmaq fikrim yoxdur. Bunlardan o qədər danışıblar və danışırlar ki, bu “adət”lərin anti-reklamı dönüb olub əməlli-başlı reklam. Yəni, bu da bizim tərk etməli bir xarakterimizdir ki, nəyi pisləyiriksə, elə bil onu təbliğ edirik və başlayırıq bu pislənənin ardınca uçmağa. Rəhmətlik Molla Nəsrəddinin (rəhmət dedim a…, daha altı lətifəsini də istəməyin) bir lətifəsi vardı. Molla oğluna nə deyirmişsə, onun tərsini edirmiş. Bir gün uzunqulağın belində iki kisə unla çaydan keçən oğluna deyir ki, un kisələrini at çaya, o tərəfə keçməsin. Oğul bu dəfə Mollanın dediyini eləyir və unu atır çaya! Yəni, qorxuram ki, əks-təbliğat üçün də lazım olanı lazım olmayan kimi deyək, sonra başlasınlar deyilənə əməl eləməyə…
Danışa-danışa mövzudan lap uzaqlaşdım deyəsən. Bu dəfə təzə yaranan bir “adət”dən danışmaq istəyirəm. Yazıya da ona görə “nömrəbazlar” adını verdim. Kimdi bu təptəzə “adət”i cəmiyyətə dürtən? Maşın nömrəsi üstündə qırğındı. Mütləq avtomobilimizin dövlət nömrə nişanında sıfırlar bol olmalıdı. Olmursa, eyni rəqəmlərlə dolu nömrə olmalıdı. Bu da olmursa… Nə bilim ey…, vallah, elə bil bu nömrə onun bütün taleyini həll edəcək. Mobil telefonların operatorlarının sayının artması “nömrəbazlar”a yeni “şans” verdi. Babalarımızın heç telefon əlaqəsi olmayıb. Atalarımız da evdəki bir adi telefonla bütün dünya ilə əlaqə saxlayıb, dərdini də danışıb, dərd danışanın dərdini də dinləyib. Yadımdadı ki, bir ev telefonu bütün ailənin ehtiyaclarını qarşılayardı, çox zaman susub, dinməzcə durardı yerində. İndi hər kəsin evində iki-üç şəhər telefonu var. Üstəgəl ailənin neçə üzvü varsa hərəsinin bir mobil telefonu. Orta məktəbdə, ibtidai siniflərdə oxuyanlar bir yana, hətta bağçaya gedən uşağa da mobil telefon alırıq ki, birdən lazım olar(???). Bunda sözüm yoxdu. Varlığa nə darlıq? Varımızdı, alırıq (sonra da deyirik ki, millət pis dolanır…).
Məni illərdi düşündürən başqa məsələdi. Düşünüb, daşınıb, yaxın adamlarıma bu barədə suallar versəm də, ağıllı-başlı bir cavab verən olmur ki, olmur. Odur ki, sarıldım qələmə. Deyirəm, bəlkə məmləkətdə bu hikməti mənə başa salan bir ağıllı adam tapıldı. Əlbəttə, əgər başa salmaq mümkünatı varsa! Ölkədə hazırda üç mobil telefon operatoru fəaliyyət göstərir. Hələ feysbuuku, instoqramı, teleqramı, tvitteri qoyuram bir tərəfə. Heç vaatsapı da nəzərə almıram. Dediyim kimi, üç mobil şəbəkə var, hamısından da bir-birinə rahatça zəng vurmaq mümkündür. O zaman bütün mobil şəbəkələrdən nömrə almağa nə hacət? Oxucum, bilirəm, azərsell və digər şəbəkələr arasındakı qiymət fərqini əsas gətirib məni qınayacaq. Yaxşı, elədirsə, bir azərsel, bir də digər şəbəkədən nömrə alsaq, problem həll olmazmı? Hələ onu demirəm ki, elə adamlar var, bir şəbəkədən iki, üç nömrə gəzdirir üstündə. Ay canım, bir adam eyni zamanda bir telefonla danışa bilər də… Zəng edən görəndə ki, məşğuldu, gözləyib sonra yenidən zəng vuracaq. Belədə, üç, beş, bəzən hətta on-on iki nömrəni alıb, onu üstündə gəzdirən bunu nə məqsədlə edir? Bax, mənim anlamadığım da burasıdır. Bilən, anlayan varsa, rica edirəm, bunu mənə izah etsin, mən də bilim. Əlbəttə, dıgər izahı varsa!...
Təhmasib Novruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB