Telefon “xəstəliyi” bizi necə övlad qatilinə çevirir?

Bu yazını yazmaq həqiqətən çox çətindir. Çünki bu tipli yazılarda nədən başlayıb nədə bitirməyi, oxucuya çatdırmaq istədiyin əsas məqamları gözdən qaçırmamağı, övlad sahibi olub, amma valideyn olmağa bacarmayanları “topa tutmağı” ilk əvvəl gözə alırsan. Bu məsələdə heç bir “malalamaq”, üstüörtülü bir tərzdə “üstündən ötüb keçmək” mümkün olmayan işdir.

Çünki səhlənkarlıq, sosial şəbəkə və telefon manyaklığı ucbatından əsl övlad qatilinə çevrilənləri yumşaq yazı ilə “şillələmək” özü elə böyük bir günahdır, lap pis günah. Artıq son bir ayda neçə azyaşlı, məhz öz doğma ata-anasının səhlənkarlığı ucbatından bu işıqlı həyata vida etdi. Gül üzlü, günahsız mələklər bütün günü və gecəni sosial şəbəkələrdə eşələnən ata-analarının diqqətsizliyi ucbatından məzarlıq yolunu tutdular.

Valideyn olmaq, ata-ana şirinliyini dadmaq, Allahın insana gözəl hədiyyəsi sayılan övlad sahibi olmaq xalqımızın yaxın keçmişində böyük qiymət verdiyi mənəvi dəyərlərdən sayılırdı. “Yaxın keçmiş” ona görə deyirəm ki, bir çox minillik ənənələrimiz kimi, əsl valideyn olmaq, övladlarını göz bəbəyi kimi qorumaq, onları yaşadığın cəmiyyətə, nəslinə-kökünə layiq böyüdüb tərbiyələndirmək, layiqli insan kimi yetişdirmək ənənəsi də belə görünür ki, elə keçmişdə qalıb artıq. İndi məsuliyyətli, diqqət və nəzakətini övladının üstündən bir an da əsirgəməyən ata-ana tapmaq da elə qaranlıqda iynə axtarmaq kimi bir şeydir. Əlahəzrət həqiqət budur, vəssalam!

Heç kim etiraz etməsin, indi əksər valideynlər uşaqları taleyin ümidinə buraxıb, özləri də sosial şəbəkələrdə “külüng vururlar”. Bu sosial şəbəkə “heyranlığı” ucbatından itirilən təkcə övladlar olmur, həm də böyük bir xalqın gələcəyi itirilir göz görə-görə. Bir çoxu məsələnin bu tərəfinin fərqində deyil hələ ki. Amma nəzarətsiz, xaotik şəkildə hər gün boy atan belə nəsil, gec-tez böyük bəlaya çevriləcək cəmiyyət üçün. Xuliqanı, dinsiz-imansızı, “qoluboy” gədə-güdəsi, bakirəsiz qızları, ar-namusu ələ salan mənəviyyat yoxsulları yaxın beş-on ildə lap at çapacaq bu ölkədə. Demədi demə ha, necə ki, on-onbeş il əvvəl indiki naqislikləri ağlına belə gətirə bilmirdin, amma indi başına gəlir, eləcə də bu cür təhlükəli və bir xalqın sonunu gətirən zərərli insan toplumu sarmaşıq kimi cəmiyyəti başına götürüb gedəcək.

İstər ata olsun, istər ana, valideynlərin çoxu uşaqlarının gündəlik həyatından, kiminlə dostluq edib harda dolaşdıqlarından, hansı təsirlər altında böyüdüklərindən çox vaxt xəbərsiz olurlar. Nədən?- çünki... çünki valideynlərin özləri də səhər işə gedəndən başlayaraq, yol boyu, iş yerində və axşam evə dönəndə bütün günü artıq insan övladı üçün ölümcül bəlaya çevrilən mobil telefonlarda eşələnirlər. Hətta evə gəlib bir tikə çörək yeməmiş belə, yenə mobil telefonlara sarılır insanlar. Mobil telefon insanı ailəsindən, övladından didərgin salır sanki evində yaşaya-yaşaya.

Mobil telefonlar və sosial şəbəkələr indi narkotikadan daha dəhşətli ölüm saçır insan övladı üçün. Bu, elə bir asılılıqdır ki, artıq insan övladı üçün əsl faciə şəkli alıb. Diqqət edin: indi evlərdə bir-iki yaşlı uşağı mobil telefonla “sakitləşdirirlər”, 60-70 yaşlı ixtiyarlar “tik-tok”, vatçap-da ən son paylaşımları bir an da gözdən qaçırmırlar. Sanki “məmə yeyəndən-pəpə yeyənə kimi” hamı internet və mobil telefon əsirinə çevrilir. İllərdir ata-anasına sarılmayanlar, dərd-sərini ailədə bölüşməyənlər mobil telefonda “rahatlıq” tapır, dərdini ata-ana əvəzinə bu qurğularla bölüşürlər. Demək cəmiyyət bütövlükdə yeni texnologiyaların, mobil telefon və sosial şəbəkə hərsiliyinin qurbanına çevrilir getdikcə. Bunun müasirliklə, yeniliklərə “ac olmaqla” heç bir əlaqəsi belə yoxdur. Bunun bir adı var: MƏSULİYYƏTSİZLİK, vəssalam!
Öz övladının, ailəsinin taleyinə biganəçiliyinin heç bir haqq qazandıracaq tərəfi yoxdur. Azərbaycan cəmiyyəti hazırda bir yaşdan başlamış altmış-yetmiş yaşa qədər telefon və sosial şəbəkə asılılığının qurbanına çevrilib. Fakt budur, faciə burdadır.

Diqqət edin: Son bir neçə ay ərzində azyaşlı və yeniyetmə ölümləri pik həddə çatıb. Azyaşlıların valideyn ehtiyatsızlığından qəzalarda can verməsi, yeniyetmələrin isə yenə də valideyn məsuliyyətsizliyinə görə sosial şəbəkələrdə aldığı psixoloji zərbə üzündən məzara yollanması adi hal alıb artıq. Diqqət etdinizmi: Hər iki halda valideyn məsuliyyətsizliyi!

Kür qırağında atanın məsuliyyətsizliyi ucbatından üç azyaşlı uşaq çayda boğulub ölür, ananın başı telefona qarışdığı üçün yolda-izdə uşaq maşın altında qalıb elə körpəlikdəcə şikəst olur, ya da məzara yollanır, yenə valideyn nəzarətsizliyindən yeniyetmə uşaqlar məruz qaldıqları psixoloji təsir ucbatından çıxıb hündürmərtəbəli evdən özünü aşağı atır, ya da boğazına ip keçirib özünü asır. Artıq cəmiyyət əsl mənada fəlakətin bir addımlığında deyil, artıq fəlakətin lap dibindədir. Çarə nədir?-təkcə bir yol var: artıq valideyn kimi məsuliyyətini dərk etmək, elliklə bizi gözləyən faciəni dərk etmək və nəhayət ki... telefon “manyaklığına”, sosial şəbəkə “xəstəliyinə” son qoymaq. Bu, çətin deyil, həm də yeganə yoldur. Sabah artıq gec olacaq, necə ki, elə indinin özündə gecdir. Çünki sabah ellikcə başımızı tutunca, gəlin indidən özümüzü silkələyib özümüzə qayıdaq...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə