Ermənistanda seçkilər bitdi: nəticələrə gələk... KÖŞƏ YAZISI

Bir çoxlarını, əsasən də Ermənistanın xaricində yaşayanları bu ölkədə keçirilmiş növbədənkənar parlament və baş nazirlik seçkilərinin nəticələri təəccübləndirdi. Lakin bu seçkilərdə Paşinyanın qalibiyyəti mənim üçün də sürptiz olmadı. Belə ki, bu adam müharibədə uduzdu, kapitulyasiya aktını imzaladı, ancaq hakimiyyətini əlində saxlamağı bacardı! Hətta kapitulyasiya aktını imzaladığı andan etibarən minlərlə revanşçı insanların küçələrə tökülüşərək günlər boyu “Nikol xain!” bağırmaları belə, onun baş nazirlik kürsüsünü tərpədə, yerindən oynada bilmədi.

Onda belə bir sual yaranır ki, Paşinyan həqiqətənmi “dərin Ermənistanın” təhkim etdiyi namizədlərindən idi ki, çoxsaylı siyasi oyunbazlıqlardan yorulmuş, tükənmiş, nəticədə ölkələrindən didərgin düşərək demək olar ki, dünyanın bir çox nöqtələrində çörək dalınca qaçan, normal həyat axtaran ermənilərin dilindən danışır? Məsələn, daha çox Rusiyada məskunlaşan ermənilərin heç də hamısı zəngin deyil və onlar ya taksi sürür, ya da bazarlarda ticarətlə məşğuldurlar...

Paşinyana dəstək verənlər roboserjlərdən niyə imtina etdilər?

Yeri gəlmişkən, bu dəfə də bizlər bütöv bir Ermənistanın seçki kampaniyalarının şahidləri olmadıq – ortada bir-birini hər an didməyə, parçalamağa hazır olan iki klan var idi, biri İrəvan, digəri isə Qarabağ klanı. Və bu gün (elə əvvəllər də) Ermənistanda Qarabağ erməniləri heç də normal qəbul olunmurlar, onlara ikinci sort ermənilər kimi yanaşırlar. Ancaq gəlin görək, ikinci sort adlandırılan həmin ermənilər Ermənistanın başına hansı oyunları açmadı ki? Təbii ki, bunun da səbəbləri var, özü də çoxdur.

Misal üçün, hələ birinci Qarabağ müharibəsinin nəticələrinə görə ilk qazananlar, talançılıq edənlər, varidat yığanlar məhz qarabağlı ermənilərin “səhra komandirləri” oldular. Onlar nəinki Azərbaycan torpaqlarını işğal etdilər, həm də əllərinə düşən girəvələrini fövtə verməyərək bütün Ermənistanı işğalları altına aldılar. Yəni birinci Qarabağ müharibəsinin nəticəsi yalnız onlara sərf edirdi, təbii ki, bir də erməni diasporuna. Axı onların övladları Qarabağda başqalarının maraqlarına görə öldürülmürdülər. Fəqət hər şeyə rəğmən, “artsax” adına kifayət qədər vəsaitlər toplanırdı, özü də hər il! Və...

Paşinyana səs verən ermənilərin düşünə bildikləri, lakin səsləndirə bilmədikləri şey nədir?

Və sadə erməni xalqı görəndə ki, qarabağlılardan ibarət canilər, qatillər, qaniçənlər, quldurlar klanının mənsubları onların ölkələrini hansı vəziyyətə salıblar, bax onda ayılaraq dərk etdilər ki, məhz Paşinyana səs vermək lazımdır. Çünki adekvat ermənilər qonşu ölkələrlə normal ayaşamaq, əlaqələr qurmaq istəyindədirlər. Məhz adekvat ermənilər müharibənin nəticələrini anladılar və onu qəbul etdilər. Onlar uzun illər yatdıqları “fil yuxusundan” ayıldılar və başa düşdülər ki, mənasız, məntiqsiz münaqişə bilavasitə erməni dövlətçiliyinin sonunu sürətlə, dinamik şəkildə yaxınlaşdırır, məhvə doğru sürükləyir.

Hətta belə deyək, mən Paşinyanı dəstəkləyən ermənilərin roboserjlərin (Robert Koçaryanla Serj Sarqasyanın vəhdət abbreviaturası) yenidən iqtidarı ələ keçirmələrinə qarşı bu addıma getmələri iddialarını dəstəkləmirəm. Ümumiyyətlə!

Həmin ermənilər ona görə Nikol Paşinyana səs verdilər ki, bu şəxs onların yeni arzularını, həyata yeni baxış prizmalarını, düşüncələrini həyata keçirəcək adamdır. Özü də həmin düşüncələri indinin özündə Ermənistanda səsləndirmək mümkün deyil, hətta onu səsləndirənlər linçedilmə təhlükəsi ilə də qarşılaşa bilərlər. Fəqət, seçkilərin nəticələrinə görə həmin bu gizli düşüncələri yüzminlərlə ermənilər bölüşürlər. Bu düşüncə isə çox sadə və bəsitdir: Qarabağ Azərbaycandır!

Bütün xəbərlər Facebook səhifəmizdə