Kimsə məni qınamasın. Qınayırsa da, qınasın, özü bilsin. Amma mən bu anladığım gerçəklə anlamadığım gerçəyi görməzdən gələnlər arasında qalmaqdan yoruldum artıq. Dünyanı ağzına alan gözəgörünməz bir varlığa meydan oxuyanları anlaya bilmirəm ki, bilmirəm. Elə ona görə də bu köşəni yazmaq qərarına gəldim.
Bir neçə günün söhbətidi. Bakının Qaradağ rayonunda, Lökbatan qəsəbəsində 140 saylı marşrutla yol gedirdim. Avtobusdakı sərnişinlərin tam əksəriyyəti və sürücü maskasız idi. Özümü toparlayırdım ki, dillənib bu anormallığa bir-iki kəlmə deyim, birdən sürücü avtobusu yavaşıtdı və qışqırdı ki, ay camaat, maskalarınızı taxın, qabaqda yoxlama var. Tez sürücü özü və maskasız sərnişinlər maskalandılar (Sözün hər iki mənasında)! Baxıb gördülər ki, yoxlama-flan yoxmuş, sadəcə, maşın tıxacı imiş, hamısı maskalarını çıxarıb qoydular çantalarına və ciblərinə. Sürücü qaqaş da maskasını çıxarıb keçirdi sürətdəyişənin başına (sanki sürətdəyişən koronavirusa tutulacaqmış). Ağzımı açmaq istəyirdim ki, gördüm avtobusun sürücüsü əyləci basıb dayandırdı və mən düşəcəyim dayanacağa çatdığımı görüb heç nə demədən endim.
Bu dəfə 125 saylı avtobusa mindim. Bir-iki dayanacaq sonra avtobusa bir yaşlı qadınla cavan oğlan mindilər və heç birində də maska yoxdu. Özümü saxlaya bilməyib dilləndim. Dilləndim, amma dillənməyimə məni peşman eləmək istədilər. Az qala məni borclu çıxaracaqdılar. Ən dəhşətlisi isə o idi ki, avtobusda əyləşən iki polis əməkdaşı bu mübahisəyə müdaxilə belə etmədilər. Qadın mənə hədə-qorxu gəldi ki, sənə vəsiqəmi göstərsəm, başına hava gələr, bilirsən kiminlə danışırsan? Məni də tanıyanlar bilir, mənim xoşluqla boynumu əydirmək olar, amma zora, hədə-qorxuya ömür boyu boyun əyməmişəm, bu yaşımdan sonra da əymək meyilim yoxdu. Qadının bu hədə-qorxusundan sonra keçdim hücuma (yəni, qışqıranın qabağına bağırmasan, deyər ağzı yoxdu). Kənardan bu ələkçi xanıma qıl verən də tapıldı. “Taxmır taxmır də, hər kəs özünə cavabdehdir”! Sonra da başladı bu “vəsiqəli” xanıma ürək-dirək verməyə ki, xanım, siz düz edirsiniz, bu korona-zad hamısı boş söhbətdi, bir oyundu. Buna da cavab vermək məcburiyyətində qaldım: ”Ay cavan oğlan, mən iki qardaşımı, bir qaynımı, on beşə kimi qohumumu, yaxın dostlarımı itirmişəm bu zəhrimarın hesabına, mənə nə haqla, kimsə deyə bilər ki, bu korona boş söhbətdi”?
Xülasə, nə başınızı ağrıdım, növbəti dayanacaqda qadın cavan oğlanla avtobusdan düşdülər və mübahisə də kəsildi. Orda kəsildi. Amma neçə gündür ki, məni içimdən yeyən bir suala cavab axtarıram. Cavab tapa bilmədiyimdən mübahisəmi oxucularımla davam etdirmək istədim. Birinci hadisədə avtobus sürücüsünü sükan arxasında oturdan marşrut sahibi ilə bağlıdı. Ona hər marşrut reysindən qazanılan məbləğ maraqlıdı, bunu bilirik. Amma sürücüsü özü yalnız yoxlama görəndən-görənə maska taxırsa, o qazanc onlara halaldımı? İkinci hadisədə özünü “vəsiqəli”, yəni vəzifəli kimi təqdim edən xanımın vəsiqəsini avtobusdakı polis əməkdaşları yoxlamalı, kimliyini öyrənməli idi, yoxsa dinməz qalmaqda haqlı idi? Axı mənim vəsiqə tələb etmək hüququm yox idi orada !Nəhayət, bu koronavirus deyilən zad bütün dünyanı vəlvələyə salsa da, bizdə hələ də onu “boş şey” adlandıranlar varsa və bir gün həmin gözəgörünməz virus onları yaxalayası olsa, onda bu virusu kor olan onların virusu hesab etməyə haqqımız çatır, ya yox? Cavabı hamıya məlum olan bu sualları ona görə ünvanladım ki, kor onlar özlərini hamıdan ağıllı hesab edib, elə bilməsinlər ki, kor onların dediklərinin bir keçərliliyi olacaq. Bilsinlər və bəlkə kor gözləri açıla!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə