Nikol Paşinyan Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması məsələsində danışıqların yenidən başlaması təklifini irəli sürüb. Artıq o özünəinamlı şəkildə ölkəsinin Türkiyə ilə münasibətlər qurmağa hazır olduğunu iddia etsə də, digər tərəfdən də iddia edir ki, ona bu işdə millətçilərin təzyiqləri mane olur, hətta Azərbaycanla sülh sazişinin imzalanması, hər iki tərəfin qarşılıqlı olaraq sovetlər dönəminin sərhədləri çərçivəsində ərazilərini tanıması prosesində də xarici ölkələrdəki diasporaların böyük və ardıcıl basqıları mövcuddur.

Lakin zamanında Şuşada rəqs edərək, “Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanat səsləndirən, 44 günlük müharibədən sonra isə özünü “sülh göyərçini” kimi göstərən Nikolun həmin sözlərinə inanmaq olarmı? O, istər Türkiyə, istərsə də Azərbaycanla münasibətlərin normallaşdırılmasında nə qədər səmimi görünə bilər? Açığı bu iddialar, bəyanatlar heç də inandırıcı görünmür. Fəqət, işıq ucu da saxlamaq lazımdır, “olmaz elə, olar belə” nöqteyi-nəzərindən...

O cümlədən, Nikol Paşinyan da bəzi suallara cavab verməlidir:

* Tutaq ki, ona müəyyən erməni dairələrindən basqılar var və o, bu basqıların qarşısını necə alacaq?

* Yaxud, Nikol Paşinyan Ermənistanın konstitusiyasında qonşu ölkələrin torpaqlarına olan açıq-aşkar iddia bəndlərinin referendum yolu ilə dəyişdirilməsinə hazırdırmı?

* Nikol Paşinyan Ermənistanın dövlət gerbindəki “Ararat” adlandırılan, əslində, Türkiyənin ərazisində ucalan qədim türk dağı - Ağrının şəklini aradan qaldırmağa cürət edəcəkmi?

* Və ya Ermənistanın baş naziri bütövlükdə “Qərbi Ermənistan” adlandırılan ərazi iddialarından əl çəkəcəkmi?

* Ermənistan qondarma “erməni soyqırımı” iddialarının da “kitabını” bağlamağa hazırdırmı?

* İqtisadi cəhətdən Ermənistanın özünə də hava-su kimi lazım olan Zəngəzur dəhlizinin, ümumilikdə nəqliyyat-kommunikasiya və rabitə sistemlərinin işə salınması məsələsində “nazetmə” prosesinə son qoyulacaqmı?

Əgər bütün bu kimi məsələlər və digər tələblər yoluna qoyulacaqsa, çox yəqin ki, həm Türkiyə ilə əlaqələrin qurulması, həm də Azərbaycanla sülh müqaviləsinin bağlanması prosesinə başlanıla bilər.

Yeri gəlmişkən, Nikol Paşinyan onu da unutmamalıdır ki, Azərbaycan və Türkiyə birgə Şuşa bəyannaməsi imzalayıblar və bu da müttəfiqlik partnyorluğunun bariz nümunəsidir. Ona görə də Ermənistanın həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərini normallaşdırmasına ehtiyacı var. O cümlədən, Şuşa bəyannaməsində beynəlxalq cəhətdən sərhədlərin tanınması ifadəsi dörd dəfə xatırlanıb. Çox yəqin ki, Ermənistanın baş naziri bu mühüm amili də unutmayıb və fərqindədir. Əslində, top Nikol Paşinyandadır və qalır onun doğru qərar qəbul edib, düzgün və etibarlı pas ötürməsinə....

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...