Elçin Bayramlı

2020-ci ildə avtoqəzalarda zərərçəkənlərin sayı 2106 nəfər olub. Onlardan 696-sı həlak olub, 1410-u isə yaralanıb. Bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 35,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Bir sözlə, yollarda sanki elan olunmamış vətəndaş müharibəsi gedir. Bu, əsl müharibədir- maşınların öz arasında və piyadalarla müharibəsi. Bu müharibədə indiyədək ermənilərlə apardığımız müharibədən daha çox qurban vermişik. Və bu müharibə dayanmır. Vətəndaşlarımızın cəsədləri hər gün küçə və yollara səpələnir. Minlərlə insan məsuliyyətsiz sürücülərin ucbatından həyatını itirir, şikəst olur, ailələr bədbəxtliyə düçar olur.

Bəs səbəblər nədədir? Dövlət Yol Polisi rəsmiləri bunun səbəbini avtomobillərin sayının artması kimi gülünc səbəblərlə izah etməyə çalışsa da, fikrimizcə, burada tamam başqa səbəblər var.

İlk və ən əsas səbəb rüşvət müqabilində sürücülük vəsiqəsinin verilməsidir. Yəni, istənilən pulu olan adam minimum 1000 manat rüşvət verməklə “prava” alıb yollarda maşınla at oynada bilir. Müşahidələrdən görünür ki, ölkəmizdəki sürücülərin azı 90 faizi vəsiqəni bu yolla alıb və onlar təzədən imtahan versə, heç cür keçə bilməzlər.

İkinci səbəb bir çox yol polislərinin “qarşılıqlı hörmət” prinsipi ilə işləməsidir. Sərxoş halda avtomobil idarə edən sürücüdən, ya da avtoşlardan “5-10 manat” alıb yola davam işarəsi vermək qarşıdakı dəqiqələrdə daha bir neçə nəfərin cəsədlərinin yola səpələnməsinə bilərəkdən şərait yaratmaqdır. Bəzi sürücülər isə yuxarı yerlərdəndir, məsələn vəzifəli şəxsin qohumudur, onu saxlayan polis qorxusundan o saat “buyurun, yola davam edin, bağışlayın, bilməmişik ki, “Həsən ağa”nın qohumusunuz” deməyə məcbur olur.

Üçüncü səbəb piyadalarla bağlıdır. Əksər piyadaların hərəkəti xaotik və məsuliyyətsizcəsinədir. Bəzən avtobanlarda özlərini yolun ortasına atır, bəzən yeraltı piyada keçidlərinin düz üstündə sürətli yola çıxır. Məhz bu səbəbdən, piyada vurulması ilə nəticələnən qəzaların yarıya yaxını piyadaların günahı ucbatından baş verir.

Dördüncü səbəb, bir çox köhnə və xarab avtomobillərin rüşvət müqabilində texniki baxışdan keçməsi ilə bağlıdır. Belə istismara yararsız, təhlükəli maşınlar gah əyləc mexanizminin, gah da digər mexanizmlərin ani xarab olması nəticəsində qəza törədir.

Beşinci səbəb yol infrastukturunun, yol nişanlamalarının qaydasında olmamasıdır. Xüsusən də, təmir işi aparılan yollarda nişanlamaların düzgün qoyulmaması gecə vaxtlarında maşınların qazılmış çalalara düşməsi, işqlandırılmayan yollarda qəzaya düşməsi ilə nəticələnir.

Cavabdeh təşkilatların “tədbir görürük” deməsinə rəğmən yol terrorunun qurbanları artır. Aidiyyatı təşkilatın cavabı standartdır- “tərəfimizdən müvafiq tədbirlər görülür”. Görülürsə, soruşmaq ayıb olmasın, bəs hanı nəticəsi?

Düzdür, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklərlə cəzalar sərtləşdirilib, cərimələr artıb, amma bu praktikada öz bəhrəsini hələ ki verə bilməyib.

Problemin nəticələri ilə yox, səbəblərinin aradan qaldırılması ilə uğraşmaq lazımdır. Hər yerə kamera qoyub maşınların insanları necə tikə-parça etməsini televiziya və internetdən əhaliyə izlətməkdənsə, yuxarıda qeyd etdiyim halların aradan qaldırılmasına çalışılsa yaxşı olar.

Bütün xəbərlər Facebook səhifəmizdə