Sən “haralı” deyilsən, SƏN AZƏRBAYCANLISAN!

Biz növbəti Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etdik. Yeni ilə yeni rzularla daxil olduq. Amma məncə ən böyük arzumuz əsrlərdir həsrətində olduğumuz milli həmrəylik arzusudur. Min illər boyu ən çox ehtiyacımız olan, bir-birimizə sarılıb xalq olaraq bir yumruq kimi birləşməyimiz üçün, dostlarımıza və düşmənlərimizə AZƏRBAYCANLI olaraq güclü görünməyimiz üçün HƏMRƏY olmağımız əsas şərt olub. Ola bilmişikmi bu minilliklər boyu həmrəy, kilidlənə bilmişikmi bir-birimizə?,-təəsüf, min təəsüf ki yox. Küçə-küçə, nəsil-nəsil, bölgə-bölgə bölünməyimizin ağır nəticələrini xalq olaraq bütün əsrlərdə yaşamalı olmuşuq. Milli birliyimizin düşməni olan bu yerliçilik azarını birdəfəlik tarixin qəbiristanlığına yollamaq üçün indi həmrəy olmaq bütün zamanlardan daha çox lazımdır bizə. Qarabağı geri qaytaran xalq olaraq indi həm dostumuz çoxdur, həm də açıq-aşkar bizə qənim kəsilən düşmənimizin dostları. Hər ikisinin diqqqəti bizdədir. Daha bəsdir iki azərbaycanlı qərib ölkədə qarşılaşanda bir-birinə ilk sualı “haralısan?” olsun. Buna son qoyaq əzizlərim, belə etməyək. İkimizin də AZƏRBAYCANLI olmağımız bəs eləmirmi bizə?. Məhəllə-nəsil sorğusuna nə ehtiyac ay əzizlərim?.

Hər zaman bitib tükənməyən, min illərdir bizimlə nəsil-nəsil yol gələn milli qüsurlarımız barədə yazırıq. Yaxşı ya pis, açıq-aşkar ya üstü örtülü, hər halda yazırıq. Amma məsələ yazmaqla bitmir axı. Baxın, hələ neçə yüz il əvvəl ortaya çıxmış bu qüsurlarımız bu günkü günümüzə, iyirmi birinci əsrə qədər bizimlə “yol yoldaşı” olubsa, demək bu qüsurları deməklə, yazmaqla ortadan qaldırmaq olmayacaq. Çünki üzü Füzulidən, Nizamidən, Mirzə Fətəli Axundovdan, Əbdülrəhim bəy Haqverdiyevdən, Mirzə Cəlildən, Mirzə Ələkbər Sabirdən keçə-keçə bu günə çatan qüsurlarımız hələ də beyin hüceyrlərimizdə at oynadırsa, etiraf etməliyik ki, xalq olaraq, toplum olaraq bu qüsurları məhv etmək üçün əməli iş görməmişik. Bizlərdə işi əməlli görmək əvəzinə formal “yola vermək”, başdan sovdu iş görmək, “MƏNDƏN KEÇSİN QARDAŞIMA DƏYSIN” prinsipi ilə baş girləmək həmişə öndə olub. Özü də hər sahədə. Ən təhlükəlisi isə təhsil, vətənpərvərlik və diaspora məsələsində. Bütün əsrlərdə, həttda sovetin kəsəkəs vaxtlarında erməninin öz evində bir milçək öldürüb körpə uşağına “bir türkü öldürdüm” nümunəsi göstərdiyi zamanlarda, biz xorul-xorul qış yuxusuna getmişdik, kənd-kənd, döngə-döngə bölünmüşük. Yalanmıdır,-qətiyyən!...

Nədir o milli bəlamız?-YERLİÇİLİK!!!. Kəndlərə, evlərə, nəsil-nəcabətlərə bölünmək XƏSTƏLİYİ!. Əsrlər boyu, on illər boyu bu ölkənin ziyalı təbəqəsi bu məsələni düşüncə və şüurumuzdan yox etmək üçün iş görmədilər, yaxud görə bilmədilər. Milli xəstəlik həddinə çatan, bütün faciələrimizə və milli genofonumuzun məhv olmasına, xalq olaraq tək yumruq olmağımıza qırmızı işıq olan YERLİÇİLİK faktorunu tarixin arxivinə yollaya bilmədik. Bir xalqın sabahı və düşüncə üçün bayraqdar olan ziyalı nəsilləri milli düşüncəmiz üçün sağalmaz xərçəng olan bu xəstəliyə çarə tapa bilmədilər.

Bunun əksinə olaraq, həttda gecənin bir aləmində də öz uşaqlarına bizi amansız düşmən kimi əzbərlədən erməni isə daima bizim yuxuya getməyimizdən, milli laqeydliyimizdən, bir-birimizi bölgələrə, kəndlərə bölməyimizdən, bir-birimizi didib-parçalamağımızdan var gücü ilə yararlanıb. Nəticədə qazanan kim olub,-şübhəsiz düşmən. Onlar ən çətin günlərdə bir-birlərinə sarılaraq xalq olmaqdan millət olmağa üz tutublar, biz isə bir-birimizin ayağından aşağı dartıb hamılıqla quyunun dibinə düşmüşük. Yalanmı deyirəm,-qətiyyən!. Tarixi, mədəniyyəti olmaq hələ millət olmaq demək deyil. Millət o toplumlara deyirlər ki, bir amal üçün dəmir kimi kilidlənir, milli dəyərləri içindəki milli ruhu ilə qoruyur, bütün milli və mənəvi dəyərlərini təkcə qanında deyil, ən əvvəl beynində və düşüncəsində daşıyır. Biz millət olmağa çox layiqiq, amma “haralısan” kəlməsini qadğan etməklə!.

1988-ci ildə ermənilərin bizim üzərimizə ayaq açmasının sadə sirlərindən birini deyim. 1960-cı ildə Fransanın o zamankı Baş naziri Gi Molle Moskvaya gələrək, Nikita Xruşşovdan 10-15 erməni uşağını Parisə aparıb oxutdurmaq, “adam etmək” üçün razılıq alanda və daha sonralar həmin erməni uşaqlar da avropadakı ən yaxşı universitetlərdə təhsil alıb erməni lobbisinin başına keçəndə, ən iri banklarda və media qurumlarında yer alanda, Avropada Azərbaycan əleyhinə “quyu qazanda”, onların azərbaycanlı yaşıdları pambıq çöllərində, mal-heyvan nobatında çürüyüb gedirdilər...

Bəs o zaman bizim öz içimizdə harda idi milli təəssübkeşlik, harda idi xalqın gələcəyini, milli genofonunu düşünmək istəyi, harda idi xalqın düşünən siyasi elitası?-yox idi. O zamanların sovet siyasi rejiminin ideologiyasına bürünmüş bisavad, milli düşüncədən milyon kilometrlərlə uzaq olan məmur ordusu ancaq daha yaxşı nökərçilik etmək və daha çox vəzifə, pul qamarlamaq yarışına girmişdilər. Elə indiki bir çox rüşvətxor və boğazkəsən məmurlar kimi.
Xalqın gələcəyini düşünən milli ziyalılar var idi ki, onları da zaman-zaman min təxribatla, “gözəgörünməz” yollarla aradan qaldırırdılar, ictimai həyatdan və elm meydanından “təmizləyirdilər”. Bu xalqın düşünən beyinləri və görən gözləri düşmənin gözünə batan ilk ox olub həmişə. Həm Çar Rusiyasında, həm də sovet dönəmində. Və ən dəhşətlisi odur ki, 30 ildən çoxdur müstəqil olduğumuz bu zamanda da yenə yerliçilik, regionçuluq xəstəliyinin təsiri altındayıq. Yenə hər kəs “haralısan, hansı zonadansan” deyimi ilə yaxınlaşır bir-birinə. Ziyalısı da, siyasətçisi də, alimi də, çobanı da. Yalanmı deyirəm,-qətiyyən!.
Gəlin hamılıqla “haralısan, hansı bölgədənsən?” kəlməsini unudaq, gəlin “hamımız azərbaycanlıyıq” deyək. Çünki biz AZƏRBAYCANLIYIQ, vəssalam...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...