Ümidsiz müxalifət siyasi intihar astanasında

Son vaxtlar siyasi arenada diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, dağıdıcı müxalifət düşərgəsində müşahidə olunan kəskin böhran daha da dərinləşir. Səbəb də, uğursuz siyasi mübarizə də yanlışlıqlara və kobud səhvlərə yol vermələridir. Həm də milli və dövlətçilik maraqlarına qarşı çıxmaqla daha çox xarici fondların dəstəyinə ümid bəsləmələridir. Məhz bu kimi amillər onları xalqın gözündən salır, lazımsız topluma çevirir. Düzdür, bəzən müxaliflər hərəkətə gəlib, müxtəlif ermənipərəst dairələrin sifarişlərini həyata keçirməklə bu zəifliklərini gizlətməyə cəhdlər göstərirlər. Hətta AXCP, “Milli Şura” və Müsavat bir araya gəlmək kimi xülyalarla çıxış edirlər. Ancaq əminliklə deyə bilərik ki, dağıdıcı təfəkkürə malik olan ünsürlər indi də guya bir araya gəlməklə, nəyi isə həll etmək istəklərinin də, əslində, baş tutmayacağını da dərk edirlər. Yəni özləri də gözəl anlayırlar ki, birlik arzusu elə kağız üzərində qalacaq. Çünki müxalifət düşərgəsində eyni mövqeyə və fikrə malik iki partiya tapmaq mümkün deyil, bəzən hansısa ideya ətrafında bir masa arxasında əyləşib, dedi-qodudan ibarət söhbətlər edirlərsə, bu da sadəcə, görüntü xarakteri daşıyır. Bəzi xarici fondlara və daxili qüvvələrə bir araya gəlmək imkanına malik olduqlarını nümayiş etdirirlər. Nəticədə, xaricdən yeni gözqamaşdırıcı məbləğdə maliyyə yardımları almağa ümid bəsləyirlər. Fakt budur ki, hay-küyçü dağıdıcı müxalifət maliyyə dəstəyini xarici dövlətlərdən alırlar. Xarici qüvvələr hansı havanı çalsalar, onlar qol götürüb oynamağa məcburdurlar. Bu isə Azərbaycan dövləti və milli maraqlara qarşı deməkdir.

Yeni Müsavat-AXCP qarşıdurması yaranır

Əksər siyasi təhlilçilər o fikirdədirlər ki, müxalifətin qara günə qalmasında Müsavat partiyası ilə AXCP arasında qarşıdurmaların yaranması mühüm təsir edən amillərdəndir. İstər Ə.Kərimli, istərsə də A.Hacılı bir-birinə güzəştə getmək istəmirlər. Hər zaman ortaq mövqeyin olmamağına görə tərəflər bir-birlərini günahlandırırlar. Müsavat başqanının müavini Osman Kazımov özünün “Facebook” səhifəsində yazdığı statusuna iddia edib ki, müxalifətə ən böyük zərbəni AXCP və onun sədri Ə.Kərimli vurur: “Müxalifət liderlərinin Azərbaycanda yaranan vəziyyəti birgə müzakirə etməsi barədə xoş məramla, demokratik qüvvələrin, cəmiyyətin maraqları naminə təklif versə də, Ə.Kərimli bu təklifə qarşı çıxıb. Təəssüf ki, bir daha məlum oldu ki, Əli Kərimlini ümumi maraqlar deyil, AXCP və "Milli Şura"nın maraqları düşündürür”.

Məsələ burasındadır ki, Qarabağ zəfərindən sonra dağıdıcı müxalif ünsürlər əldə olunan parlaq qələbəyə kölgə salmağa, erməni təfəkkürünə və düşüncəsinə uyğun fikirlər söyləməyə başlayıblar.

Siyasi şərhçi Azər Həsrət SİA-ya açıqlamasında bildirib ki, uzun illər keçməsinə baxmayaraq, Ə.Kərimli siyasətçi kimi özünü yetişdirə bilməyib: “Bu adam faktiki olaraq siyasətçiyə çevrilə bilməyib. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində xalq hərəkatının işığında fürsətçilik edib bir qədər önə çıxmışdı və parlamentdə təmsil olunurdu. Amma normal sabit və sakit siyasət dönəmində bu şəxs özünü təsdiq edə bilmir. Onun dünənki aqressiyası da oradan qaynaqlanırdı. Düşünürəm ki, istənilən siyasətçi istənilən xoşagəlməz suala təmkinlə cavab verməyi bacarmalıdır. Amma bunu Əli Kərimli nümayiş etdirə bilmədi. Əlbəttə ki, bu cür yanaşma ilə Prezident İlham Əliyevin yanaşması, ümumilikdə Azərbaycan xalqının seçim etməsi hər halda mənə elə gəlir ki, siyasətlə məşğul olduğunu iddia edən bəzi müxaliflərə bir mesaj olmalıdır. Yəni onlar görməlidirlər ki, gerçəkdə xalq kimin arxasınca gedir və kimə daha çox güvənir”.

Bir sözlə, müxalifətin bundan sonra cəmiyyətdə özünə sosial dayaq qazanması mümkünsüzdür. Çünki tör-töküntülərdən ibarət olan müxalif qüvvələrə Ə.Kərimli, A.Hacılı və C.Həsənli kimi meydan dövrünün məxluqları rəhbərlik edirlər. Hansı ki, meydan dövründən 30 ildən də vaxt keçməsinə baxmayarq sözügedən şəxslər dəyişməyiblər. Yalnız dəyişən onların avtomobilləri və kostyumlarıdır. Daxili düşüncələri və qlobal dünyanın tələblərinə uyğun siyasi düzənin dəyişməməsi Ə.Kərimlini, A.Hacılını və C.Həsənlini tarixin arxivinə atmaqla onların siyasəti bazara çevirmələrinə son qoyacaq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə